1990-cı illər ədəbiyyatında metakainat – “güzgü dünya”, virtual reallıq anlayışı meydana gəldi. Bunun məğzi Yerin, dünyanın virtual əkizinin, yəni rəqəmsal formasının yaradılması idi.
Bir vaxt fantastika saydıqlarımız illər keçdikcə reallaşır, yəni həmin “güzgü dünya”, demək olar ki, təşəkkül prosesindədir və artıq onun müəyyən təsirlərini hiss etməkdəyik. Məsələn, təzahürlərdən biri kimi, virtual maliyyə piramidaları qurulur, rəqəmsal dünyanın iştirakçısı olanlar da tora düşür və ziyan çəkirlər. Maraqlıdır, hələ rəqəmsallaşması bitməyən “dünya”da indidən belə ciddi problemlər yaşanır. Bizi daha nələr gözləyir metakainatda?
Suallarımızı innovasiyalar üzrə mütəxəssis, “ASAN xidmət”in Dövlət Xidmətlərinin dizaynı və innovasiyalar departamentinin rəhbəri Semral Əliyevə ünvanladıq. O, Oxu.Az-a müsahibəsində metakainatda nələrin olacağından, əkiz dünyamızın xüsusiyyətlərindən, müsbət və mənfi tərəflərindən danışdı. Müsahibəni təqdim edirik:
– Metakainat – uydurma dünya nədir? Niyə buna ehtiyac duyulub?
– Dünyanın rəqəmsal əkizi anlayışı ilk dəfə ABŞ-nin Milli Aeronavtika və Kosmos İdarəsi (NASA) tərəfindən işlənilib. Rəqəmsal əkiz bir modelləşmədir. Real dünyada mövcud olan xidmətlərin, proseslərin rəqəmsal şəkildə təzahürüdür. Simulyasiyalar etmək, gələcək və ya keçmişi proqnozlaşdırmaq üçün lazımdır. İndi metakainatda dünyanın əkizinin yaradılmasına başlanılıb. Yəni real dünyada hansı obyektlər varsa, hansı proseslər, xidmətlər varsa, insanların hansı məşğuliyyətləri varsa, bunların hamısının virtual dünyada da olması artıq zərurət halına çevrilib. İnsanlara aid olan məlumatlar müxtəlif informasiya sistemlərində cəmləşib. İnsanların bütün davranışları, duyğuları, emosiyaları, müxtəlif situasiyalara verdikləri reaksiyalar – bunların hamısı ilə bağlı məlumatlar artıq virtual mühitdə toplanılıb, yəni əkiz dünyada insanların da əkizi yaradılır.
– Rəqəmsal dünyanın müsbət tərəfləri nə olacaq?
– İnsanlar və ya şirkətlər real dünyada etdikləri səhvlərlə böyük zərərlər ala bilirlər. Amma virtual dünyada edəcəkləri işin modelini yaradıb, çox asanlıqla, zərər görmədən olacaqları proqnozlaşdıra bilərlər. Məsələn, hansısa şirkət yeni istehsalı həyata keçirmək istəyir, real dünyada real xərclər çəkməklə bu istehsalı həyata keçirib, onun gözlənilən və ya gözlənilməyən nəticələrini əldə edir. Virtual dünyada həmin istehsalın rəqəmsal əkizini yaradıb, proqnozlaşdıra bilər ki, ondan hansı faydaları əldə edə bilər. Tutaq ki, yeni bir avtomobil, tikinti obyekti hazırlanır, bunların hansısa təbii fəlakətlərə qarşı davamlılığını, insanlar tərəfindən bəyənilib-bəyənilməyəcəyini test edə bilər. Biri var, məhsulu istehsal edib, satışa buraxıb, istifadəçinin rəyini öyrənəsən, biri də var, daha az xərclə məhsulun rəqəmsal formasını hazırlayıb gəlir-çıxarını öyrənəsən.
– Semral bəy, üstünlüklərdən danışdıq. Bəs metakainatda insanlar hansı problemlərlə qarşılaşa bilərlər?
– Birincisi, bu gün üçün əlçatanlıq problemi var. Buraya informasiya-kommunikasiya texnologiyaları infrastrukturunun əlçatanlığı da daxildir. Metakainatda internetin sürəti, orada məlumatların real vaxt rejimində yüksək qrafik təsvirlərlə emal edilməsi əsas məsələlərdən biridir. Yəni görüntülər nə qədər reallığa yaxın olsa, maraq da daha çox olur. Bunu da təmin etmək üçün informasiya texnologiyaları üzrə infrastruktur çox yüksək səviyyədə olmalıdır. Həmçinin, metakainatdan səmərəli istifadə edə bilmək üçün virtual gözlüklər, əlcəklər, geyimlərin də əldə edilməsi bütün funksionallıqları qavramaq, insanlara hiss etdirmək baxımından əlçatan olmalıdır.
– Belə başa düşürük ki, bu saydığınız gözlüklər, əlcəklər və geyimlər olmadan insanlar metakainatda var ola bilmirlər. Bəs onlar niyə əlçatan deyil?
– Müvafiq avadanlıqların qiyməti keyfiyyət və funksiyalarına görə dəyişir. Bu gün çox ucuz qiymətə, hətta bir neçə dollara virtual eynəklər almaq olar. Siniflənmə virtual dünyada da olacaq. Kimin daha yaxşı virtual eynəyi, virtual avadanlıqları varsa, o, bu texnologiyanın özəlliklərindən daha çox faydalana biləcək. Hətta bəzi platformalar dəqiq qoyulmuş parametrlərə uyğun avadanlıqlar tələb edir. Bu yoxdursa, siz o platformadan istifadə edə bilmirsiniz. Bəli, bu texnologiyaların qiyməti kifayət qədər yüksəkdir. Hər kəs üçün əlçatan deyil. Bir virtual eynək 100 dollara alınırsa, deməli, onun bütün dünya əhalisi üçün əlçatan olduğunu deyə bilmərik.
– Belə anlaşılır ki, metakainat getdikcə həyatımızın bir parçasına çevriləcək. Bu avadanlıqların əlçatan olması necə təmin ediləcək?
– Hər hansı bir prosesin işləməsi üçün mütləqdir ki, orada insan olsun. Baxın, hansı sosial şəbəkələr davamlı şəkildə qala bilir? – Hansında ki daha çox insan var. Bu prosesin də işləməsi üçün insanların orada olmaları vacibdir. Bunun üçün də bu texnologiyaların qiyməti ucuzlaşacaq. Əgər belə olmasa, proses öz davamlılığını qoruyub-saxlaya bilməz.
– Bu, texnologiyalardan necə istifadə ediləcək?
– İnsanlar artıq öz avatarları ilə real həyatda olduğu kimi, virtual həyatda da geyimlərini meta ticarət nöqtələrindən ala biləcəklər. Hətta necə yaraşdığını, hansı ölçünün onlara uyğun olduğunu təyin edəcəklər. Eyni zamanda, ərzaq dükanlarından alış-veriş edə biləcəklər. Biz elə düşünməyək ki, hər şeyi metakainatda hərəkət etmədən edəcəyik. İnsanlar orada da filmə baxmaq, əylənmək, idman etmək istəyəcəklər. Bu zaman mütləq real insanda bir hərəkətlilik olmalıdır. Əllər işləməlidir – əlcəklərdən, jiletlərdən istifadə edəcəklər. Filmə baxanda da virtual dünyada otura biləcəyik, yanımızdakı ilə söhbət edə biləcəyik. Hətta yediyimiz yeməklərin qoxusunu, dadını növbəti inkişaf mərhələsində metaəlcəklərin vasitəsilə, bəlkə də, duya biləcəyik. Virtual texnologiyalar vasitəsilə yağışı, küləyi, bütünlükdə təbiət hadisələrini də hiss etmək mümkün olacaq.
– Metakainatda avatarların yaradılması ilə bağlı hansı boşluqlar var? Bildiyimizə görə, burada insanlar istədikləri avatarı seçə bilərlər.
– Real dünyada hər kəsin özünəməxsus görünüşü var. Virtual dünyada isə insanlar rahatlıqla başqa görünüşdə ola bilirlər. Çox rahatlıqla, heç bir xərc çəkmədən özlərini təmsil edən yeni simalar, yeni avatarlar yarada bilərlər. Bunun da necə görünməsi insanların öz fantaziyalarından asılıdır. Real dünyada bizdən, sadəcə, şəxsiyyət vəsiqəsi tələb olunursa, virtual dünyada bununla yanaşı, fiziki mövcudluğu təsdiqləyən sənəd də lazım olacaq. Yəni insanın avatarı ilə birlikdə özünün də virtual şəkildə görünməsi tələb oluna bilər. Bunların hamısı, təbii ki, tənzimlənəcək. Necə ki real dünyada bütün proseslər, hadisələr, insanların fəaliyyəti, icazələr və qadağalar qanunvericiliklə tənzimlənib, eyni qaydada virtual dünyada da müəyyən tənzimləyici sənədlər olmalıdır. Məsələn, bir şəxs, sadəcə, bir, yaxud məhdud sayda avatara sahib ola bilər. O avatarların da hamısı platformalarda qeydiyyatdan keçməlidir. Bir insana məxsus olan avatarlar bütün platformalarda eyni olmalıdır. Bax bu kimi çərçivələr olacaq. Çünki bunlar olmasa, proseslərin tənzimlənməsi çətin olar.
– Tənzimlənmələr olmasa, virtual dünyada nələr baş verər?
– Tənzimlənmələr olmasa, təbii ki, burada etik münasibətlər pozulacaq. Sual yaranacaq ki, insanın avatarının etdiklərinə görə məsuliyyəti kim daşıyacaq? Bu problem öz həllini tapmalıdır.
– O zaman metakainatda da dələduzluq mümkündür.
– Əlbəttə. Məsələn, virtual oyunlarda. Bunların yaradılmasında məqsəd pul qazanmaqdır. Elə metakainat platformalarından ən keyfiyyətli formada istifadə edənlər də oyun şirkətləridir. Bu yaxınlarda xeyli insanı aldadan “PeaceFarm” yadınızdadır, yəqin. Belə platformanı yaradan şəxs tərəfindən insanlara yanlış informasiya verilir, şişirdilmiş mükafatlar vəd edilir. Oyunun davamında isə istifadəçilər oyuna yatırdıqları pulları itirməklə üz-üzə qalırlar.
Belə bir yanaşma var ki, əgər oyun sənayesinə, oyuna yatırılan pul, sadəcə, oyun daxilində olan hansısa bir funksionallığın və yaxud da oyun daxilində əşyaların alınmasına yönəlirsə, oyun davamlı ola bilər. Burada aldadılma halları ola bilməz. “PeaceFarm” kimi oyunlarda isə iqtisadi model düzgün qurulmayıb. Oyunun yaradıcıları məqsədli şəkildə istifadəçilərə şişirdilmiş vədlər verirlər. Bu zaman da şişmə effekti yaranır. İstifadəçi kütləsi, onların aldıqları virtual məhsul və xidmətlər qarşılığında vəd olunanlar həddən artıq çox olur. Və beləliklə hansısa bir məqamda oyun sahibləri oyunu bağlayırlar. İstifadəçilər bilməlidirlər ki, əgər heç bir istehsal olmadan, əlavə biznes layihəsi olmadan, onların oyuna qoyduqları vəsaitdən daha çox mükafat vəd olunursa, deməli, burada aldadılma riskləri çoxdur.
– Rəqəmsal əkiz modeli başqa hansı sahələrdə özünü göstərəcək?
– Rəqəmsal dünyada məlumat axını dayanmamalıdır. Real dünyadan alınan məlumatlar, datalar çox sürətli və dəqiq yerləşdirilməlidir ki, proqnozlar düzgün olsun. Hətta “insanın özü olmadıqda o necə qərar verərdi” kimi yanaşmalar var. Məsələn – “bu gün hansısa bir fiziki hadisəyə Albert Eynşteyn sağ olsaydı, necə reaksiya verərdi”. Və yaxud da “Şekspir hansısa bir əsərə necə fikir bildirərdi”. Bunların hamısını onların rəqəmsal əkizini yaratmaqla bilmək olur. Bu zaman onların avatarlarına davranışlarını, istifadə etdikləri sözləri, duyğularını, emosiyalarını o dahilərin özləri olmadan da yansıtmaq olacaq.
– Bu o deməkdir ki, onlar kimi kəşflər edib, əsərlər də yazmaq olar?
– Texnologiya tam inkişaf səviyyəsinə çatdıqda, yəni yaxın gələcəkdə məşhur yarımçıq qalmış əsərlər var ki, onların süni intellekt həlləri vasitəsilə tamamlanması baş verə bilər. Süni intellekt dahilər kimi düşünməyi öyrənə bilər – məsələn, Nəsimi, Füzuli kimi düşünməyi, yaxud Mosartın “Rekviyem”i yarımçıq qalıb, onu necə tamamlayardı Mosart? Bax, bu cür rəqəmsal əkizlər və süni intellekt həlləri ilə dünyada yarımçıq qalmış incəsənət nümunələri də tamamlana, elmi kəşflərə də yol açıla bilər.
– Bu yeni texnologiyanın dünya üçün əhəmiyyəti nədir?
– Baş verə biləcək təbii fəlakətlərin zərər dərəcəsini əvvəlcədən proqnozlaşdırmaq. Böyük şəhərlərin, təbii fəlakətlərin risk dərəcəsi daha böyük olan, daşqınların, sel sularının, sunamilərin olduğu ərazilərin rəqəmsal əkizi yaradılır. Məqsəd hansısa bir təbii fəlakət olduqda, zəlzələ baş verdikdə onların vura biləcəyi zərərləri hesablamaqdır. Eyni zamanda, istehsalatda, oyun sənayesində və tibdə, ən önəmlisi isə təhsil sistemində rəqəmsal əkizlərin modellərindən istifadə edilir. Siz evdə oturursunuz, avatarınız dərslərdə iştirak edir. Şəxsiyyət vəsiqənizin vaxtı bitəndə, sizin yerinizə avatarınız müraciət edəcək.
– Metatexnologiya ilə bağlı gündəmdə olan proqnozlar nələrdir?
– Bir neçə il öncə metakainatla bağlı dünyada bum yaşandı. O, böyük təşviqat, piar vasitəsilə meydana çıxdı. Hazırda şirkətlər bu texnologiyanın daha da inkişaf etdirilməsi, oraya insanların cəlb edilməsi, yeni funksionallıqların əlavə edilməsi üzərində işləyirlər. Düşünürəm ki, növbəti 5-10 ilin texnologiyası məhz bu virtual reallıq texnologiyaları olacaq. Makkenzinin proqnozlarını demək istəyirəm: 2030-cu ilə qədər virtual dünya texnologiyaların ümumi bazar həcmi beş trilyon dollar olacaq. Halbuki bugünkü startap bazarının həcmi üç trilyon dollardır. Bu o deməkdir ki, növbəti altı-yeddi il ərzində metakainatın bazardakı həcminin indikindən daha çox olacaq.
– Metatexnologiyalar hazırda ən çox hansı ölkələrdə daha çox inkişaf edir?
– Son illər ərzində bu cür texnologiyalarının populyar olduğu ölkələrə Türkiyə, Çin, Cənubi Koreyanı misal göstərə bilərik. Cənubi Koreyada artıq “Metakainat İttifaqı” da yaradılıb. O, bir növ real dünyadakı Birləşmiş Millətlər Təşkilatı kimi bir qurumdur. Yəni metakainatda metaölkələri birləşdirən qurumdur. Həm də Cənubi Koreyada ilk dəfə olaraq bir şəhərin tam əkizinin yaradılması üzrə bir layihə var. Proqnozlara görə, Seul bu istiqamətdə ilk şəhər olacaq ki, tamamilə rəqəmsal əkizi yaradılacaq. Daha sonra bir çox şəhərlər, ölkələr də buna qoşulacaq. Və dünyanın rəqəmsallaşması başa çatacaq.
Avropa İttifaqına daxil olan ölkələrin, ümumiyyətlə Avropa qitəsinin tamamilə rəqəmsal formasının yaradılması ilə bağlı da layihə var. Buna görə Avropa Komissiyasından büdcə də ayrılıb. Hətta elə platformalar var ki, dünyanın xəritəsi üzərindən rəqəmsal əkizini yaradıb, orada müxtəlif virtual torpaq alqı-satqısını həyata keçirirlər. Biz bu platformalara baxdıqda hətta fərd olaraq da istənilən ölkədə virtual torpaqlar alıb, orada öz loqomuzu yerləşdirə bilərik.
– Bununla Azərbaycanda vəziyyət necədir? Təhlil edə bilərsiniz?
– Azərbaycanda da bütün dünyada olduğu kimi, metakainat bumu yaşandı. Artıq startaplar, təşkilatlar metakainat üzərindən öz xidmətlərini təklif etməyə başladılar. Bizdə, məsələn, “Metates” adlı bir startap var. Dünyada olan istənilən şəxsə təlim funksionallığı vəd edir ki, insanlar təlimi metakainatda ala bilsinlər. Eyni zamanda, oyun sənayesində metastudiyalar yaranıb. Artıq oyun sahəsində də azərbaycanlılar bu texnologiyalardan istifadə edə bilirlər. Eyni zamanda, müxtəlif dövlət qurumları, həmçinin “ASAN xidmət” özü də virtual texnologiyalardan istifadə edir. Çünki biz bilirik ki, növbəti bir dövr üçün bu, vazkeçilməz bir texnologiya olacaq.
– Azərbaycan ərazisi metadünyanın xəritəsində yer alıb?
– Bəli, hətta onu deyim ki, artıq Azərbaycan ərazisində yer qalmayıb. Özü də alanların çoxu xaricilərdir. Bizdən də digər dünya ölkələrindən ərazilər alan şəxslər var. Onların bəziləri bundan istifadə edir, bəziləri isə zamanını gözləyir. Bir maraqlı məqamı da vurğulayım ki, insanlardan biri metadünyada aldığı ərazini qəbiristanlığa çevirib. Bu da o deməkdir ki, real dünyada olduğu kimi, metadünyada da avatarlarımız öləcək, orada da savaşlar olacaq. Və insanlar həmin qəbiristanlıqdan yerlər alacaqlar. Bu da kommersiya məqsədi daşıyır.
– Metakainatda savaşlar?
– Bəli, metadünyanın real həyatda olan ölkələr kimi sərhədləri olmayacaq. Siz dünyanın istənilən ölkəsindən istənilən ərazini ala bilərsiniz. Savaşlar da hazırda olan kiberhücumlar kimi olacaq. Başqalarına məxsus əraziləri əldə etməyə çalışanlar ola bilər. Bir də onu deyim ki, metakainata keçiddə ən çox banklar yox ola bilər. Çünki daha çox virtual pullardan istifadə ediləcəyi üçün real həyatda bankların varlığına o qədər də ehtiyac olmaya bilər.
Daha çox şəkil burada: PhotoStock.az
Aytəkin Cəlali
www.102info.az