Azərbaycanın Baş naziri Əli Əsədov noyabrın 24-də BMT-nin Avropa üzrə İqtisadi Komissiyasının (UNECE) icraçı katibi Tatyana Molçan ilə görüşüb.
Nazirlər Kabinetindən verilən məlumata görə, görüşdə Bakıda keçirilən BMT-nin Mərkəzi Asiya Ölkələrinin İqtisadiyyatları üçün Xüsusi Proqramı (SPECA) Həftəsinin əhəmiyyəti vurğulanıb, UNECE-nin icraçı katibinin SPECA çərçivəsində ilk dəfə Azərbaycanın sədrliyi dövründə təşkil edilən və proqramın 25-ci ildönümünə təsadüf edən Zirvə görüşündə iştirakı yüksək qiymətləndirilib.
Bildirilib ki, Azərbaycan SPECA üzv dövlətləri ilə müxtəlif sahələrdə həm ikitərəfli qaydada, həm də proqram çərçivəsində geniş əməkdaşlıq edir. Vurğulanıb ki, Azərbaycan SPECA ölkələri üçün Şərqlə Qərb arasında ticarət və tranzit qovşağı rolunu oynayır və regionun mövcud infrastrukturunun inteqrasiyası region ölkələrinin iqtisadiyyatlarının inkişafına və onların ərazisindən keçən beynəlxalq nəqliyyat dəhlizlərinin potensialının artırılmasına töhfə verəcək.
Azərbaycanın Bakı Beynəlxalq Dəniz Ticarət Limanı və Bakı-Tbilisi-Qars dəmir yolu kimi layihələrinin bu əməkdaşlıqda mühüm rol oynayacağı bildirilib.
Trans-Xəzər Nəqliyyat Dəhlizinin (Orta Dəhliz) SPECA-nın əhatə etdiyi coğrafi regiondan keçməsini nəzərə alaraq, bu dəhlizin səmərəliliyinin artırılması məqsədilə üzv ölkələr tərəfindən göstərilən birgə səylər yüksək qiymətləndirilib.
Bu baxımdan Zirvə görüşündə Orta Dəhliz boyu multimodal məlumat və sənəd mübadiləsinin rəqəmsallaşdırılması üzrə Yol Xəritəsinin qəbul edilməsinin əhəmiyyəti qeyd olunub.
Azərbaycanda son illərdə yol-nəqliyyat infrastrukturunun inkişafı istiqamətində görülən işlər barədə məlumat verilib. Ölkəmizin işğal altında olan ərazilərinin azad edilməsinin regional nəqliyyat və logistika marşrutlarının inkişafı və şaxələndirilməsi üçün yeni imkanlar yaratdığı bildirilib.
Azərbaycanın yaşıl transformasiya, bərpa olunan enerji mənbələrinin inkişafı, habelə iqlim dəyişmələri ilə mübarizə sahəsində gördüyü işlər diqqətə çatdırılıb.
SPECA kontekstində iqlim dəyişmələri ilə mübarizənin və yaşıl inkişafın prioritet məsələlər kimi daim gündəlikdə saxlanılmasının zəruriliyi vurğulanıb.
Azərbaycanda bu istiqamətdə mühüm işlərin görüldüyü bildirilərək ölkəmizin xarici investorlarla birlikdə günəş və külək enerjisinin istehsalı ilə bağlı layihələrin icrasına başladığı qeyd edilib. Bu yanaşmanın işğaldan azad edilmiş ərazilərdə aparılan bərpa işlərində də tətbiq olunduğu xüsusi qeyd edilib.
Azərbaycanın, eyni zamanda, digər tərəfdaşlar ilə Avropaya yaşıl enerji körpüsünü salmağa başladığı bildirildi.
Ətraf mühitin qorunması məsələlərinə toxunan Ə.Əsədov bölgədə transsərhəd təsirə səbəb ola biləcək fəaliyyətlərin, xüsusilə də sərhədyanı zonalarda mədən sənayesi ilə əlaqədar işlərin aparılmasının qəbuledilməz olduğunu bildirdi. Bu cür fəaliyyətlərin qarşısının alınması baxımından “Transsərhəd kontekstində ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında Konvensiya” – Espo Konvensiyasının əhəmiyyəti vurğulanıb.
www.RIA24.az