Ötən gün sosial şəbəkələrdə sağlamlıq imkanları məhdud olan yeniyetmənin bir qrup şəxs tərəfindən lağa qoyulması ilə bağlı görüntülər yayılıb.
Bu hal sosial şəbəkə istifadəçiləri tərəfindən birmənalı qarşılanmayıb. Həmin şəxslər sağlamlıq imkanları məhdud olan İlfanla bağlı üzr videosu da çəkiblər.
İlfana qarşı edilən hörmətsizlik nənəsinin sosial şəbəkədə yeniyetmə üzərindən pul qazanması məsələsini də gündəmə gətirib. Bir çox şəxs nənəsini bu məsələdə qınayıb.
Məsələ ilə bağlı Oxu.Az-ın əməkdaşı sağlamlıq imkanları məhdud olan yeniyetmə İlfanın anası Nigar Şirvanlı ilə danışıb.
N.Şirvanlı İlfanın “TikTok” sosial şəbəkəsi üzərindən canlı yayıma qoşulmasına razılıq verdiyini qeyd edib:
“Oğlum dörd-beş aydır ki, “TikTok”da canlı yayıma qoşulur. Gördüm ki, hər kəsə yardım edilir. Düşündüm ki, İlfana niyə də olmasın. Mənim razılığım var. O, mənim gözümün ağı-qarası olan bircə balamdır. Şansı da var. Nənəsi Fatimə Hümbətova İlfanla daha çox məşğul olur.
Qınayanlar nə isə bilmədən danışmasınlar. İlfan anam sayəsində yaşayır. Nənəsi onun üzərindən pul yığmır”.
İlfanın anası onun xəstəliyindən də öz açıb:
“İlfanın 15 yaşı var. Anadangəlmə beyin iflici ilə dünyaya gəlib. Xərçəng xəstəliyi sonradan yaranıb. Üç yaşından xərçəng xəstəsidir. Sağ gözü xərçəng xəstəliyi səbəbindən götürülüb. Sol gözü 15 faiz görür. Müalicəsi yoxdur.
İlfan gəzə bilmir. Serebral iflicdir (USİ) və epilepsiya xəstəliyi var. Beş-altı dəfə əməliyyat keçirib. Atası xəstəliyinə görə, bizi atıb. Kirayə yaşayırıq. İlfanın xəstəliyinə görə, evimizi satmışıq. Anam mənim arxam, dayağımdır”.
Nəzrin Vahid
www.102info.az