“Əmək pensiyaları haqqında” Qanuna əsasən, qadınların pensiyaya çıxma yaşı 2024-cü ildə daha altı ay artırılacaq. Bununla da 2024-cü il iyulun 1-dən pensiyaya çıxmaq istəyən qadınlardan yaş tələbi 63 yaş 6 ay olacaq.
Ölkədə 2020-ci il iyul ayının 1-dən kişilərin pensiya yaşı 65 il təşkil edir. Həmin vaxt qadınlar 62 yaşında pensiya ala bilirdilər. Qadınların pensiya yaşının hər il altı ay artırılması və 2027-ci ildə kişilərlə eyni – 65 yaş – olacağı qanunda öz əksini tapıb.
Əvvəlcə diqqətə çatdıraq ki, sözügedən qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il altı ay artırılaraq aşağıdakı qaydada müəyyənləşdirilib:
Dövr |
Kişilər üzrə pensiya yaşı |
Qadınlar üzrə pensiya yaşı |
1 iyul 2017 – 30 iyun 2018 |
63 il 6 ay |
60 il 6 ay |
1 iyul 2018 – 30 iyun 2019 |
64 il |
61 il |
1 iyul 2019 – 30 iyun 2020 |
64 il 6 ay |
61 il 6 ay |
1 iyul 2020 – 30 iyun 2021 |
65 il |
62 il |
1 iyul 2021 – 30 iyun 2022 |
65 il |
62 il 6 ay |
1 iyul 2022 – 30 iyun 2023 |
65 il |
63 il |
1 iyul 2023 – 30 iyun 2024 |
65 il |
63 il 6 ay |
1 iyul 2024 – 30 iyun 2025 |
65 il |
64 il |
1 iyul 2025 – 30 iyun 2026 |
65 il |
64 il 6 ay |
1 iyul 2026 və sonra |
65 il |
65 il |
Cədvəldən də göründüyü kimi, 2024-cü il iyulun 1-dən 2025-ci il iyunun 30-na kimi 64 yaşı tamam olan qadınlar pensiyaya çıxa biləcəklər.
Pensiyaya çıxmaq üçün tələb olunan iki əsas şərt:
Yaşı uyğun gələn şəxslərin pensiyaya çıxa bilməsi üçün iki şərtdən biri ödənilməlidir: ya pensiya yaşına çatan şəxslərin pensiya kapitalı minimum pensiya kapitalından çox olmalıdır (hazırda bu kapital 40 320 manatdır – red.), ya da ən azı 25 il sığorta stajı olmalıdır. Yaşa görə əmək pensiyası pensiya hüququ olan şəxsin müraciəti əsasında, ömürlük təyin edilir. Minimum pensiya məbləği 280 manatdır.
Pensiya kapitalı anlayışı nədir?
Pensiya kapitalı anlayışı iki hissədən ibarətdir: 1) Fərdi uçot sistemində yığılan pensiya kapitalı 2) Güzəşt müddətinə görə hesablanan əlavə pensiya kapitalı.
Misal üçün: Hesab edək ki, 64 yaşı tamam olan bir qadının fərdi pensiya hesabında 50 min manat, yəni tələb olunandan çox pensiya kapitalı var. Bu kapitala görə, pensiya 347,22 manat olacaq. Həmin şəxsin 2006-cı ildən 2018-ci ilin iyulun 1-nə qədər də pensiya kapitalı olduqda isə ona əlavə 21 il staj hesablanacaq. 2006-cı ildən əvvəlki dövr isə hesablanmır.
Mövcud qaydalara əsasən, əlavə stajların hər ilinə görə 306 manat pensiya kapitalı hesablanır. Bu məbləğ, inflyasiyaya uyğun olaraq, hər il artırılır. Əlavə staja görə də kapital hesablandıqda pensiya yaşına çatan şəxsin pensiyası artıq 347,22 manat yox, 388,16 manat təşkil edəcək.
Qeyd edək ki, bu il (2024-cü ildə) pensiyaya çıxanlar üçün əlavə staj 21 ildir və hər il əlavə staj bir il olmaqla azaldılır. Əgər vətəndaş pensiya yaşına çatıb, amma lazımi qədər kapitalı yoxdursa, o zaman staja baxılır.
Deyək ki, pensiya yaşına çatan şəxsin 30 min manat pensiya kapitalı var. Bu o deməkdir ki, onun kapitalı minimum tələbdən (40 320 manatdan) 10 320 manat azdır. Amma onun şəxsi pensiya kapitalının bir hissəsi 2018-ci il iyul ayının 1-nə qədər toplanmaqla yanaşı, onun 2018-24-cü illərdə ən azı dörd il stajı da var. Bu halda ona 21 il əlavə staj verilir və ümumi staj 25 il təşkil edir. Bu halda o staja görə pensiyaya çıxa bilir və bu zaman pensiyası 316,5 manat təşkil edir.
Fərdi hesabdakı kapital 30 min manatdan az olarsa, təbii ki, təyin edilən pensiya məbləği də azalır. Azalan məbləğ isə heç bir halda minimum pensiyadan az ola bilməz.
Fərdi hesabda toplanan kapital minimum kapitaldan az olduğu və 2018-ci il iyulun 1-nə qədər pensiya kapitalı toplanmadığı halda vətəndaş pensiyaya çıxa bilmir və ona yaşa görə müavinət təyin edilir. Hazırda yaşa görə müavinətin məbləği 220 manat təşkil edir.
Dövlət Sosial Müdafiə Fondunun açıqlamasında göstərilir ki, 2023-cü il iyulun 1-nə ölkə ərazisində pensiyaçıların ümumi sayı 1 milyon 96,6 min nəfər, aylıq pensiyaların orta məbləği isə 435 manatdır. Qeyd edək ki, 2023-cü il yanvar ayının 1-nə 1 milyon 114,2 min nəfər pensiyaçı qeydə alınmışdı. Bu isə o deməkdir ki, yarım il ərzində pensiyaçıların sayı 17,6 min nəfər azalıb.
Əzizə İsmayılova
www.102info.az