Azərbaycana qarşı təxribatlar Ermənistan üçün ağır fəlakətlər yarada bilər.
Bunu “Report”a açıqlamasında Milli Məclisin deputatı Aydın Hüseynov deyib.
Onun sözlərinə görə, 2020-ci ildəki acı hərbi-diplomatik məğlubiyyətdən sonra hələ də şok yaşayan İrəvanı yenidən müharibə və revanşla ümidləndirənlər, xarici havadarlar regionda vəziyyəti gərginləşdirməyə çalışır: “Prezident İlham Əliyevin yerli televiziya kanallarına müsahibəsində vurğuladığı kimi, Ermənistanı silahlandırma cəhdlərinin məqsədi bizi daim təzyiq altında saxlamaqdır. Burada da Fransa yenə ön plandadır. Bu gün Ermənistanı silahlandıran, onlara ürək-dirək verən, erməni hərbçiləri hazırlayan və növbəti müharibəyə hazırlayan ölkə Fransadır”.
Deputat qeyd edib ki, Fransa Ermənistanın ərazi bütövlüyünün müdafiəçisi qismində çıxış etməklə və terrorçu dövlətin arxasında dayanmaqla dünyada faşizm ideologiyasının müdafiəçisinə çevrildiyini biruzə verir: “Xüsusilə də xaricdəki terrorçu təşkilatların əli ilə radikal birləşmələr, qruplar və faşist təmayülünə bağlı olanlar Ermənistanda aktivləşərək Azərbaycanla müharibəyə cəhd edirlər. Ermənistanı sliahlandıranlar, eləcə də rəsmi İrəvan anlamalıdır ki, nə qədər silah alınsa və Azərbaycana qarşı hər hansı bir təhlükə mənbəyi olsa, dərhal o təhlükə mənbəyi məhv ediləcək”.
“Rəsmi Bakının sülh təkliflərinə qarşı çıxmaq və təxribatlar törətmək İrəvanı daha ağır fəlakətə sürükləyə bilər. Ermənistanın radikal qüvvələri son 3 ildəki acı məğlubiyyətdən, ötən il keçirilmiş bir günlük anti-terror əməliyyatından nəticə çıxarmalıdırlar. Onlar bir də torpağımıza hücum etmək, dövlət sərhədimiz pozmaq fikrinə düşsələr, bu dəfə daha ağır zərbə alacaqlar. Erməni faşizminin başı əzilib, Azərbaycan imkan verməyəcək ki, bir daha onlar başını qaldırsın. Çünki Azərbaycan Ordusu öz ərazi bütövlüyü və suverenliyinə qarşı bütün təhdidlərə ən sərt formada cavanb verəcək. Yaranmış gərgin vəziyyətə görə bütün məsuliyyət tamamilə Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşəcək”, – A.Hüseynov qeyd edib.
Deputat vurğulayıb ki, Azərbaycan ən yüksək iradə ilə bölgədə sülh və əməkdaşlıq üçün əzmkarlıq göstərir, cənab Prezident olduqca sülhpərvər və humanist mövqe nümayiş etdirir: “Onun bəyan etdiyi kimi, bütün bölgədə, cəmiyyətdə sakitləşmə olmamalıdır. Artıq müharibələrə ehtiyac yoxdur, hər kəs sülh və əmin-amanlıq istəyir. Yeni dövr başlayır və Ermənistan da bu imkanlardan yararlanaraq bölgə ölkələrinə inteqrasiya olunaraq öz inkişafını təmin edə bilər”.
www.RIA24.az