Paşinyanın sərhəd planları: Bütün oxlar İrəvana yönəlir – TƏHLİL

Siyasət

Azərbaycan-Ermənistan sərhədinin Kəlbəcər istiqamətində atışmaların baş verməsi delimitasiya və demarkasiya prosesinin çətinliyindən doğan məsələdir. Prosesi tündləşdirən isə rəsmi İrəvanın qeyri-konstruktiv mövqeyidir.

Bir tərəfdən Ermənistan sərhədlərin müəyyənləşməsinə qarşı çıxmadığını bəyan edir, digər yandan isə hərbi təxribatlarla prosesə qarşı getməyə çalışır.

Ermənistanın əsas məqsədi vaxt qazanmaqdır.  

Azərbaycan isə İrəvanın tutduğu mövqedən və onun vaxt qazanmaqla bağlı hiyləgər siyasətindən asılı olmayaraq Qarabağın Ermənistanla sərhəd zolağı təşkil edən zonalarında sərhədlərin delimitasiyasını həyata keçirir.

Delimitasiya və demarkasiya prosesini Qərb də, Rusiya da dəstəkləyir, o başqa məsələ ki, hər tərəfin özünün maraqları var və onlar bunu təmin etmək üçün rəqabətə girişiblər.

Prosesin məntiqi və gedişatı Ermənistanın Baş naziri vəzifəsini icra edən Nikol Paşinyan ətrafındakı həlqələri daraldır, buna görə də o, alternativ variantları gündəmə gətirməyə çalışır.

Paşinyan bundan əvvəl də Rusiya sülhməramlılarının sərhədə gəlişi ilə bağlı təklif səsləndirmişdi, bu ideyanın nəzəri əsaslarını möhkəmləndirmək üçün indi də Rusiya sərhədçilərinin bölgədə möhkəmlənməsinə çalışır.

Digər tərəfdən, o, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) monitorinq missiyasının delimitasia və demarkasiya gedən ərazilərdə mövqelənməsini istəyir.

Nəzəri olaraq Paşinyan siyasi gediş etdiyini düşünə bilər, ancaq geniş kontekstdə bu, naşılıq, diplomatik uğursuzluğun təzahürüdür və ölkəsi üçün əlavə təhdidlər yaradır.  

Birincisi, KTMT-nin üzvü olan Qazaxıstan və Belarus Azərbaycanla münasibətləri nəzərə alaraq bu prosesə getməzlər.

İkincisi, nəzərə alaq ki, KTMT üzvü olan Tacikistan-Qırğızıstan sərhədində hərbi təxribatlar zamanı belə KTMT ora birgə qoşun göndərmədi.

Üçüncüsü, onsuz da bu zamana qədər Ermənistanın İran və Türkiyə ilə sərhədlərini Rusiya qoruyurdu. İndi isə Rusiya Azərbaycanı delimitasiya prosesində dəstəkləyir, Rusiya bura gələrsə, Ermənistanın istəyinin əksinə olaraq sərhəd müəyyənləşməsi prosesi sürətlənəcək.

Dördüncüsü, Ermənistan Rusiyadan yardım istəməklə ölkəsinin onsuz da uçurumun kənarında olan suverenliyinə əlavə təhdid yaradır. Axı, Ermənistan həmişə Rusiyanın marionetkası kimi tanınıb, Moskvanın əlini gücləndirən isə Gümrüdəki hərbi bazası və Ermənistandakı iqtisadi rıçaqlara malik olmasıdır.

İndi Paşinyan Rusiyadan əlavə qoşun kontingenti istəməklə İrəvan üzərində Kremlin digər təzyiq imkanlarını artırır.

Paşinyan yaxşı başa düşür ki, Rusiya Azərbaycan və Türkiyə ilə münasibətlərini nəzərə alıb onun istəyini reallaşdırmayacaq. Kremlin belə mövqe sərgilməsinə digər səbəb isə Paşinyanın ikili oyun oynamasıdır – gah üzünü Qərbə tutur, gah da Moskvadan yardım diləyir.

Tərəddüdlər içində boğulan Paşinyan KTMT və Rusiyadan ümidi kəsildiyinə görə, Qərbə səslənir, bu səslənişində Moskvaya qarşı təhdid elementi də var.

Paşinyan Rusiya və KTMT-nin onun istəyini nəzərə almayacağı təqdirdə başqa beynəlxalq formatlara müraciəti gündəmə gətirir. Məqsədi odur ki, ABŞ və Fransadan olan hərbçiləri sərhədə gətirsin. Lakin bunun mümkün olmadığını anlamır. Çünki Rusiya buna imkan verməz, Türkiyə isə Fransaya münasibətdə eyni mövqeni sərgiləyər.

Paşinyan tupikə dirənir: bütün planları oxların Ermənistanı hədəf almasına gətirib çıxarır.

Azərbaycan isə təkcə Kəlbəcərdə yox, Laçında da, Naxçıvanda da sərhədlərini möhkəmləndirir.

Digər versiya kimi Paşinyanın açıqlamalarını daxili auditoriyanı sakitləşdirmək və erməni cəmiyyətini prosesə hazırlamaq cəhdlərinin elementi kimi qiymətləndirmək olar.

Axı Paşinyan ikinci “Dəmir yumruq”u başı üzərində görmək istəmir.

Ermənistan Azərbaycanın şərtlərini qəbul edərək sülh müqaviləsini imzalamağa məcburdur, bunun alternativi yoxdur.

Aqşin Kərimov

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir