Azərbaycan Respublikasının Gənclər Fondu, Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi, “ASAN xidmət”in dəstəyi, Azərbaycan Könüllü Təşkilatları İttifaqının təşkilatçılığı ilə ulu öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunan “Azərbaycan Könüllülük Həftəsi 2023” sona çatıb.
14 gün davam edən və Respublikamızın müxtəlif regionlarını əhatə edərək 15 minə yaxın könüllünü bir çətir altında birləşdirən Könüllülük Həftəsi hər il olduğu kimi bu il də bir-birindən fərqli və maraqlı layihələrlə yadda qalıb.
5 Dekabr – Beynəlxalq Könüllülər Günü ilə əlaqədar başlayan Könüllülük Həftəsi ümummilli lider Heydər Əliyevin gənclərə ünvanladığı tövsiyələrə əsaslanan vətənpərvərlik, təhsil və elm, idman və sağlamlıq, mədəniyyət, mənəvi tərbiyə kimi istiqamətlərə aid edilib. Bunlardan əlavə həftə çərçivəsində “100 Könüllü Əməl”, “Ulu öndər hər addımımda foto-müsabiqə”, “MədəniyyətimİZ”, “Heydər Əliyev mənim üçün…”, “Könüllünün Günü”, “Könüllü Ol” kimi tədbirlər, eyni zamanda “Azərbaycan Könüllülərinin VI Həmrəylik Forumu”, “Dəmir Yumruq! Könüllülərin Həmrəylik düşərgəsi” və “Türk Dövlətləri Könüllü Təşkilatlarının Əlaqələndirmə görüşü” keçirilib.
Ölkəmizdə 2016-cı ildən etibarən həyata keçirilərək gənclər üçün unudulmaz xatirələrlə yadda qalan, eyni zamanda minlərlə Azərbaycan könüllüsünü birləşdirən Könüllülük Həftəsinin 2023-cü ildə ulu öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunması, könüllülərimiz üçün xüsusi önəm daşıyıb.
Ölkə rəhbərliyinin könüllülük fəaliyyətinə və könüllülərə daima diqqət və qayğısı nəticəsində Azərbaycanda geniş vüsət almış könüllülük hərəkatının, bu gün daha geniş imkanlara sahib olduğunu deyə bilərik. Məhz buna görə də əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan dövlət gənclər siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsinin nəticəsində, Azərbaycan gəncləri bütün sahələrdə, eyni zamanda könüllü sıralarına qoşularaq özlərini doğruldurlar.
www.RIA24.az