Bəzi ölkələr öz gücündən və nüfuzundan istifadə edərək “vaksin millətçiliyi” prinsipini tətbiq edir və bu da peyvəndin ədalətsiz bölgüsünə gətirib çıxarır.
Azərbaycan Prezidenti İlham Əliyev isə koronavirus pandemiyasına qarşı beynəlxalq səyləri birləşdirməyə və vaksin bölgüsünün ədalətli olmasına çağırışlar edir.
İlham Əliyev iyulun 13-də Qoşulmama Hərəkatının Xarici işlər nazirlərinin aralıq konfransında çıxış edərkən “peyvənd millətçiliyinin” narahatlıq doğurduğunu bildirib.
“Bu günədək dünyada mövcud olan peyvəndlərin 82 faizdən çoxu zəngin dövlətlər tərəfindən alınıb, azgəlirli ölkələrin payına düşən peyvənd həcmi isə yalnız 0,9 faiz təşkil edir.
Belə münasibət inkişaf etməkdə olan, xüsusilə də az inkişaf etmiş ölkələrin öz əhalisini qorumaq imkanına mane olur”, – deyə Prezident qeyd edib.
Bu məsələyə münasibətdə Azərbaycan BMT-nin İnsan Hüquqları Şurasında Qoşulmama Hərəkatı adından bütün ölkələrin peyvəndlərə bərabər və universal çıxışının təmin edilməsinə dair qətnamə irəli sürüb.
İlham Əliyev deyib ki, həmin qətnamə cari ilin mart ayında yekdilliklə qəbul edilib:
“Bununla yanaşı, biz hər fürsətdə, inkişaf etmiş ölkələri və beynəlxalq donor təşkilatlarını inkişaf etməkdə olan, xüsusilə də az inkişaf etmiş ölkələrə pandemiya ilə mübarizə sahəsində yardım etməyə çağırırıq”.
İlham Əliyevin humanitar prinsiplərdən çıxış edərək ədalətsiz bölgüyə qarşı sərt mövqeyi qlobal aləmdə rəğbətlə qarşılanır və Qoşulmama Hərəkatının beynəlxalq müstəvidə daha da güclənməsinə töhfə verir.
Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyinin daha bir il müddətə – 2023-cü ilə qədər uzadılması (2019-cu ilin oktyabrından sədrdir) Bakının qlobal çağırışlara münasibətdə daha aktiv rol oynayacağına gətirib çıxaracaq.
Azərbaycan artıq Özbəkistana 50 min doza yeni növ koronavirus infeksiyasına qarşı peyvənd göndərib.
Bu barədə UNİCEF-in Özbəkistan nümayəndəliyi məlumat yayıb.
UNİCEF hesab edir ki, ölkələrin sürətli və bərabər şəkildə vaksinlər əldə etmək imkanı təmin olunmadan, dünya COVİD-19 virusunun öldürücü mutasiya risklərinə məruz qalmaqda davam edəcək.
Bakının humanitar yardım missiyası çərçivəsində Qırğızıstana da 40 min doza “AstraZeneca” vaksini göndərəcəyi gözlənilir.
Aqşin Kərimov