Azərbaycan-Ermənistan: Sülh üçün hərb variantı gündəmdən çıxmayıb – TƏHLİL

Siyasət


Bu ilin sonuna 10 gün vaxt qalır. Belə qısa zaman aralığında Azərbaycanla Ermənistanın sülh müqaviləsi ilə bağlı çərçivə sənədi imzalaması o qədər də real səslənmir.

Ümumilikdə isə sülh müqaviləsinin imzalanması tezdir, çünki ortada hələ sülh üçün lazım olan əlavə çərçivə rəsmiləşdirilməyib.

Düzdür, şifahi razılaşmalar və bunun əməli müstəvidəki işartılarını görmək çətin deyil. Lakin bu, hələ sülh müqaviləsinin imzalanmasına böyük ölçüdə əhəmiyyətli və həlledici yaxınlaşmanı təmin edən amil deyil.

Çünki Ermənistanın siyasi-diplomatik diskursunda Azərbaycanla münasibətlərin normallaşması prosesi barədə yekdil rəy yoxdur.

Azərbaycan tərəfinə gəlincə, o, özünün etimad quruculuğu yönündəki addımlarını güc və diplomatiyanın birləşdirilməsi ilə həyata keçirir.

Xüsusilə, Zəngəzur dəhlizi layihəsi ilə əlaqədar Azərbaycanla Ermənistan arasında olan mübahisəli istiqamətlər Bakının qalibiyyət ruhunda hərbi-siyasi ritorikasını davam etdirməsinə səbəb olur.

Qısası, Azərbaycan-Ermənistan münasibətlərinin məzmunundakı mürəkkəbliklər qalmaqdadır. Üstəgəl, bura Qərbi azərbaycanlıların qayıdışı və sərhədlərin delimitasiyası ilə bağlı mübahisələri də qatanda vəziyyətin mürəkkəbliyi daha aydın şəkildə canlanır.

Başqa bir qarışıq vəziyyət Ermənistanın geosiyasi tutumundakı qeyri-müəyyənliklər və İrəvanın pultunun kənarda olması ilə əlaqəlidir.

Bu proses öz sonuna çatmayıb və İrəvanın qeyri-müəyyənlik sindromundan əziyyət çəkməsi fonunda Ermənistandakı revanşistlər də səs-küy salırlar.

İrəvanın qeyri-müəyyənlik dalğasında üzməyə çalışması isə təbii ki, regionda maraqları kəsişən qlobal və regional güclərə ambisiyalı gündəlik təqdim edir.

Əgər Ermənistan Azərbaycanla sülh müqaviləsi imzalamaqda maraqlıdırsa, qeyd olunan məchul davranışları konstruktiv bir əsasla əvəz etməli və silahlanmaya getməməlidir.

Yox, Ermənistan revanş üçün sürprizlərə açıq qalırsa, Azərbaycan müdafiə zərurətindən irəli gələn bütün addımları atmaq məcburiyyətini hiss etdirəcək.

Ümumilikdə deyə bilərik ki, Azərbaycanla Ermənistan sülhə sürətlə yaxınlaşmanı təmin edən birgə qaydalar hazırlayırlar, lakin həmin sürətin azalacağı və ya artacağını növbəti ildə görəcəyik. 

Aqşin Kərimov

www.RIA24.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir