“Təklif alan kimi, ssenarini oxudum və çox bəyəndim”.
Bu sözləri Oxu.Az-a açıqlamasında Türkiyənin “Çingene kız” filmində rol alan azərbaycanlı aktrisa Aysel Nazim deyib.
O, filmdə canlandırdığı obraz haqqında danışıb:
“Təklifi alan zaman dərhal ssenarisini oxudum. Canlandıracağım rolun xarakterini çox bəyəndim. Filmdə “Zeugma” mozaik muzeyinin müdiri istanbullu Esra rolu almışam. Baş rolu İnan Ulaş Tor ilə bölüşmüşəm. O, filmdə Zeki rolunu oynayır. Zeki muzeydə mühafizəçidir. Zekinin Esraya qarşı platonik sevgisi var. Filmdə Amerikadan gətirilən, dünyaca məşhur “Çingene kız” mozaikası ilə bağlı yaşanan hadisələr canlandırılıb. Zeki Esranın sevgisini qazanmaq üçün qəhrəmanlıq edir.
Baş rolu paylaşdığım İnan Ulaş ilə gözəl ikili olduq. Komediya filmi olduğu üçün çox əylənirdik”.
A.Nazim filmdə aktyor heyətinin məşhur şəxslərdən ibarət olduğunu dilə gətirib:
“Ailə komediyasıdır. Bütün çəkilişlər Qaziantepdə baş tutub. Son bir neçə çəkiliş İstanbulda oldu. Filmin rejissoru Kamil Çetindir. O bu günə qədər məşhur filmlərin rejissorluğunu edib.
Filmdə “Kurtlar Vadisi”nin məşhur aktyoru Orhan Aydın da var. Mafiya üzvünün rolunu canlandırır. Türkiyənin sevilən aktyorları Zeynep Gülmez, Deniz Oral, Serkan Şengül filmdə rol alıblar. Türkiyənin aktyorları ilə yanaşı, Hollivud aktyoru Nikolas Feysi də filmdə rol alıb. Sırf bu film üçün çəkilişlərdə iştirak etdi. Onunla çox maraqlı anlar yaşadıq”.
Aysel Nazim sonda qeyd edib ki, filmdə başqa azərbaycanlı aktyor yoxdur:
“Bu filmdə azərbaycanlı aktrisa olaraq yalnız mən iştirak edirəm. Başqa bir azərbaycanlı yoxdur. Film aprel ayında ekranlara çıxacaq”.
Nəzrin Vahid
www.RIA24.az