“Ötən il Azərbaycan şahmatı üçün uğurlu alındı”.
Bu sözləri AZƏRTAC-a açıqlamasında qadın şahmatçılardan ibarət Azərbaycan millisinin üzvü Gövhər Beydullayeva deyib.
Gənc şahmatçı ötən il Azərbaycanda bir sıra mötəbər şahmat yarışlarının keçirildiyini bildirib: “Ümummilli lider Heydər Əliyevin 100 illiyinə həsr olunmuş bir sıra şahmat tədbirləri və festivalları baş tutdu. Həmçinin Dünya Kuboku paytaxtımızda yüksək səviyyədə təşkil olundu. Mən və komanda yoldaşlarım müxtəlif yarışlardan Vətənə yüksək nəticələrlə qayıtdıq. Nicat Abbasovun Dünya Kubokundakı möhtəşəm çıxışını qeyd edə bilərəm. O, bu nəticə ilə, çox güman ki, İddiaçılar turnirində oynamaq şansı qazanacaq. Ötən ilin digər tarixi nəticəsi qadınlardan ibarət millinin Avropa çempionatında gümüş medal qazanması oldu. Komandanın üç üzvü öz taxtalarında yüksək nəticə əldə etdilər”.
G. Beydullayeva Azərbaycan şahmatçılarının 2024-cü ildə də ciddi uğurlar qazanacağına inandığını söyləyib: “Bizi sentyabrda Macarıstanın paytaxtı Budapeştdə Ümumdünya Şahmat Olimpiadası gözləyir. Artıq həmin yarışın hazırlıqlarına başlamışıq. Ümid edirəm ki, Azərbaycanın kişi və qadın yığmaları bu turnirdən də medallarla dönəcəklər. Qadınlar və kişilər arasında şəxsi Avropa çempionatlarında yüksək nəticələr əldə etməyə, eləcə də Dünya Kubokuna vəsiqə qazanmağa çalışacağıq”.
www.RIA24.az