İkinci Qarabağ müharibəsində bizim planlarımız tam yerinə yetirildi və onu da deməliyəm ki, mən bir neçə dəfə bu məsələyə toxunmuşam, bir də demək istəyirəm. Çünki müharibə dövründə apardığımız əməliyyatların hamısı haqqında danışmaq hələ tezdir. Ancaq ən vacib göstərişlərimdən biri də o idi ki, əməliyyatlar planlaşdırılarkən və həyata keçirilərkən biz qarşımıza qoyduğumuz hədəfə minimum itkilərlə çataq. Hesab edirəm ki, buna nail olmuşuq.
Bu sözləri Prezident İlham Əliyev Xocasən qəsəbəsində şəhid ailələri və müharibə əlillərinə mənzillərin və avtomobillərin təqdim edilməsi mərasimindəki çıxışında deyib.
“Bəli, biz üç minə yaxın şəhid vermişik. Onların hər birinin həyatı çox qiymətlidir. Ancaq onu da bilməliyik ki, apardığımız müharibədə itkilərimiz daha da çox ola bilərdi. Çünki, birincisi əks-hücum əməliyyatı keçirən tərəf adətən, bir qayda olaraq, daha çox itki verir – müdafiə olunan tərəfdən ən yaxşı halda üç-dörd dəfə çox. Bunu hərbçilər daha yaxşı bilirlər. Digər tərəfdən, azad edilmiş torpaqların relyefi bizim üçün çox əlverişsiz idi. Qarşı tərəf üçün əlverişli idi. Onlar bütün strateji yüksəkliklərə sahib idilər. Əlbəttə ki, 30 il ərzində onların qurduqları istehkamlar, 6 müdafiə xətti və mühəndislik işləri onlara böyük üstünlük verirdi. Onlar hesab edirdilər ki, bu müdafiə xəttini, bu istehkamları, bu dağları biz heç vaxt keçə bilmərik. Amma onlar yanıldılar, böyük yanlışlığa, səhvə yol verdilər. Onlar bilmirdilər ki, Azərbaycan xalqı bu 30 il ərzində bir amalla yaşayır: nəyin bahasına olursa-olsun, torpaqlarımızı işğalçılardan azad edək. Biz bu amalla yaşamışıq. Bizi qələbəyə aparan təkcə hərbçilərimizin peşəkarlığı, qəhrəmanlığı, hərbi texnikamız yox, bizi qələbəyə aparan Vətən sevgisi idi. Ən başlıca faktor, ən başlıca amil Vətən sevgisi idi.
Biz düşməni torpaqlarımızdan qovduq, ərazi bütövlüyümüzü bərpa etdik. Ona görə 3 minə yaxın şəhidimizin həyatdan getməsi, əlbəttə, böyük faciədir. Ancaq Ermənistan bu günə qədər öz itkiləri haqqında məlumat vermir. Bizdə olan və bilirəm ki, müstəqil ekspertlərdə olan məlumatlara əsasən, onların itkiləri ən azı 7-8 mindir. Bunu həm əməliyyatların gedişatı göstərir, eyni zamanda, bizim videotəqdimatlarımız göstərir, ermənilərin məhv edilmiş, qənimət kimi götürülmüş hərbi texnikası göstərir. Biz 336 düşmən tankını ya məhv etmişik, ya da qənimət kimi götürmüşük. İndi saysınlar, hesablasınlar, bir tankda neçə nəfər oturur. Biz yüzlərlə zirehli texnikanı, yüzlərlə hava hücumuna qarşı müdafiə sistemlərini məhv etmişik. Böyük sayda artilleriya qurğularını məhv etmişik. Hər bir artilleriya qurğusu yanında ən azı 3-4 nəfər olur. Əgər təkcə bunları hesablasaq, real mənzərə üzə çıxır. Ona görə hesab edək ki, onların itkisi 7-8 mindən də çoxdur. Bu, nəyi göstərir? Bizim hərbçilərimizin qəhrəmanlığını, peşəkarlığını göstərir. Planlaşdırılan əməliyyatların düzgünlüyünü göstərir”, – deyə dövlət başçısı qeyd edib.