Müasir İraqın cənubunda yerləşən qədim Girsu şəhərində şumerlər 4 min il əvvəl quraqlıqdan xilas olmaq üçün su kanalı üzərində qurğu düzəldiblər.
Girsu sakinləri Dəclə və Fərat çaylarının suyunu kənd təsərrüfatı sahələrini sulayan kanallara çatdıran mütərəqqi suvarma üsulundan istifadə ediblər. Lakin şiddətli quraqlıq dövrü onların həyatını riskə atıb və qədim şumerlər mühəndisliyin köməyi ilə özlərini xilas etməyə çalışıblar.
Britaniya Muzeyinin alimləri dronlar vasitəsilə Nəsr kəndinə baxış keçirib və 19 kilometr uzunluqdakı kanalda quraqlığa qarşı qədim qurğu aşkar ediblər. Həmin qurğu su hövzəsinin üzərindən keçdiyi üçün dünyanın ən qədim körpüsü olduğu da iddia edilir.
Qurğu kənd təsərrüfatı üçün ucqar yerlərə su çatdırmaq üçün istifadə edilən novdan ibarətdir. Onun Girsuda yaşayan, şəhərlərini quraqlıqdan xilas etməyə çalışan son nəsillər tərəfindən tikilmiş olduğu ehtimal edilir. Burada aşkar edilmiş daş lövhələr su böhranı və son xilas cəhdindən bəhs edir.
Maraqlıdır ki, qədim şumerlər yəqin ki, Venturi effektindən – təzyiqin azalmasından və dar borudan keçən suyun sürətinin artmasından istifadə ediblər. Əvvəllər bu effektin yalnız 18-ci əsrdə texnologiyada istifadə olunmağa başlanıldığı hesab olunurdu.
Mənbə: Arkeonews
www.RIA24.az