Ermənistanla sərhəddə mərdi-mərdanə dayanan Zabuxdan FOTOREPORTAJ

Müharibə


Vətən üçün ölə bilərik, lakin bu torpaqlarda yaşayıb-yaratmaq bizlərin və gələcək nəsillərin ən böyük mənəvi borcudur. Bu düşüncə ilə Laçın şəhərindən Zabux kəndinə səfərimi planlamaq üçün kəndin sakini Bəkir kişiyə zəng edirəm.

– Bəkir dayı, salam!

– Salam, qızım!

– Bəkir dayı, əgər kənddəsinizsə, Zabuxa gəlmək istəyirəm.

– Gəlin, qonşularla sizi Zabux çayının kənarındakı parkda gözləyəcəyik.

– Görüşənədək…

Laçının dumanlı dağları ilə əhatələnmiş yolla Zabuxa doğru irəliləyirik. Təxminən 15 dəqiqə sonra dağların ardından Zabux kəndi görünür. Zabux çayı üzərində salınmış körpünü keçəndə Bəkir dayı və kəndin digər sakinlərindən bir qisminin bizimlə görüş üçün toplandığını görürük. Yaxınlaşıb hal-əhval soruşaraq söhbətə başlayırıq. Zabux kəndi, bu kənd ətrafında baş verən hadisələr və kəndə yenidən köçlə bağlı söhbətləşirik. Sonra kəndi gəzmək üçün onlarla müvəqqəti sağollaşırıq.

İlk baş çəkdiyimiz ünvan kəndin yeni salınan məktəbidir. Bizi məktəbin direktoru Mübariz Rüstəmov qarşılayır. Bildirir ki, məktəb yaxın günlərdə fəaliyyətə başlayacaq, 180 yerlik təhsil ocağında 35 şagird təhsil alacaq.


O qeyd edir ki, işğaldan öncə də bu məktəbdə tarix müəllimi kimi fəaliyyət göstərib:

“O zaman Azərbaycanda hakimiyyətsizlik, bir-birini tanımamaq cəhdi, hərbi birliklər arasında təxribatçılıq kimi amillər torpaqlarımızın işğalı ilə nəticələndi. Həmin dövrdə camaatdan, hətta ov tüfəngləri də yığışdırılmışdı. Əhalini “burada geniş manevrlər ediləcək” adı ilə avtobuslarla kənddən çıxardılar. Elə həmin dövrdə Laçındakı ərazi müdafiə batalyonu da geri çağırıldı və ordu başlı-başına qaldı. Beləliklə, Laçın işğal edildi”.

Direktor Vətən müharibəsindən sonra Zabux kəndinin işğaldan azad edilməsi xəbərinin zabuxlularda böyük sevincə səbəb olduğunu deyir:

“31 il yaşadığım qaçqınlıq dövrünü yuxu kimi xatırlayıram. Bu hisslərimi qaçqınlığı yaşayan insanlar daha yaxşı başa düşə bilər. Bərdədəki dostlarım onlarla gec-gec zəngləşdiyim üçün məni vəfasızlıqda günahlandırırlar. Lakin hərdən elə düşünürəm ki, bu, belə də olmalıdır. Çünki fikrimcə, ötən 31 il xatırlanmamalı yuxu idi”.

Mübariz müəllim bizi məktəblə tanış etmək istədiyini deyir və məmnuniyyətlə təhsil ocağını, sinif otaqlarını, laboratoriyaları gəzməyə başlayırıq.

Məktəbin həyətindən Zabux kəndi və kəndi ikiyə bölən Zabux çayı aydın görünür. Müasir avadanlıqlarla təchiz olunmuş məktəbdə yəqin ki, şagirdlərin darıxmaq üçün vaxtı olmayacaq deyə düşünürəm.

Məktəbdən çıxıb öncədən tanış olduğumuz Bəkir kişi ilə onun evinə gedərkən müharibə zamanı insanların sığınmaq üçün üz tutduqları köhnə anbarı göstərərək kəndi necə müdafiə etdiklərindən və buranı necə tərk etməyə məcbur qaldıqlarından bəhs edir. Anbarın yanı ilə irəlilədiyimiz vaxt danışılanlar 90-cı illərdə baş verən qanlı-qadalı günləri təsəvvürümdə canlandırır. Belə söhbətlər zamanı “bu cür faciə mənim başıma gəlsəydi, nə edərdim?” sualını istənilən adam özünə verə bilər…

Düşüncələri beynimdən qovub qapıda bizi qarşılayan Təzəgül xanımla görüşürük. Bəkir dayının ömür-gün yoldaşıdır, məktəbdə müəllimədir. 33 yaşında üç övladı ilə birgə kəndi tərk etmək məcburiyyətində qalıb. Zabuxdan Laçın şəhərinə, oradan Bərdəyə, daha sonra isə Bakıya üz tutublar. Həmin illərdən danışarkən səsi titrəməyə başlayır. Təzəgül xanımın ağlamağını istəmirəm, çünki günlərdir eşitdiklərimin təsiri ilə hisslərimi gizlədə bilməyəcəyimdən narahatam. Və budur, hər ikimizin göz yaşları sözümüzə baxmır…

Bir qədər fasilədən sonra dərin nəfəs alıb sözünə davam edir:

“Uşaqlar körpə idi, əlacsız kəndi tərk etmək məcburiyyətində qaldıq. Bakıda bizə qaynım kömək etdi. O, Bakıda neftayırma zavodunda işləyirdi. Buranın kollektivi bizimlə yanaşı, 30-40 ailəyə qalmaq üçün yer və qidalanmaq üçün yemək verdilər. İşğal illəri ərzində, Zabuxa qayıdana kimi orada yaşadıq. Zabuxa qayıdanda ilk vaxtlar ürəyimizdə bir qədər qorxu var idi. 30 il əvvəl yaşadıqlarımız bizi psixoloji olaraq sarsıtmışdı”.

Bu zaman Bəkir dayı söhbətə qoşulur:

“Qızım, Zabuxa ilk köçdüyümüz vaxtlar qadınlarda bir qədər narahatlıq olduğunu hiss etdim. Zabux Ermənistanla sərhəd kənddir, burada dağlardan baxanda ermənilərin yaşadıqları kəndlər görünür. Əsgərlərimizə baş çəkmək qərarına gəldim və bunun üçün sərhədə getdim. Orada müşahidə etdiyim mənzərə ürəyimi dağa döndərdi. Azərbaycan Ordusunun qüdrəti, çevikliyi, mərdliyi və sayıqlığından duyduğum qürurla kəndə geri qayıtdım. Gördüklərimi insanlara danışdım və bildirdim ki, bu cür qüdrətli ordusu olan dövlətin vətəndaşı təhlükəsizliyinə görə narahatlıq keçirməməlidir”.

Təzəgül xanım da elə bu hadisədən sonra narahatlığının keçdiyini deyir.

Bəkir dayı və Təzəgül xanımla vidalaşıb qonşuları Elbrus kişini elə həyətdəcə söhbətə tuturuq. Zabuxun işğaldan azad olunduğu anın sevincindən ağızdolusu danışır:

“Kəndimi heç Moskvaya da dəyişmərəm. Doğma kəndimə qayıdıb gözəlliklər görmüşəm. Başqa nə istəyə bilərəm bu həyatdan?!”

Elbrus dayının evi Zabux çayının yaxınlığındadır. Çayın səsi insana psixoloji terapiya təsiri bağışlayır. Kəndi bir qədər gəzdikdən sonra Bakıya qayıtmaq üçün avtomobilimzə tərəf yollanırıq. Yolboyu Bəkir dayının əsgərlərimizlə bağlı söylədiyi fikirlər dolaşır beynimdə. Bu dəm sərhədçilərimizi qürurla salamlamaq, vətəni onlara, onları isə Allaha əmanət etmək keçir könlümdən…

“Report” İnformasiya Agentliyi

www.RIA24.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir