Bir neçə gün öncə 44 günlük Vətən müharibəsi zamanı azad edilmiş torpaqlara növbəti səfərimiz baş tutdu. Səfər zamanı ölkə başçısının dekabrın 23-də Ağdamda açılışını və təməlqoymasını həyata keçirdiyi müxtəlif obyektlərdə olduq. Nə az, nə çox tam 10 fərqli məkan.
Onlardan ikisinin açılışı olub, səkkizinin isə təməli qoyulub. Hər səfər zamanı o yolları getdikcə qəhrəman əsgərlərimizin bu torpaqları azad etmək üçün hansı çətinliklərə sinə gərdiklərini bir daha hiss edirsən. Bir məsələni də etiraf etmək lazımdır ki, hər növbəti səfər daha böyük dəyişikliyin şahidi olursan. İlk dəyişiklik elə yollardan görünür. Belə ki, hər növbəti səfərdə yeni salınmış yolların uzunluğu artır. Hər tərəfdə iş gedir. Sanki insanlarımız 30 illik həsrətin qisasını almaq üçün daha çox iş görməyə, Qarabağımızın əvvəlki gözəlliyini özünə qaytarmağa, soydaşlarımızın isə oraya geridönüşünü təmin etməyə çalışırlar. Görülən işlərin də nəticəsi hər gün, hər ay görünür.
Bu düşüncələrlə artıq ilk dayanacağımız olan “Ağdam” qovşaq yarımstansiyasına çatdığımızı görürəm. Bizi “Azərenerji” ASC-nin Qarabağ Regional Elektrik Şəbəkəsinin rəisi Mircəlal Hüseynov qarşılayır. Xatırlayıram ki, onunla son üç ildə 4, yaxud 5-ci yarımstansiyadır ki, açılışı ilə bağlı, 5-6 stansiyanın isə təməlqoyulması ilə bağlı görüşürük. Elə həmsöhbətim də əvvəlki görüşlərimizə işarə edərək yeniliklərlə bağlı fikirlərimi soruşur.
M. Hüseynov deyir ki, “Ağdam” qovşaq yarımstansiyası azad olunmuş ərazilər üçün xüsusi əhəmiyyət kəsb edir. Bu, ötən il açılışı olan “Ağdam-1” yarımstansiyası ilə əlaqələnəcək. Qovşaq məsələsinə gəlincə isə, yarımstansiya Ağdamla yanaşı Xocalı rayonunun Əsgəran qəsəbəsinin və adıçəkilən rayonun digər ərazilərinin, həmçinin Ağdərə rayonunun enerji təchizatında hab rolunu oynaması ilə əlaqələndirmək olar.
Səfər zamanı növbəti baş çəkdiyimiz məkan isə Azərbaycan Prezidentinin Ağdama səfəri zamanı təməlini qoyduğu 4-cü və 5-ci yaşayış məhəllələrinin yerləşəcəyi ərazilərdir. Məkan haqqında məlumat verən Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə Prezidentin xüsusi nümayəndəsinin müavini Bəşir Hacıyev qeyd edir ki, məhəllənin tikintisinə qısa müddətdə başlanacaq.
Azərbaycanın işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramına uyğun olaraq bu məhəllələrə ümumilikdə 8 200-dən çox insan köçürüləcək. B.Hacıyev qeyd edir ki, 1-ci, 2-ci və 3-cü yaşayış komplekslərinin inşası ilə bağlı işlər uğurla yerinə yetirilir və tezliklə istifadəyə veriləcək.
Prezident İlham Əliyevin Ağdama səfəri zamanı ümumilikdə 1 657 fərdi evin tikintisi nəzərdə tutulan Qiyaslı, Salahlı Kəngərli və Qərvənd kəndlərinin təməli qoyulub. Qiyaslı kəndində 656, Salahlı Kəngərlidə 150 və Qərvənd kəndində isə 851 fərdi yaşayış evi tikiləcək ki, onlar da 2, 3, 4 və 5 otaqlı olacaq. Bu isə başqa bir mesajdır. Biz artıq Ağdama məhəllə-məhəllə, kənd-kənd qayıdırıq.
Azərbaycan Prezidentinin Ağdam səfəri daha bir hadisə ilə ağdamlıların xatirəsindən heç vaxt silinməyəcək. Belə ki, Prezident bu səfər zamanı Ağdam Mərkəzi Parkının təməlini qoyub. Hansı ki, həmin parkın ərazisində Ağdamın simvoluna çevrilmiş məşhur çay evi də yenidən tikiləcək. Ümumi sahəsi 5,5 hektar olan parkın ərazisində, həmçinin digər ictimai iaşə obyektləri olacaq.
Təxminən 2 il öncə Ağdamın Baş Planı ilə tanış olarkən şəhərdə bir çox Avropa şəhərlərinə xas olan geniş küçələrin və daxili yol şəbəkələrinin olacağı deyilmişdi. Bu gün artıq ilk daxili yollar hazırdır.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) bildirilib ki, Ağdam şəhərinin daxili yollarının inşaat işlərinin 2026-cı ildə yekunlaşması nəzərdə tutulub. Ağdamın Baş Planına əsasən, şəhərin daxili yollarının ümumi uzunluğu 189,7 km təşkil edir. Şəhərin yol və kommunikasiya şəbəkəsinin təməli Prezident tərəfindən 2022-ci ilin oktyabrında qoyulub. Şəhərin daxili yolları 2 və 8 hərəkət zolaqlı olmaqla 6 tip en kəsiyinə uyğun tikilməsi nəzərdə tutulub.
Belə ki, 189,7 km-lik yolun 17,5 km hissəsində 6-8 zolaqlı olmaqla torpaq yatağının eni 55-60 metr, 50 km hissəsində torpaq yatağının eni 35-40 metr olmaqla hərəkət zolaqlarının sayı dörd, 122,2 km hissədə isə hərəkət zolaqlarının sayı iki olmaqla torpaq yatağının eni 20-24 metr təşkil edəcək. Tikintisi başlanan avtomobil yollarının birinci mərhələ üzrə 58,7 km-lik hissəsinin tamamlanması nəzərdə tutulub.
Bundan əlavə ölkə başçısı məlum səfər zamanı Bərdə-Ağdam avtomobil yolunun da açılışında iştirak edib. Bərdə-Ağdam avtomobil yolunun təməli 2021-ci il mayın 28-də Prezident İlham Əliyev tərəfindən qoyulub.
Başlanğıcını Bərdə şəhərindən götürən avtomobil yolunun uzunluğu 44,5 kilometr təşkil edir. Avtomobil yolu dörd hərəkət zolaqlı olmaqla I texniki dərəcəyə uyğun inşa edilib.
Bərdə-Ağdam avtomobil yolunun 25-ci və 40-cı kilometrlik hissələrində 91,3 metr və 18,2 metr uzunluğunda avtomobil körpülərinin, yolun 14-cü və 42-ci kilometrlik hissələrində isə 66 metr və 43 metr uzunluğunda yol qovşaqlarının və 4-cü, 14-cü və 16-cı kilometrlik hissələrində yerüstü piyada keçidlərinin tikintisi uğurla icra olunub. Nəqliyyat vasitələrinin normal hərəkətinin təşkili üçün yolboyu üfüqi nişanlanma xətlərinin çəkilişi, yol nişanlarının və məsafə göstəricilərinin, həmçinin müasir məlumatverici lövhələrin quraşdırılması işləri icra olunmaqla yol beynəlxalq standartlar çərçivəsində istifadəyə verilib.
Qeyd edək ki, Bərdə-Ağdam avtomobil yolunun ilk 14 kilometrlik hissəsi Bərdə şəhəri və rayonun bir neçə yaşayış məntəqəsinin daxilindən keçir. Ümumilikdə isə yol Bərdə və Ağdam şəhərləri də daxil olmaqla, sözügedən həmin rayonların 20-dən çox yaşayış məntəqəsini əhatə edir.
Ağdama səfərimiz zamanı sonuncu baş çəkdiyimiz məkan Xaçınçay su anbarı oldu. Fərrux dağının ətəyində olan su anbarının ətrafı turizm üçün də xüsusi əhəmiyyətə malikdir. Ağdam Mexaniki Suvarma İdarəsinin rəisi Hafiz Əzimzadə deyir ki, işğal dövründə Xaçınçay baxımsız vəziyyətdə olub və ərazi azadlığa qovuşandan dərhal sonra yaradılan xüsusi komissiyanın qərarı ilə təmir-bərpa işlərinə başlanıb.
2021-ci ildən başlanan əsaslı təmir işləri nəticəsində 940 metr uzunluğunda bənd yenidən beton üzlüyə alınıb. Həmçinin 7 000 metrlik suaparıcı kanal beton üzlüyə alınaraq üzərində hidrotexniki qurğular quraşdırılıb.
Ağdam rayonu ərazisində yerləşən Xaçınçay su anbarı 1964-cü ildə istismara verilib. Anbarın yaradılmasında məqsəd 7 000 hektar ərazidə əkin sahələrinin suvarılması olub və bu məqsədlə yaradılan Xaçınçayın uzunluğunun 2 500 metr, eninin 1 500 metrdir. Onun üzərindəki bəndin uzunluğunun 940 metrə çatır su səthinin güzgü sahəsinin 176 hektar olması burada 23 milyon kubmetr su ehtiyatı toplamağa imkan verir. Minerallarla zəngin sudan istifadə edilməklə becərilən torpaqlar daha məhsuldar olur.
www.RIA24.az