“Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) keçmiş sədri Arif Alışanova qarşı dələduzluqda və onu öldürməyə cəhddə ittiham eidlən şəxslərin cinayət işi ilə bağlı Ali Məhkəməyə müraciət edilib.
“Qaynarinfo” xəbər verir ki, iş hakim Nazim Mövsümovun icraatındadır.
İttiham aktına əsasən, 2013-2017-ci illər ərzində “Azərbaycan Dövlət Televiziya və Radio verilişləri” QSC-nın sədri Arif Alışanovun Bakı şəhəri və Şamaxı rayonunda yerləşən əmlaklarını ələ keçirmək üçün Şücaət Əkbərov Musabi Namazov, Qoçəli Cəbiyev və Zöhrab Şirinovla birlikdə mütəşəkkil dəstə yaradıb.
Şücaət Əkbərov dələduzluq yolu ilə Arif Alışanova məxsus 4 milyon 600 min manat pulunu ələ keçirib. 2016-cı il dekabrın 13-də Arif Alışanovun Şamaxı rayonunun Mədrəsə qəsəbəsindəki evinə gələcəyini qabaqcadan bilən Əkbərov Arif Alışanovu, onun qızı Nigarı və sürücüsü Hacı Babayevi öldürməsini Qoçəli Cəbiyevlə Musabi Namazova tapşırıb.
Buna görə onlara 600 000 manat pul vəd edib. Lakin sonradan Namazov həmin cinayəti icra etməkdən imtina edib. Buna görə Cəbiyev 100 000 manata bu işə keçmiş məhkum Zöhrab Şirinovu cəlb edib.
Nəzərdə tutulan gün Arif Alışanov 99-AA-400 dövlət nömrə nişanlı “Toyota Land Cruiser” markalı avtomaşında Çuxuryurd-Şamaxı şosesində hərəkətdə olarkən dəstə üzvləri “Niva” markalı avtomobillə onu hündürlükdən dərəyə salmağa cəhd ediblər. Lakin istəkləri baş tutmayıb.
Bundan əsəbiləşən Şücaət Əkbərovun növbəti planı Alışanovu güllələmək olub. Bu işin görülməsinə öz sürücüsü Aqşin Hüseynovu, həmçinin dəstə üzvləri Qoçəli Cəbiyev, Musabi Namazov və Zöhrab Şirinovu cəlb edib. Alışanov Şamaxı rayonunun Mədrəsə qəsəbəsində yerləşən su hovuzuna baxmağa gedərkən onu öldürməyi planlaşdırıblar.
Lakin fikrini dəyişən Namazov sui-qəsd planı barədə polisə məlumat verib və nəticədə əməliyyat yolu ilə Şücaət Əkbərov, Qoçəli Cəbiyev, Aqşin Hüseynov və Zöhrab Şirinov saxlanılıblar. Məhkəmənin qərarı ilə istintaqın gedişatında Musabi Namazov polisin nəzarətinə verilməklə azadlıqda qalıb, digərləri barəsində həbs-qətimkan tədbiri verilib.
Cinayət işinin məhkəmə istintaqı Bakı Ağır Cinayətlər Məhkəməsində aparılıb. Məhkəmənin hökmü ilə Şücaət Əkbərov 18 il, Zöhrab Şirinov və Qoçəli Cəbiyev 16 il, Aqşin Hüseynov 1 il 4 ay müddətinə azadlıqdan məhrumetmə cəzalarına məhkum olunublar.
Qoçəli Cəbiyev 2020-ci ilin aprelində cəzaçəkmə müəssisəsində dünyasını dəyişib.
Cinayət işi üzrə Arif Alışanovla yanaşı, qızı Nigar Alışanova da zərərçəkmiş qismində tanınıb.
www.102info.az