Arvadını işlədiyi mağazanın qarşısında öldürən şəxs: “Bıçaq onun kürəyinə saplanmış vəziyyətdə qalmışdı”

Kriminal


Masallının Təzə Alvadı kəndində yerləşən mağazanın qarşısında 1975-ci il təvəllüdlü Sədaqət Səfərovanı qətlə yetirən həyat yoldaşı, 1964-cü il təvəllüdlü Gülağa Bəndəliyevin məhkəmə ifadəsi məlum olub.

Pravda.az xəbər verir ki, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimi Cəlil Nəbiyevin sədrliyi ilə keçirilən prosesdə o, elan olunmuş ittiham üzrə özünü təqsirli bilib.

Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı verdiyi ifadəsini təsdiq etməklə hazırkı ifadəsində göstərib ki, arvadı Sədaqətlə əvvəllər aralarında münasibətləri yaxşı olub, qadın “Səlim market” adlanan ərzaq dükanında satıcı kimi işləyib:

“Sonra Sədaqətin dükanda işləyən Cabbar və digər şəxslərlə sevgi münasibətləri olduğunu eşitdim. Onunla söhbət edərkən arvadım mənə reaksiya göstərməyib öz bildiyi kimi, hərəkətlər etdi. O, mənə qarşı hörmətsizlik etdiyindən aramızda tez-tez mübahisələr oldu. Dükan sahibi Akifin yanına gedərək Sədaqəti işdən çıxarmasını xahiş etdim, lakin o razı olmadı. Sədaqətin mənə soyuq münasibət göstərməsini xəyanət etməsi kimi düşündüm. Sonra onu öldürmək qərarına gəldim.

Gülağa Bəndəliyev deyib ki, hadisə günü – 2023-cü il mayın 7-də, səhər saat 7 radələrində evdə 100 qram spirtli içki qəbul edərək mətbəxdən bıçaq götürüb cibinə qoyub:

“Daha sonra Sədaqətin iş yerinə getdim. Onun piyada gəldiyindən və həmin vaxt ətrafda heç kimin olmamasından istifadə edərək qadına yaxınlaşdım. Sədaqət məni görüb qaçmaq istədi, lakin buna imkan verməyib onu arxadan tutaraq əlimdəki bıçaqla arvadıma kürəyindən bir neçə zərbə vurdum. Sədaqət qışqırıb müqavimət göstərmək istəyəndə yenidən bıçaqla onun bədəninin müxtəlif nahiyələrinə zərbələr endirdim. Sonda onu dükanın qabağında yerə yıxdım, dayanmadan arvadıma çoxsaylı zərbə vurdum. Sədaqət yerdə hərəkətsiz halda qalarkən kimsə məni arxadan qucaqlayıb kənara çəkdi. Həmin vaxt əlimdəki bıçaq Sədaqətin kürəyinə saplanmış vəziyyətdə qalmışdı. Arvadım mənə xəyanət etməklə el arasında rüsvay etdiyi üçün onu öldürdüm. Əməlimdən peşmanam”.

Məhkəmə iclasında zərərçəkmiş şəxsin hüquqi varisi ifadəsində bildirib ki, mərhum Sədaqət Səfərova onun bacısıdır, təxminən 9 il bundan əvvəl həmkəndlisi Gülağa Bəndəliyevlə ailə həyatı qurub, birgə nikahlarından uşaqları olmayıb:

“Onların arasında əvvəllər münasibətləri yaxşı olub, lakin Gülağanın spirtli içki qəbul edən zaman heç bir səbəb olmadan bacımı təhqir edib, incitdiyini və döydüyünü eşitdim. Hadisə günü Gülağanın Sədaqəti işlədiyi marketin qabağında bıçaqla çoxsaylı zərbə vuraraq onu xüsusi amansızlıqla öldürdüyünü eşidib, hadisə yerinə gəldim. Bacımın meyitini həmin yerdə gördüm. Sədaqət ərinə qarşı heç vaxt xəyanət etməyib, heç kimlə sevgi münasibəti olmayıb. Gülağa bacıma şər atmaqla cinayət məsuliyyətindən yaxa qurtarmaq istəyir”.

O, sonda təqsirləndirilən şəxslə barışmadığını, onu bağışlamadığını söyləyib və Gülağaya ağır cəza verilməsini məhkəmədən xahiş edib.

Qeyd edək ki, hər iki şəxs daha əvvəl ailəli olub və bu, onların ikinci evliliyi olub. Belə ki, yetkinlik yaşına çatmış 4 övladı olan Gülağa Bəndəliyevin həyat yoldaşı 3 il əvvəl vəfat edib. Bundan sonra o, həyat yoldaşından boşanan Sədaqət Səfərova ilə evlənib. Onların arasında rəsmi nikah bağlanmasa da, Gülağa Bəndəliyevin evində birgə ər-arvad kimi yaşamağa başlayıblar. 

Araşdırmalar zamanı məlum olub ki, Gülağa Bəndəliyevin son vaxtlar mütəmadi spirtli içki qəbul etməsi və digər səbəblərdən ailədə münasibətlər pisləşib, nəticədə Sədaqət Səfərova bir ay əvvəl onu tərk edib. Hadisə günü Gülağa Bəndəliyev səhər saatlarında təmizlik məqsədilə xadimə kimi işlədiyi mağazanın qapısını açarkən Sədaqət Səfərovaya hücum edib. 59 yaşlı kişi qadını bıçaqlayaraq qətlə yetirib. Daha sonra o, özünə də xəsarətlər yetirərək intihara cəhd edib.

Gülağa Bəndəliyev Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla adam öldürmə) maddəsi ilə təqsirləndirilib. Məhkəmənin hökmü ilə ona 18 il müddətinə həbs cəzası verilib.

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir