Elçin Əmirbəyov: “Minalar və dağıntılar Qarabağda əvvəlki həyata qayıtmaq üçün əsas maneədir”

Dünya


Azərbaycanın Qarabağ regionunda Ermənistanın işğalı illərində yerləşdirilən mina və törədilən dağıntılar keçmiş məcburi köçkünlərin işğaldan azad edilmiş ərazilərə “Böyük Qayıdış” proqramının tam şəkildə həyata keçirilməsinə maneə yaradır.

Bunu Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov Estoniyanın ERR yayım şirkətinə müsahibəsində deyib.

Onun sözlərinə görə, sözügedən dövlət proqramının icrasına başlamazdan əvvəl Qarabağdan qovulmuş sakinlər arasında sorğu keçirilib və respondentlərin 85 faizdən çoxu geri qayıtmaq arzusunda olduğunu bildirib:

“Rəsmi olaraq Qarabağ iqtisadi regionundan olan 750 mindən çox məcburi köçkün rəsmi olaraq yaşayış yerlərini müvəqqəti tərk etmiş insanlar adlanır. İndi söhbət onların Qarabağdakı daimi yaşayış yerlərinə qayıtmasını təmin etməkdən gedir. “Böyük Qayıdış” dövlət proqramının icrasına başlamazdan əvvəl bu insanlar arasında sorğular aparılıb və sorğuda iştirak edənlərin 85 faizdən çoxu geri qayıtmaq istədiyini bildirib. Geri qayıtmaq arzusunu təkcə oradakı həyatlarını, oradan necə qovulduqlarını xatırlayanlar deyil, həm də gənc nəsil, yəni o zaman etnik təmizləməyə məruz qalanların övladları, nəvələri də ifadə ediblər”.

E.Əmirbəyov vurğulayıb ki, Azərbaycan, Ermənistan və Rusiya liderləri arasında üçtərəfli saziş imzalanandan bəri geri qayıdan keçmiş məcburi köçkünlərin sayı 5 min nəfər təşkil edib, 2026-cı ilin sonuna isə bu rəqəmin 140 min nəfərə çatdırılması planlaşdırılır:

“Təxminən 10 min kvadrat kilometr ərazi həm piyada, həm də tank əleyhinə minalarla çirkləndirilib, üstəlik partlamamış mərmilər də nəzərə alınmalıdır. Aydındır ki, insanları ora köçürməzdən əvvəl bu ərazi minalardan təmizlənməli idi. Sonra əsas infrastruktur yaradılmalı idi – evlər, xəstəxanalar, məktəblər və s. Ona görə də, infrastruktur artıq yaradıldığı üçün məcburi köçkünlərin öz evlərinə qayıtma sürəti, əlbəttə ki, artacaq – 2026-cı ilin sonuna isə bu rəqəmin 140 min nəfərə çatdırılması planlaşdırılır”.

 

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir