“For Azerbaijan”nın dəstəyi ilə psixologiya sahəsində informativ Ptsp.az saytı istifadəyə verilib – FOTO

Cəmiyyət


“For Azerbaijan” beynəlxalq xeyriyyə təşkilatının “Paşa Sığorta” ilə birgə həyata keçirdiyi “Azərbaycanda psixoloji reabilitasiya imkanlarının artırılması” (APRİA) layihəsinin peşəkar təcrübənin artırılması komponenti üzrə təlim və sertifikatlaşma prosesləri uğurla tamamlanıb. 

Layihənin növbəti mərhələsində posttravmatik stres pozuntusu barədə ətraflı məlumatları özündə ehtiva edən, həmçinin təlimləri uğurla başa vurmuş yerli psixoloqların icma platformasını təşkil edən Ptsp.az  saytının təqdimatı həyata keçirilib. Tədbirdə layihə iştirakçıları və təlimləri uğurla başa vurmuş beynəlxalq sertifikatlı psixoloqlar iştirak ediblər.

“For Azerbaijan” beynəlxalq təşkilatının proqramlar üzrə direktoru Elnur Kələntərov iştirakçıları salamlayaraq yeni yaradılmış saytın üstünlükləri və fərqli cəhətləri barədə geniş məlumat verib. Bildirib ki, saytın əsas məqsədi Azərbaycanda beynəlxalq sertifikatlara layiq görülmüş psixoloqlar arasında təcrübə mübadiləsini gücləndirmək, PTSP-dən əziyyət çəkən insanlara dəstək vermək, PTSP haqqında ən effektiv və təsdiq olunmuş müalicə metodları barədə informasiyaları ictimailəşdirmək, insanlar arasında məlumatlandırmanı artırmaqdır.

Həmçinin, saytda beynəlxalq sertifikat qazanmış psixoloqlar barədə ətraflı məlumat, bu sahədə müxtəlif resurslar və təcrübə mübadilələri barədə protokollar yerləşdirildiyini söyləyən Elnur Kələntərov saytın test bölməsində müxtəlif ilkin psixoloji testlərin də istifadəçilərin ixtiyarına verildiyini bildirib.

İlk dəfə olaraq Azərbaycanda istifadəçilər üçün psixologiya sahəsində informativ və məlumatlandırıcı portal olan Ptsp.az-da psixoloqlarla interaktiv və birbaşa əlaqə saxlamaq imkanları da yaradılıb.

Portalda PTSP-dən əziyyət çəkən insanları düzgün məlumatlandırmaq və istiqamətləndirməklə yanaşı, həm də bu xəstəliyin müalicəsində dünyada geniş tətbiq olunan koqnitiv işlənmə terapiyası və yazılı ekspozisiya terapiyası üsulları barədə geniş informasiya yer alıb. Tədbirin sonunda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

Dünyanın müxtəlif ölkələrində uğurlu karyera qurmuş azərbaycanlılar tərəfindən təşkil olunan “For Azerbaijan” beynəlxalq xeyriyyə təşkilatı ölkəmizdə dövlət qurumları və özəl təşkilatlarla birgə gələcəyə yönəlik sosial, təhsil və səhiyyə sahələrində müxtəlif layihələri həyata keçirir.

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir