London İmperial Kollecinin alimləri müəyyən ediblər ki, çuğundur suyu içmək xroniki obstruktiv ağciyər xəstəliyi (XOAX) olan insanlarda qan təzyiqini aşağı salır və əmək qabiliyyətini yaxşılaşdırır.
Araşdırmanın nəticələri “European Respiratory Journal” nəşrində dərc olunub.
Tədqiqatda XOAX-dan əziyyət çəkən 81 nəfər iştirak edib. Bu həyati təhlükə yaradan ağciyər xəstəliyi tənəffüs yollarının iltihabı və bronxların şişkinliyi ilə xarakterizə olunur. İştirakçılar təsadüfi olaraq iki qrupa bölüşdürülüb. Birinci qrupun iştirakçıları 12 ay ərzində gündəlik 70 millilitr konsentratlaşdırılmış çuğundur suyu qəbul ediblər, ikinci qrupun iştirakçılarında isə “platsebo” effekti yoxlanılıb.
Təcrübənin nəticələri göstərib ki, konsentratlaşdırılmış çuğundur suyu içən insanlarda sistolik qan təzyiqi orta hesabla civə sütunu üzrə 4,5 millimetr azalıb. Həmçinin birinci qrupdan olan könüllülərdə dözümlülük və əmək qabiliyyəti göstəriciləri artıb – tədqiqatı başa vurduqdan sonra altı dəqiqə ərzində onlar əvvəlkindən daha çox məsafə qət edə biliblər.
Alimlər vurğulayıblar ki, çuğundur suyu XOAX müalicəsi üçün təhlükəsiz köməkçi vasitə kimi istifadə edilə bilər. Xüsusilə bu içki qan təzyiqini normallaşdırmaqla XOAX olan insanlarda ürək-damar sistemində ağırlaşmaların yaranması riskini azalda bilər.
Qeyd olunub ki, çuğundur suyunun orqanizmə təsirini dərindən öyrənmək üçün bir sıra əlavə tədqiqatlar aparmaq lazımdır.
Mənbə: gazeta.ru
www.RIA24.az