Ölkədə qızılca sürətlə yayılır. Artıq məktəblərdə müəyyən siniflər bağlanır, davam edəcəyi təqdirdə distant təhsilə keçmək planlaşdırılır. İş o həddə çatıb ki, rəsmilər israrla peyvəndlə bağlı valideynlərə çağırış edir. Lakin peyvəndə hazırkı münasibət bir az fərqlidir. Təcrübə üçün sosial şəbəkələrdə, xüsusilə, qadın qruplarında “qızılcadan qorunmaq üçün nə etməliyik”, – deyə sual ünvanlayıb, məsləhət alsanız, “rayona zəng edin, sizə eşşək südü tapıb göndərsinlər, sağalacaq”, “Qızılca təhlükəli deyil, sadəcə, şişirdirlər, qırmızı yorğan-döşəkdə yatırdın, keçib-gedəcək”, “hamısını peyvəndə görə edirlər, böyüklərdən uşaqlara keçiblər. Uşağın qidasına diqqət etdikdə, peyvəndə ehtiyac yoxdur” kimi cavablarla rastlaşacaqsınız. 20 anadan yalnız bir-ikisi sizə qızılcaya yoluxmamaq üçün peyvəndi məsləhət görə bilər. Əksər valideynlər peyvənd əleyhdarlarıdır və təəssüf ki, bunu təbliğ edirlər. Üstəlik, peyvəndi məsləhət görənləri də cahil adlandırır, fikrindən yayındırmağa çalışırlar. Həkimlər, pediatrlar qızılcadan xilas olmağın yeganə yolunun peyvənd olduğunu vurğulasalar da, xeyli müddətdir ki, ölkədə peyvənd əleyhinə kampaniya aparılır. Hətta tanınmış şəxslər, TV aparıcıları da bu kampaniyaya qoşulurlar. Nəticədə, bu gün qızılca nəzarətdən çıxmaq üzrədir.
Bəs bu təbliğatın təhlükəsi nədir? Nə üçün valideyn eşşək südünü peyvənddən önəmli hesab edir, etməyəni də buna inandırır?
“Kaspi” qəzeti mövzu ilə bağlı araşdırma aparıb.
“Həkim lazımdır deyirdisə, deməli, lazımdır”
Pediatr Aytən İsmayılzadə bildirib ki, əvvəllər hamı peyvənd olunduğu üçün müəyyən xəstəliklərin demək olar ki, kökü kəsilmişdi. Çünki valideynlər həkimin sözündən çıxmırdılar:
“Həkim “lazımdır” deyirdisə, deməli, lazımdır. Xeyli illər əvvəl kimsə göy öskürək tutanda hamı təəccüblənirdi və qınayırdı ki, axı niyə peyvənd olunmayıb? İndi uşaqların əksəriyyətində göy öskürək, qızılca yayılıb. Biz peyvəndlə rahatlıqla qalib gələ biləcəyimiz xəstəliklərlə mübarizə aparırıq”.
“Mübarizə bir-iki məlumatsız insanın öhdəsinə buraxılmamalıdır”
Həkim vurğulayıb ki, qızılca o qədər ciddi məsələdir ki, onunla mübarizə bir-iki məlumatsız insanın öhdəsinə buraxılmamalıdır:
“Bu gün valideynlər rahatlıqla “mən peyvənd istəmirəm” deyə bilir. Üstəlik, peyvənddən imtina edən valideyn təbliğat aparmağa başlayırlar, absurd arqumentlər ortaya qoyurlar. Təbliğat öz işini görür və nəticədə xəstəlik tüğyan edir. Üstəlik, tək valideynlər deyil, göz önündə olan insanların da efirlərdən bu cahilliyi təbliğ etməsi çox dəhşətlidir. Əhali düşünür ki, ali savadlı insan bunu edirsə, televiziya da efirə verirsə, deməli, belə də olmalıdır. Buna görə də həkimlərin sözlərinə etimad edilmir”.
“Peyvənd olmayan uşaqlar kollektivə buraxılmamalıdır”
Həkimin sözlərinə görə, səhiyyə sistemi uşaqları, gələcəyi, genefondu qorumalıdır:
“Uşaqları həyati təhlükə yaradan infeksiyalardan qorumaq üçün güclü nəzarət olmalıdır. Əgər bu gün könüllülük səbəbindən bu vəziyyətdəyiksə, deməli, qanuna dəyişiklik olmalıdır və peyvənd məcburiyyətə çevrilməlidir. Yəni peyvənd olmayan uşaqlar bağçaya, kollektivə buraxılmamalıdırlar. Belə olsa, hamı peyvənd edəcək”.
“Difteriya yayılsa, nəticəsi daha dəhşətli olacaq”
Həkim peyvəndi təhlükəsizlik kəmərinə bənzədir və bildirib ki, əhalinin 95 faizi peyvənd olunarsa, xəstəlik ayaq tutub yeriməyəcək:
“İnsanlar könüllü şəkildə poliklinikalara üz tutmurlar. Poliklinikalar dəfələrlə çağırır, valideyn gəlmir. İnsan qorxmasa, heç bir qanuna tabe olmur. Təhlükəsizlik kəməri üçün necə cərimə tətbiq olunursa, bu da insan sağlamlığı üçündür, buna da cərimə tətbiq olunmalıdır. Bizdə difteriya yayılsa, nəticəsi daha dəhşətli olacaq. Çünki uşaqların əksəriyyətinin AKDS peyvəndi yoxdur. Hələ qızılcanı AKDS-ə nisbətən çox adam vurdurur. İndi görün difteriya ilə bağlı vəziyyət necədir? Hər ölən, fəsad qazanan uşağın günahı anti-peyvənd təbliğatçılarının boynuna yazılır. Ölkədə qızılcadan ölən uşaqların ölümünün səbəbkarlarından biri də elə bu təbliğatçılardır”.
Məlumdur ki, tanınmış insanların fikrinə daha çox etimad edilir. Bəs belə şəxslər anti-peyvənd təbliğatı apardıqda hüquqi məsuliyyət daşıyırlarmı?
Hüquqşünas Roman Qaraşov qeyd edib ki, bütün qanunvericilik aktları insan sağlamlığını daim ön plana çəkir:
“Yoluxucu xəstəliklərin ölkə ərazisində geniş yayılması, əhalinin sağlamlığı baxımından olduqca risklidir. Bu baxımdan hansısa tanınmış şəxsin müvafiq qurumlar tərəfindən təsdiq olunmuş, ekspertizalardan keçirilmiş vaksinlərlə bağlı anti-çağırışlar etməsi əsassızdır. Tibbi cəhətdən təsdiq olunmuş arqumentləri yoxdursa, belə fikirlərin səsləndirilməsi insanların səhv yönləndirilməsi ilə nəticələnir”.
Hüquqşünas vurğulayıb ki, cəmiyyətin etibar etdiyi insanların arqumentsiz yönləndirmələri və çıxışları ilə bağlı qabaqlayıcı tədbirlər görülməlidir:
“COVID-lə mübarizədə vaksinlərdən istifadə könüllü xarakter daşıyırdı. Amma müəyyən yerlərə daxil olduqda, ölkə sərhədini keçdikdə əsas tələb peyvənd sənədi idi. Bu, tam düzgün addım idi. İnsanlar əgər digərlərinin həyatını riskə atırsa, bu halda onun azadlığından və ya hüququndan söhbət gedə bilməz. Əgər kimsə bu cür çıxışlar edirsə, cəmiyyətin sağlamlığını deyil, şəxsi mənafeyini düşünürsə, bununla bağlı tədbir görülməlidir”.
Məlumat üçün qeyd edək ki, qərbdə peyvənd əleyhinə çıxışlar 1997-ci ildə başlayıb. İngilis cərrah Andrey Vakefayld “Lencet” jurnalında çap etdirdiyi elmi məqalədə KKK peyvəndinin uşaqlarda autizm yaratdığını qeyd edib. 1997-ci ildən etibarən Vakefayldin iddiaları əsasında bir çox elmi araşdırmalar aparılıb və bu nəzəriyyə qəti şəkildə yalanlanıb. Hətta “Lancet” jurnalı həmin məqaləni yayından qaldırıb, müəllifin həkimliyi əlindən alınıb. Azərbaycanda da peyvənd əleyhdarları Vakefayldin məqaləsinə istinad edirlər. Amma autizmlə peyvənd arasında hər hansı əlaqənin olmadığını heç kim görmür, oxumur.
www.102info.az