“Bakı Metropoliteni” QSC Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə sərnişinlərinə bayram proqramları təşkil edəcək.
Qurumdan verilən məlumata görə, Yeni ilin əsas tədbirlərinin məkanı şəhər mərkəzinə ən yaxın yerləşən “İçərişəhər” stansiyası olacaq.
Dekabrın 28-də burada qış nağıllarının rəmzlərinə uyğun bəzədilmiş retro vaqonlardan ibarət qatarın nümayişinə başlanacaq. Həmin gün qatarların ətrafında dünya xalqlarının Yeni il ənənələri və qəhrəmanlarına həsr edilmiş sərgi də başlanacaq.
Dekabrın 29-30-da saat 11:30-dan isə stansiyada Şaxta baba və Qar qız sərnişinlərin görüşünə gələcəklər. İki saatdan artıq davam edəcək zəngin proqramlı şouda müxtəlif nağıl personajları və sirk ustaları da məharətini göstərəcək.
Tədbirin gedişində metropolitenin daha bir ənənəsinə uyğun olaraq şən və hazırcavab Bəhram Bağırzadə uşaqlar üçün qələmə aldığı kitablarının imza gününü keçirəcək.
Dekabrın 30-31-i milli həmrəyliyimizi və Yeni ili səciyyələndirən musiqi parçalarının da yer alacağı konsert proqramları 4 stansiyada təşkil olunacaq. “İçərişəhər” stansiyasında saat 10:30-da başlanacaq iki hissədən ibarət proqram daha sonra “Sahil”, “28 May”, “Elmlər Akademiyası” stansiyalarında davam etdiriləcək. Konsert proqramının hər hissəsi hər biri 45 dəqiqə davam edəcək və növbə ilə 15:00-a qədər estafet növbəti stansiyalara veriləcək.
www.102info.az