ATV yaxın günlərdə Azərbaycan teleməkanında daha bir ilkə imza atacaq.
Oxu.Az xəbər verir ki, söhbət tam fərqli bir formatda və stilistikada hazırlanan teatr sənətindən bəhs edən “Səhnə” adlı layihədən gedir.
Buna qədər həyat etüdlərini canlandıran səhnə və teatrla bağlı bir çox telelayihələr olub. Ancaq “Səhnə” adlı yeni layihə tam fərqli yanaşmada tamaşaçıların ixtiyarına veriləcək.
Səhnə və kulis, yaradıcılıq axtarışları, sənətkarların, səhnə ustalarının həyat və sənət dünyası, eyni zamanda, Azərbaycan teatrının keçdiyi tarixi yol, milli teatr sənətimizin qazandıqları və itirdikləri – bu siyahını nə qədər desəniz, uzatmaq olar. Ən maraqlı məqam odur ki, layihənin ideya müəllifi və rəhbəri, aparıcısı məhz sənət dünyasının məşhur simalarıdır. Belə ki, layihənin rəhbəri tanınmış teatr rejissoru, prodüser Ələkbər Tağızadə, aparıcısı isə Xalq artisti Fəxrəddin Manafovdur.
Qloballaşma, informasiya-kommunikasiya texnologiyalarının gündən-günə genişlənən imkanları bəzən insanların zamanını, diqqətini elə cəlb edir ki, mənəvi tələbatları arxa plana keçir. Eləcə də, sənətlə bağlı düşüncələr, axtarışlar, fikir mübadiləsi gündəmə gəlmir. Belə bir dönəmdə tamaşaçılara təqdim olunacaq “Səhnə” telelayihəsi məhz teatrın keçmiş şöhrətini özünə qaytarmağa çalışacaq. Bir sözlə, bir-birindən maraqlı sənət hekayələrini izləmək istəyirsinizsə, yeni ilin ilk həftəsindən ATV kanalında “Səhnə” verilişinə baxın.
www.RIA24.az