Baba Vəziroğlu yubileyini qeyd edir

Cəmiyyət


Bu gün nasir, şair, tərcüməçi, kinodramaturq, Əməkdar incəsənət xadimi Baba Vəziroğlunun doğum günüdür.

Oxu.Az xatırladır ki, Əməkdar incəsənət xadiminin 70 yaşı tamam olur.

Baba Vəzir oğlu Məsimov 1954-cü il yanvarın 10-da İsmayıllı rayonunun Mollaisaqlı kəndində anadan olub.

O, Hacıhətəmli kənd orta məktəbini bitirdikdən sonra “Pravda” kolxozunda işləyib. Daha sonra Azərbaycan Dövlət Universitetinin (ADU) jurnalistika fakültəsində 1972-77-ci illərdə təhsil alıb.

Azərbaycan Yazıçılar İttifaqında bədii ədəbiyyatı təbliğ bürosunda təlimatçı (1979) olub, Azərbaycan Yazıçılar İttifaqında məsləhətçi işləyib (1979-91).

Şair 1989-cu ildə “Molla Nəsrəddin” jurnalının baş redaktoru vəzifəsində çalışıb. 1991-ci ildə isə Azərbaycan Yazıçılar Birliyi İdarə Heyətinin üzvü seçilib.

Ədəbi fəaliyyətə 1976-cı ildə “Ulduz” jurnalında çap etdirdiyi “Bir yaz axşamı”, “Maqazinçi Dadaş” hekayələri ilə başlayıb.

Həmin vaxtdan dövri mətbuatda şeir və nəsr əsərləri ilə fəal çıxış edir. Klassik rus şairlərindən tərcümələr edib. Əsərləri xarici ölkə xalqlarının dillərinə tərcümə olunub. Uzun illər teleşirkətdə aparıcı olub. “Mir” Dövlətlərarası Teleradio Şirkətində redaktor (1997-98), Azərbaycan Kinematoqrafçılar İttifaqında baş redaktor (1998-2002) olub. Hazırda orada İdarə Heyətinin katibidir (2002-ci ildən). Sonra orada ədəbi proqramlar studiyasının müdiri (1991-92), “Yurd” jurnalının məsul katibi (1993-94), “İstedad” jurnalının baş redaktorunun müavini (1994) işləyib.

Baba Vəziroğlunun mindən artıq şeirinə mahnı bəstələnib. “Həsən Seyidbəyli”, “Yeri boş qalan adam” (Rəşid Behbudov), “Sənsiz və ya ömrün son axşamı” (Həsən Turabov), “Haradan başlanır Vətən”, “Elegiya” (Zərifə Əliyeva), “Beş nəğməlik ömür” (Oqtay Kazımov) və s. sənədli filmlərin ssenari müəllifidir. İ.Karacalenin “İtirilmiş məktub” dram əsərini Azərbaycan dilinə müvəffəqiyyətlə tərcümə etdiyinə görə SSRİ Mədəniyyət Nazirliyi və Ümumrusiya Teatr Cəmiyyətinin diplomuna layiq görülüb (1983). Azərbaycan Yazıçılar İttifaqında Gənc Nasirlər Birliyinin rəhbəri olub. M.Qorki adına Ədəbiyyat İnstitutunun nəsr şöbəsini qiyabi bitirib (1985). Sovet nümayəndə heyətinin tərkibində Bolqarıstanda tərcüməçilərin beynəlxalq müşavirəsində iştirak edib (1982), ADR Yazıçılar İttifaqının dəvəti ilə ADR-də yaradıcılıq ezamiyyətində olub (1984). Gənc yazıçıların Moskvada keçirilən VIII Ümumittifaq müşavirəsində nümayəndə kimi iştirak edib (1984). “Humay” mükafatı laureatıdır (2000). Respublikanın Əməkdar incəsənət xadimidir (2005). 2020-ci ildə Azərbaycan ədəbiyyatının inkişafında xidmətlərinə görə “Şöhrət” ordeni ilə təltif edilib.

Ailəlidir, iki qızı, bir oğlu var.

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir