“Azərbaycanda nə qədər tarzən var – çoxu mənim tələbəmdir. Mən sənətimizi bir çox dünya ölkələrində təmsil etmişəm. Aygün Bəylər, Səkinə İsmayılova, Xeyransa, Ağaxan Abdullayev və s. sənətkarları müşayiət etmişəm. Mənim bu işlərimdən danışsınlar. 80 yaşım var. 80 yaşında bir tarzən göstərin ki, ifa edə bilir. Sosial şəbəkələrdə haqqımda, ünvanıma tənqidlər yazırlar. Yaxşı, bəs mən nə edim?”
Bunu Moderator.az-a açıqlamasında tanınmış tarzən Elxan Müzəffərov deyib. Əməkdar artist Aygün Bəylərin dəfnində İctimai TV-nin müxbirinin sualına etiraz edən sənətkar məsələnin, əslində, necə olduğunu izah edib.
“Evlərindən zəng etdilər ki, “Elxan müəllim, bir ağsaqqal kimi gəlin qapımıza”. Aygünün xətrinə, onu çox istədiyimə görə durub getdim. O soyuqda, üşüyə-üşüyə gedib dayanmışam. Evlərində də millət doludur, yer yoxdur. Bir də gördüm ki, çəkiliş heyəti gəldi. Təxminən 10-a yaxın kamera bizi çəkirdi. Məndən əvvəl Aygünün kiçik bacısı onlara etiraz etdi. Dedi ki, “gəlmisiniz, sağ olun, amma hərəkətlərinizə fikir verin”.
Evdə ağlaşma gedir, bunlar öz haylarındadırlar. Mən də çəkilib kənarda dayanmışdım. Heç vaxt özümü göstərməmişəm, ortalıqda olmamışam. Aygünün bacısı ikinci dəfə etiraz etdi, dedi ki, “yığışdırın kameraları, camaat orada ağlayır, siz burada bazar açmısınız, bura konsert deyil”.
Başa düşürəm, jurnalist öz vəzifə borcunu yerinə yetirməlidir. Amma onlara öncədən xəbərdarlıq olunmuşdu axı. Heç olmasa, bu vəziyyətdə ev yiyəsini, yaxınlarını başa düşmək lazımdır. İnsan həssas olur. Bir də gördüm ki, qız mənə yaxınlaşdı. Mənə sual verdi ki, “siz Aygünün qohumusunuz?” Dedim ki, nə fərqi var, qohumam, kəndçisiyəm, nə lazımdır?! Mən də bacısını misal gətirib dedim ki, “bayaq sizə dedilər ki, yığışdırın kameraları”.
Əvvəla, lazım olsa, özüm xahiş edərəm ki, gəlin məndən müsahibə alın. Mən, onsuz da, axşama qədər orada idim, bir müddət keçəndən sonra da mənə yaxınlaşa bilərdilər. Necə ki, sizin sayt məndən həmin hadisədən bir gün öncə müsahibə almışdı, mən də sevərək bütün xatirələrimi bölüşmüşdüm. Sadəcə olaraq, o anda müsahibənin yeri deyildi. Həm də axı onun ailəsi etiraz edir. Belə başa düşürəm ki, bu, qurma işdir. Bilmirəm ki, kim ona deyib ki, gəlib mənə yaxınlaşsın?! Bir həftə öncə İctimai TV-də “Ustad dərsi” verilişində çıxış etmişəm. O kanala da, aparıcılarına da hörmətim var, hər zaman mədəniyyətimizi təmsil edir. Sadəcə olaraq, həssas dönəmlərdə insana yaxınlaşanda yüz ölçüb, bir biçmək lazımdır. O anda insan əsəbi olur, bilmir dərdinə ağlasın, yoxsa suallara cavab versin”, – sənətkar deyib.
Qeyd edək ki, tarzən Elxan Müzəffərov mərhum müğənni Aygün Bəylərin atası evinə gətirildiyi gün İctimai TV-nin müxbirinin suallarına kobud cavab verib, müxbirin onun üstünə öyrədilərək göndərildiyini iddia edib.
www.RIA24.az