Dekabrın 8-də Bakıda ilk dəfə olaraq idman sahəsində ən gözlənilən hadisələrdən biri – Beynəlxalq Avtomobil Federasiyası (FIA) Mükafatlandırma mərasimi – “FIA Prize-Giving Ceremony” keçirilib.
Hər ilin sonunda fərqli ölkələrdə baş tutan bu mərasimin Bakı təqdimatı digərlərindən möhtəşəmliyi ilə fərqlənərək, tamaşaçılara unudulmaz anlar bəxş edib.
Bakı Konqres Mərkəzində təşkil edilən Mükafatlandırma mərasiminə dəvət olunanlar foyedə FIA-nın yarışlarında qalib gələn avtomobillərin sərgisi ilə tanış olublar. Burada 2023-cü ildə “Formula-1”, Dünya Ralli Çempionatı (World Rally Championship), Dünya Ralli-Raid Çempionatı (World Rally-Raid Championship (W2RC), FIA Dünya Dözümlülük Çempionatı (FIA World Endurance Championship), “Formula-E”, Dünya Rallikross Çempionatında (World Rallycross Championship) qalib pilotların idarə etdikləri avtomobillər nümayiş etdirilib.
Azərbaycan Avtomobil Federasiyasının baş tərəfdaşlığı ilə keçən “Prize-Giving” mərasimi qeyri-adi səhnə təqdimatı ilə yadda qalıb. Bunun üçün mərasimin təşkil edildiyi Bakı Konqres Mərkəzinin ən böyük zalı xüsusi seçilmiş dizayn, işıq və konstruksiyalar vasitəsilə tamamilə dəyişdirilərək fantastik görünüşə nail olunmuşdu.
FIA-nın illər ərzində keçirdiyi Mükafatlandırma mərasiminə avtomobil yürüşünün sədaları ilə start verilib. Lakin Bakı təqdimatında bu ənənəyə yenilik gətirilib. Fərqlilik ondan ibarət olub ki, FIA himni bu dəfə müasir, rəqəmsal səsləndirmə və möhtəşəm görüntü ilə başlayıb.
Digər ölkələrdə keçirilən Mükafatlandırma mərasimlərindən fərqli olaraq, Bakıdakı “Prize-Giving” şousu təkcə mükafatlandırma anlarından ibarət olmayıb. Bu həm də mədəniyyətimizin, qonaqpərvərliyimizin, zəngin mətbəximizin, digər xalqlarla sülh və əməkdaşlıq şəraitində yaşamağa yönələn siyasətimizin təqdimatı idi.
“Prize-Giving” mərasiminin unudulmaz Bakı şousu Azərbaycan Dövlət Xalq Çalğı Alətləri Orkestrinin solistlərinin ifası ilə davam edib. Milli geyimlərimizdə səhnəyə çıxan ifaçılar Azərbaycan xalqının mədəniyyətinin bir hissəsi olan musiqimizin ecazkarlığını təqdim ediblər. Təqdimat inteqrasiya və əməkdaşlığın dünyanın bütün xalqları tərəfindən eyni dərəcədə, tərcüməsiz anladığı yeganə dil – musiqi -vasitəsilə mümkünlüyünü nümayiş etdirib.
Mükafatlandırma mərasimində milli kimliyimizin daha bir ayrılmaz hissəsi olan, hər bir azərbaycanlının ən incə hisslərinə toxunan, eyni zamanda, bütün dünyada ölkəmizin mədəni irsinin təcəssümü kimi qəbul edilən “Sarı gəlin” xalq mahnısının doğma sədaları da səslənib.
Tamaşaçılarla interaktiv dialoq formatında qurulan proqram mədəniyyətlərarası dialoqun vacibliyi ilə bağlı bir mesaj olub. Belə ki, təqdimatda səslənən müxtəlif janrlara aid musiqi motivlərinin sintezi vasitəsilə bir daha müxtəlifliyin, Şərqlə Qərb arasındakı harmoniyanın önəmi ismarışı ötürülüb.
Şounun tamaşaçılar üçün gözlənilməz anlarından biri isə nağaraçılarımızın bütün zalı əhatə edərək, qonaqların yanından qədim dövrlərə aparan ritmlərlə keçməsi olub. Mərasimin keçirildiyi zaldakı tamaşaçıları masalarından ayağa qaldıran da məhz bu ritmlər olub.
Mərasimdə Xalq artistləri Alim Qasımov, Əlixan Səmədov, Natiq Şirinov və qrupu, əməkdar artistlər Aleksey Miltıx, Emil Əfrasiyab, Fərqanə Qasımova, İsfar Sarabski, həmçinin Fikrət Əmirov adına Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblının Xalq Çalğı Alətləri Orkestri, “Mirvari” rəqs ansamblı çıxış ediblər.
Proqrama ekvilibristlər Səbinə Məmmədova və Polina Pravdinanın çıxışları da əlavə rəng və təsirli anlar qatıb. Musiqiçilərin ifasını müşayiət edən həmin çıxış sənət insanlarının ilham pərisi obrazını yaradıb. Tədbirdə avtomobil idmanı üzrə müxtəlif nominasiyalar üzrə mükafatlar təqdim edilib.
Səhnəyə çıxan FIA prezidenti Mohammed Ben Sulayem bu gecənin qaliblər gecəsi olduğunu qeyd edib, yarışlarda qələbə qazananları bir daha təbrik edib. O, FIA Baş Assambleyası və Mükafatlandırma mərasimini qəbul edən Bakı şəhərinə minnətdarlığını ifadə edib, qonaqpərvərliyə görə təşəkkürünü bildirib. Mükafatlandırma mərasimində hamını görməkdən məmnun olduğunu deyən FIA prezidenti tədbirin yüksək səviyyədə təşkili münasibətilə təbriklərini çatdırıb.
Daha sonra FIA prezidenti Mohammed Ben Sulayem, AAF prezidenti Anar Ələkbərov və digərləri 2023-cü il üzrə müxtəlif nominasiyalarda qaliblərə mükafatlar təqdim ediblər.
“Formula-1”in prezidenti Stefano Dominikali “Formula-1”də ikinci olan və “Bakını sevirəm” sözləri ilə səhnəyə çıxan Serxio Peresi mükafatlandırıb. Təltif edilənlər sırasında “Oracle Red Bull Racing”in qalibi Kristian Horner, “Formula-1”in qalibi Maks Ferstappen də olublar.
Mükafatlandırma mərasimində nəinki indiki qaliblər, keçmişdə müxtəlif yarışlarda mübarizə aparan, artıq vəfat etmiş çempionlar da yad ediliblər..
www.102info.az