“BMT-nin Mərkəzi Asiya Ölkələrinin İqtisadiyyatları üçün Xüsusi Proqramının (SPECA) sammiti siyasi baxımdan həm də türk dövlətlərinin birliyini əks etdirən bir mesajdır”.
Bu fikirləri “Report” İnformasiya Agentliyinin direktoru Fuad Hüseynəliyev “Baku TV”nin efirində səsləndirib.
Onun sözlərinə görə, artıq SPECA sammiti daha da genişlənərək iqtisadi formatdan siyasi formata keçib:
“Sammitin Azərbaycanda keçirilməsi, ümumiyyətlə SPECA-nın əhəmiyyəti son dövrlərdə dünyada baş verən proseslərlə əlaqədar olaraq artıb. Biz xəritəyə baxsaq, görərik ki, SPECA ölkələri sırf Orta Dəhliz deyilən marşrutda yerləşirlər. Bakıya təşrif buyuran qonaqlar arasında Gürcüstan və Macarıstanın baş nazirlərinin də olması onu göstərir ki, sırf Orta Dəhliz çərçivəsində SPECA-nın yeni bir inkişaf perspektivi açılır. Sammit həftəsi ərzində olan çıxışlar, gələn qonaqların səsləndirdiyi fikirlər onu göstərir ki, artıq SPECA ölkələri Orta Dəhlizin əhəmiyyətini yaxşı başa düşərək bu dəhlizin daha da inkişaf etdirilməsi üzərində iş qurmaq istəyirlər”.
F.Hüseynəliyev bildirib ki, SPECA-nın əhəmiyyəti indiki zamanda daha çox artır:
“SPECA-ya daxil olan bir çox ölkələrin türk dövlətləri olduğunu nəzərə alaraq, hesab edirəm ki, bu, həm də siyasi baxımdan türk dövlətlərinin birliyini əks etdirən bir mesajdır. Ancaq yenə də nəzərə alaq ki, SPECA sırf iqtisadi birlik olduğu və iqtisadiyyata yönəldiyi üçün Orta Dəhlizin inkişafı bu ölkələrin iqtisadiyyatına və birliyinə daha çox töhfə verəcək”.
www.102info.az