Azərbaycan Minatəmizləmə Agentliyinin İdarə Heyətinin sədri Vüqar Süleymanov minaların təmizlənməsi ilə bağlı son vəziyyəti açıqlayıb.
“Report” xəbər verir ki, o, Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin təşkilatçılığı ilə “Dayanıqlı inkişaf məqsədlərinə nail olmaq üçün sağlam ətraf mühit və minasız həyat” adlı Beynəlxalq Bakı Forumda çıxışında bildirib ki, Azərbaycan ərazilərinin mina və partlayıcı sursatlarla çirklənmə səviyyəsinə görə dünya ölkələri arasında ilk sıralarda yer alır.
“Minalar və müharibənin partlayıcı qalıqları insanların həyatına, sağlamlığına birbaşa təhlükə yaratmaqla yanaşı, həm də ətraf mühitə, ekosistemə böyük zərər vurur. İlkin hesablamalara görə, Azərbaycanın işğaldan azad edilmiş ərazilərində 1,5 milyona yaxın mina yerləşdirilib və doqquz min kvadratkilometrə yaxın ərazi minalarla çirklənib”, – V.Süleymanov deyib.
Onun sözlərinə görə, 2020-ci ilin noyabr ayından bu günə qədər aparılan minatəmizləmə əməliyyatları nəticəsində ümumilikdə 114 400,9 hektar ərazi minalardan və müharibənin partlayıcı qalıqlarından təmizlənib.
“Ümumilikdə 110 347 mina və müharibənin digər partlayıcı qalıqları, o cümlədən 30 795 piyada əleyhinə mina, 18 582 tank əleyhinə mina və 60 970 partlamamış hərbi sursat aşkar edilərək zərərsizləşdirilib”, – ANAMA rəhbəri bildirib.
O qeyd edib ki, minalarla çirklənmiş ərazilərin yalnız insanların həyatına deyil, eləcə də onların sağlamlığına, həyata keçirilən bərpa-quruculuq işlərinə və ətraf mühitə də təhlükə törətməsi dərin təəssüf hissi yaradır.
“Minaların insanların həyatı və sağlamlığına yaratdığı real təhlükəni gündəlik fəaliyyətimizdə də hiss etməkdəyik. Ümumilikdə 10 noyabr 2020-ci il tarixindən bu günə kimi 338 nəfər mina və müharibənin digər partlayıcı qalıqlarının qurbanı olub, onlardan 65 nəfər həyatını itirib, 273 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb”, – V.Süleymanov bildirib.
ANAMA rəhbəri vurğulayıb ki, Azərbaycanın üzləşdiyi bu təhlükənin dünya ictimaiyyətinin diqqətinə çatdırılmasında dövlət və vətəndaş cəmiyyəti qurumlarının birgə fəaliyyəti olduqca vacibdir.
“Qeyri-hökumət təşkilatlarının həm minatəmizləmədə, həm maarifləndirmə tədbirlərinin həyata keçirilməsində, həm də minadan zərər çəkənlərin sosial-humanitar proqramlara cəlb edilməsi istiqamətində fəaliyyətini təqdirəlayiq hesab edirik. Qeyri-hökumət təşkilatlarının mina təhlükəsi ilə mübarizə istiqamətində beynəlxalq seqmentdə yayımladığı bəyanatlar, çoxsaylı çağırışlar, bu istiqamətdə layihələrin icrası olduqca önəmlidir”.
www.102info.az