10 manatlıq ağacın altında 15 manatlıq “baba”: Evi Yeni il üçün bəzəmək neçəyə başa gələcək? – REPORTAJ + FOTO

Cəmiyyət


Dekabrın ortasından əksər şəhərlərin küçə və meydanlarında bəzədilmiş Milad ağacları boy verir. Yeni ilin əsas atributlarından biri az keçməmiş iş yerlərində, evlərdə peyda olur – əl boydasından tutmuş az qala tavanı dələn hündürlükdə olanına qədər. Ölçüsü, bəzəkləri də quraşdıranın zövqünə və cibinə uyğun.

“Bu Yeni il üçün evi bəzəmək neçəyə başa gələcək?” sualına cavab tapmaq üçün Oxu.Az-ın əməkdaşları metronun “28 May” stansiyası yaxınlığında olan bayram yarmarkası və mağazalara baş çəkməyə qərar verirlər.

Diqqətimizi çəkən ilk məqam iş günü olmasına baxmayaraq, yarmarkaya olan axındır. Böyükdən-kiçiyə hər kəs bayram atributları ilə dolu piştaxtalar arasında gəzib seçim edir. Çeşid də boldur, qiymət də fərqlidir, alıcı da çoxdur.

Yarmarkadakı satıcı Siyavuş Orucov durumdan narazı deyil:

“Şam ağacının qiyməti 10-60 manat arasında dəyişir. Oyuncaqların qiyməti 3-26 manata qədər təşkil edir, yəni ölçüsünə görədir. Şaxta baba oyuncaqlarının qiyməti 15 manatdan başlayır. Ən bahası 120 manatadır. Qar qız oyuncaqlarının qiyməti isə 15-35 manat arasındadır.

İşıqların qiyməti 3-25 manat, zərlər 1-4 manata qədərdir. Alıcılıq qabiliyyəti yaxşıdır. Narazılığımız yoxdur.

Hədiyyəlik corabların qiyməti 2 manatdan başlayır, 7-8 manata qədərdir. Çələnglər – 10-20 manat arası, şamlar – 1,5-10 manatadır.

Yeni il papaqlarının qiyməti 1,5-4 manat arasındadır. Yeni il atributlarını əks etdirən fincanları 3-30 manata almaq olar. Suvenirlərin qiyməti isə 30-80 manat arasında dəyişir. Endirim də edirik”.

Yarmarkada oyuncaqlarla yanaşı, Yeni il atributlarını əks etdirən şokoladlar diqqətimizi çəkir. Hər biri göz oxşayır. Elə hazırlanıb ki, sanki şokolad yox, balaca heykəlciklərdir.

Şokoladların satıcısı əmin edir ki, məhsullar keyfiyyətlidir, yəni təkcə baxmaq yox, yemək də olar:

“Şaxta baba şokoladlarımızın qiyməti bir manatdan on iki manata qədərdir. Hər qiymətə var. Ən ucuz şokolad 50 qəpiyədir. Bizdə olanlar keyfiyyətli məhsullardır.

Hazır hədiyyəlik yerli məhsullar yoxdur. Hamısı Polşa, Almaniya və Rusiyadan gətirilib. Qiymətləri 7 manatdan başlayır, 30 manata qədərdir. Alıcılıq da normal səviyyədədir”.

Şirniyyat satılan piştaxtalardan aralanıb digər atributlara nəzər yetiririk. Yarmarkaya uşaqları ilə gələn valideynlərin davranışları diqqətimizi çəkir. Bəziləri bəzək məhsullarının, oyuncaqların bahalığından narazılıq edirlər, bir qismi isə qiymətlərə diqqət etmədən uşaqların ürəyi istəyəni alır.

Yarmarkadan uzaqlaşıb mağazalardan birinə daxil oluruq. Burada çeşid bol olsa da, alıcı seyrəkliyi müşahidə olunur. Satıcı da alıcıların azlığından gileylənir:

“Bayram həftəsidir. Lakin alıcılıq qabiliyyəti xeyli aşağıdır. Əvvəlki illərə nisbətən çox zəifdir. Artıq o əhvali-ruhiyyə yoxdur. Bəlkə də, insanların buna imkanı çatmır. Ola bilər ki, qiymətlərdən narazıdırlar. Lakin maksimum endirimlər edirik.

Mənim mağazamda Milad ağacı yoxdur. Çünki onu hər yanda tapmaq olur, satıcısı çoxdur. Mən oyuncaq, maraqlı atributlar satıram. Qiymətlər yarmarkadakı ilə, demək olar ki, eynidir. Bəzi məhsulları ən aşağı qiymətə – iki manata satıram. Ən azı, ala bilməyənlər endirimli qiymətlərdən yararlana bilsinlər. Ancaq ümidimiz var ki, bayram yaxınlaşdıqca alıcıların da sayı artacaq”.

Bayram bazarından çıxıb ağlımızda hesablama aparırıq: ən aşağı qiymətdən götürsək, bir şam ağacı, bir Şaxta baba, bir Qar qız, oyuncaq, zər, işıq kompozisiyasını 50 manata tamamlamaq olar. Qalanı isə… cibimizin və əhvalımızın boynuna…

Bayramınız mübarək!

Daha çox foto burada: PhotoStock.az

Nəzrin Vahid

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir