“Bəzən filmlər haqqında 8-10 dəqiqəlik tənqid videosu çəkmişəm. Bu da həmin filmin rejissorunun, prodüserinin xoşuna gəlməyib. Məni təhdid edib videonu silməyimi istəyiblər, silməmişəm. Daha sonra məhkəməyə verəcəklərini deyiblər”.
Oxu.Az sosial platformalarda 30 mindən çox izləyicisi olan film tənqidçisi Hacı Səfərov ilə müsahibəni təqdim edir:
– Hacı Səfərovu bir qədər tanıyaq. Təvəllüdünüz, təhsiliniz, bu sahə ilə bağlılığınız…
– 1996-cı ildə Bakı şəhərində anadan olmuşam. 2013-cü ildə Azərbaycan Dövlət İqtisadiyyat Universitetində təhsil almağa başlamışam. Lakin təhsilimi yarımcıq qoydum və 1 il sonra Türkiyəyə imtahan verdim. Türkiyənin İstanbul Universitetində Türk dili və Ədəbiyyatı ixtisası üzrə təhsilimi davam etdirdim. 2018-ci ildə ali təhsilimi bitirdim. Həmin ilin dekabrından filmlər haqqında maraqlı məzmun yaratdım. 2019-cu ildən isə kino tənqidçisi kimi fəaliyyət göstərirəm. Bundan öncə bir sıra təlimlərdə, festivallarda iştirak etmişəm. Məsələn Balkanlar və Cənubi Qafqaz üçün vacib olan Sarayevo film festivalının nəzdində keçirilən “Sarayevo Talant” adlı bölməyə namizəd kimi seçilmişəm. Varşava film festivalında gənc jürilərdən olmuşam. Bunun kimi bir çox festivallarda iştirak etmişəm.
– TikTok platformasının kifayət qədər bayağı kontentlərlə dolu olduğunu nəzərə alsaq, sizin səhifənizin yaxşı mənada diqqət çəkməsi əla haldır. Bu kontenti yaratmaq haradan ağlınıza gəldi?
– Bu kontenti 2018-ci ildən yaratmışam. Hər zaman daha çox auditoriyaya bu məlumatları çatdırmaq istəmişəm. Bir çox platformalar yəqin ki, bu kontentə uyğun olmadığı üçün istədiyim auditoriyanı toplaya bilmirdim. İzləyəci kütləsi az olurdu. Daha sonra”TikTok” platforması ilə maraqlandım. Gördüm ki, platforma üzərindən qısa, lokanik videolar çox böyük kütlələrə çatdırıla bilir. Düşündüm ki, niyə də bu platformada öz kontentimi nümayiş etdirməyim? Beləcə, yavaş-yavaş bu paltformada kino ilə bağlı paylaşımlar etməyə başladım. Uğurlu oldu və düşünürəm ki, “TikTok” platformasında olan boşluğu da bir növ doldurmuş oldum.
Çünki platformanın qiymətləndirilməsi məzmunlar, kontentlər üzərində aparılmalıdır. Heç bir platforma pis deyil, əgər yaxşı istifadə etməyi bilirsənsə, maraqlı kontent yarada bilərsən. Düşündüm ki, yaradıcı kontent olacaq, insanları maarifləndirəcək videolar olacaq. Artıq bu kontentimi 1 ildən çoxdur ki, “TikTok” üzərindən aparıram. İnsanlar bir çox Azərbaycan filmləri, dünya ölkələrində çəkilən filmlər barədə maraqlı məlumatları bu videolar vasitəsilə öyrənirlər. Gələn rəylərdən başa düşürəm ki, səhifəmi sevə-sevə izləyirlər.
– İlk belə nöqsan aşkarladığınız film nə zaman və hansı olub?
– Əslində filmlərdə tapılan müəyyən səhvlər insanları qıcıqlandırır. Onlar elə düşünürlər ki, bu filmlər yaxşıdır. Filmdə səhv olması o filmin pis olması anlamına gəlmir. Həmin səhvlərlə bağlı çəkdiyim videolar arasında ən məşhuru “Yeddi oğul istərəm filmi”ndə gözəçarpan nüansdır. Çəkiliş zamanı arxadan avtobus keçir. Bu nöqsanı da əslində mən yox, bir qohumumuz tapmışdı. O, mənim kontentimi bilirdi və gözünə sataşan bu səhnəni mənə bildirmişdir.
Həqiqətən də filmi izlədim və gördüm ki, Mirpaşanın öldürüldüyü səhnədə arxadan avtobus keçir. Film 1920-ci illəri əhatə edir və o dövrdə bu cür avtobusun olması mümkünsüz idi. Ölkəmizdə avtobuslar 1960-cı illərdən sonra geniş yayılmağa başlayıb. Həmin səhvi paylaşdım və bu, az qala yarım milyondan çox insan tərəfindən izlənildi.
– 2023-cü ilin ən bəyəndiyiniz, izlədiyiniz filmləri paylaşmısınız. Bəs sizcə, ümumiyyətlə ən çox izlənən filmlər hansılar olub?
– Paylaşdığım və ilk 10-luq üzrə qiymətləndirdiyim 2023-cü ildə çəkilən filmlər mənim şəxsi zövqümdür. Öz izlədiyim filmlər arasında seçimlərə üstünlük verirəm. Çalışıram ki, yeni çıxan və kinostudiyalara gələn keyfiyyətli filmlərin hər birini izləyim. İzlədikcə onlar arasında seçimlər edirəm. O filmləri dünyada hər hansı festivalda iştirak edib-etməməsinə görə, reytinq göstəricilərinə görə, İMDB və digər filmləri reytinq üzrə qiymətləndirə biləcəyim platformalara baxaraq seçirəm. İl ərzində 50-70 film izləyirəmsə, onlar arasında bəyəndiyim 10 filmi seçib izləyicilərimlə paylaşıram. Bu şəxsi zövq olduğu üçün hər kəsin bu siyahı ilə razılaşmalı olduğunu düşünmürəm.
Elə bir film ola bilər ki, orada hansısa səhnə mənə çox təsir etmiş olsun, amma digər bir nəfər üçün o film çox sadə gələ bilər. Bu siyahı subyektivdir, obyektiv olduğunu deyə bilmərəm.
– Türkiyədə hər ay demək olar ki, bir serial, hər il isə filmlər çəkilir. Aktyor və aktrisalar isə fəaliyyətlərinə görə müvafiq dövrlərdə qiymətləndirilir, hətta laureat alırlar. Necə düşünürsüz Azərbaycanda niyə çəkilən seriallar və orada obrazları canlandıran aktyor və aktrisalar, eləcə də, çəkilən seriallar gündəm olmur?
– Düşünürəm ki, bizdə çəkilən serialların əsas problemi maliyyədir. İstər aktyorlar, istər texniki işçilər kifayət qədər maliyyə ayrılmadığı üçün məcburiyyətdən keyfiyyəti aşağı salmalı olurlar. Amma maliyyə ayrıldığı zaman keyfiyyətli işlər ortaya qoymaq olur. İTV-də yayımlanan “Əqrəb mövsümü” serialı kifayət qədər izləndi. Hətta “Youtube”da 1 milyonu keçən baxışları var.
Bizdə film sahəsində yaxşı iş olanda həm gündəm olur, həm də maraqlı müzakirələr olur. Həmin serialların PR məsələsinə xüsusi diqqət edilmir. Türkiyə, eləcə də, digər ölkələr də serialların, filmlərin PR məsələsinə xüsusi diqqət ayrılır. Məncə əsas məsələ düzgün PR, maliyyə və yaxşı iş ortaya qoymaqdır. Yaxşı iş olduğu zaman hər kəs onu dəyərləndirir.
– Ümumiyyətlə yaşınız az olsa da, film sahəsinə marağınız bu sahə ilə məşğul olan bəzi insanlardan daha çoxdur. Necə düşünürsüz, 1970-ci illərdə çəkilən filmlərdən niyə bu gün çəkilmir?
– Düşünürəm ki, buna səbəblərdən biri Azərbaycanda kinoteatrların sayının o illərlə müqayisədə azalmasıdır. O illərdə kinoteatr sistemi var idi. Filmlər çıxanda izlənilməsi üçün kinoteatrlara verilirdi. Filmi izləmək istəyənlər ödəniş edərək kinoteatrlarda filmləri izləyirdi və bununla da müəyyən bir maliyyə formalaşırdı. Bir növ filmlər öz-özünü maliyyələşdirirdi. Formalaşan büdcə ilə də yeni filmlər çəkilirdi. Həmin filmləri təsdiqləyən redaksiyalar olurdu, keyfiyyətinə nəzarət edən şəxslər olurdu. Daha sonra həmin filmi çəkən insanlar da təhsilli olurdu, sahəni bilən adamlar olurdu. İstər ölkədə, istərsə də Rusiyada təhsil alan mütəxəssislər film çəkirdi. Bütün bu nüanslara kompakt şəkildə normativlər üzrə tətbiq ediləndə ortaya çıxan film də keyfiyyətli, yadda qalan olurdu.
– 1970-lər ən yaxşı filmlər çəkilən dövrlərimizdən biridir. Siyahı ilə razısınız?
– Əslində bu illəri Azərbaycan kinosu üçün intibah dövrü hesb etmək olar. Xüsusilə 1960-cı illərin sonu 1970-ci illərin əvvəlində sovet dövlətlərində ənənələrə qayıdış ərəfələri kimi hesab edilə bilər. Milli kimliyin tanınması, özünəxas süjet xəttinin çəkilməsi məsələsi var idi. Çünki ondan əvvəl sosialist-realizmin təsiri var idi. 1960-cı illərin sonu fərqli hekayə danışmağa çalışırdılar və bu, öz növbəsində dünya kinosundan da yan keçmədi.
Odur ki, mən bu illəri Azərbaycan kinosunun ən uğurlu dövrü saya bilərəm. Bu illərdə çox peşəkar, ustad aktyorlar, rejissorlar meydana çıxıb. Onlar bu gün də Azərbaycan kinosunun ən peşəkar simaları sayılırlar, adlarını sadalamağa belə, ehtiyac duymuram. Bütün bu komponentlər bir yerə gəldikdə – yaxşı ssenari, yaxşı rejissor, yaxşı aktyor, texniki heyət, film yaxşı olur. Film üçün başqa nə lazım ola bilər ki?
– Azərbaycan kinosunun ən yaraşıqlı aktyorlarından biri – Ələsgər İbrahimov barəsində video paylaşmısınız. Bu hansı meyarlarla seçilib, deyə bilərsiniz?
– Ələsgər İbrahimov həqiqətən də Azərbaycan kinosunun ən yaraşıqlı aktyorlarından biridir. Burada əsas məsələ meyar deyil. Yəni elə bir meyar yoxdur ki, deyək bu insan yaraşıqlıdır, ya deyil. Amma onun filmlərdə canlandırdığı rollara baxmaqla onun film sektorunda hansı yerdə olduğuna qənaət gətirmək olar. Məsələn “İnsan məskən salır” filmində baş rolda oynayıb. O öz dövründə dünya kinosunda populyar olan bir çox ulduz aktyorlara da çox bənzəyirdi.
Düşünürəm ki, mənim bu məsələdə nümayiş etdirdiyim mövqe insanların diqqətini ona çəkmək olur. Tanımayanlar varsa da belə, o insan öz dövrünün əhəmiyyətli şəxslərindən biri olub. Çalışmışam ki, izləyiciləri Azərbaycan kinosuna töhfə vermiş bu aktyor barəsində məlumatlandırım, onun haqqında daha çox məlumat almağa cəhd etsinlər.
– Hər il Yeni il günlərində bir çoxlarının evinin qonağı olan məşhur “Evdə Tək” filmi. Siz də qeyd etmisiniz ki, filmin ssenarisi cəmi 9 günə yazılıb. Amma qazandığı populyarlığa baxın. Bizim filmlər arasında sizin diqqətinizi çəkən elə bir film varmı?
– Azərbaycanda çəkilən filmlər xüsusilə sovet dövründə çəkilib və o ərəfələrdə populyar olub. Düşünmürəm ki, o illərdə ssenarisi 9 günə yazılmış film olsun. O illərdə ssenarilər müəyyən komissiyadan keçirdi, yenidən oxunuş və baxış olurdu. Filmlər elə də qısa zamanda ərsəyə gəlmirdi. Amma Azərbaycanda kifayət qədər məşhur və maraqlı filmlər olub ki, dünya səviyyəsində olmasa da, yerli auditoriyanın marağını çəkib.
Məsələn, “Yuxu” filmi. Bunu çox çətinliklə çəkiblər. 1992-1993-cü ildə çəkilişlərinə başlanılan filmi yekunlaşdırmaq mümkün olmayıb. Çünki maliyyə problemi yaranıb. Bu filmin çəkilişləri yalnız 2001-ci ildə yekunlaşdırılıb. Yaxud da müstəqillik dövründən sonra çəkilən – 1993-cü ildə “Güllələnmə təxirə salınır” adlı film var. Həmin filmin lentləri itib. Daha sonra uzun müddət 9 -10 il sonra bu filmin itən lentləri tapılıb. Yalnız ondan sonra film nümayiş etdirilə bilib. Yəni film çəkilişlərində belə maraqlı məqamlar olub. Bu filmlər bu qədər çətinliklə çəkilib və izləyicilər tərəfindən də kifayət qədər sevilib.
– Çində məşhur “Arşın mal alan” tamaşamızın oynanıldığı barədə məlumatlar paylaşmısınız. Bu özü də kifayət qədər axtarış, araşdırma tələb edir. Heç bu layihənizlə bağlı film studiyalarından, Mədəniyyət Nazirliyindən sizə əməkdaşlıq təklifləri gəlibmi?
– Xeyr, hazırladığım bu kontent və paylaşdığım materiallarla bağlı Mədəniyyət Nazirliyi tərəfindən heç bir təklif almamışam. Hətta mən özüm öz təşəbbüsümlə kinoteatrlara müraciət edib, onlarda olan filmlərlə bağlı izləyicilərə müraciət etməyi, paylaşmağı təklif etmişəm. Lakin onlar bu təklifimə o qədər də maraqla yanaşmayıblar. Düşünürəm ki, belə olan halda edə biləcəyimiz çox şey qalmır. Bu videoların davamlı olması və keyfiyyətli qalması üçün başqa mənbələrdən sponsorlar cəlb edə bilərəm.
Amma əlbəttə kinoteatrlardan və nazirlikdən belə bir layihə üçün dəstək göstərilməsi yaxşı olardı. Birgə iş görülməsinə hazıram. Amma hazırda belə bir təklif yoxdur, olsa yaxşı olardı. Olmasa da canları sağ olsun. Bu gün mən bu işi kinonu və bu sahəni sevdiyim üçün edirəm və davam edəcəyəm.
– Bəs bəzi məqamları mədəniyyət işçiləri bilsə də, çoxları bilmirdi. Filmlərdəki nöqsanları qeyd etdiyiniz üçün aktyor, aktrisa, rejissorlardan iradlar gəlibmi?
– Paylaşımlarıma görə aktyor və aktrisalar, rejissorlardan irad gəlməyib, amma bəzən izləyicilər tərəfindən irad bildirənlər olur. İrad olaraq bu filmlərin klassik olduğunu deyib, onlarda yox müasir seriallarda səhv axtarmalı olduğumu yazırlar. Amma seriallarda bir maraq yoxdur. Pis olanı onsuz da hamı pis kimi görür, heç kim orada hər hansı nüansı müzakirə etməyə zaman ayırmayacaq. Amma məşhur filmlərdən danışılanda bu, diqqət çəkir.
Sadəcə bir dəfə başıma gələn bir məsələni danışım. Bəzən filmlər haqqında 8-10 dəqiqəlik tənqid videosu çəkmişəm. Bu da həmin filmin rejissorunun, prodüserinin xoşuna gəlməyib. Məni təhdid edib videonu silməyimi istəyiblər, silməmişəm. Daha sonra məhkəməyə verəcəklərini deyiblər. Amma heç biri məni məhkəməyə verməyib, çünki mən heç kimi təhqir etməmişəm. Tənqid ayrı anlayışdır, təhqir isə tam ayrı. Mən sadəcə tənqid edərək ortaya qoyulan işi izləyici kimi qiymətləndirmişəm və yaxşı olmadığını bildirmişəm.
– Əgər şansınız olsaydı Azərbaycan filmlərindən hansına çəkilməyi və hansı obrazı canlandırmağı istəyərdiniz?
– Açığı, kino dili ilə desək fakturam kino çəkilişinə uyğun deyil. Bəlkə də ona görə elə bir arzum və istəyim olmayıb. Amma bu yaxınlarda bir rejissor məni epizodik, qısa bir obraza çəkəcəyini demişdi. Mən isə yaxşı aktyor da deyiləm, inanmıram bacaram. Lakin o, rejissor olaraq bunu həll edəcəyini dedi. Amma mənim heç vaxt xüsusi olaraq aktyor olub, cəmiyyətdə tanınmaq arzum olmayıb.
– O dövrdə çəkilən hansı filmin bu gün yenidən çəkilməsi bir izləyici kimi sizə maraqlı olardı?
– Necə deyərlər “hər daş öz yerində ağırdır”. Düşünürəm ki, Azərbaycan kinosunda da çəkilən əksər filmlərin özünün sambalı var. Biz onları nə qədər təkrar çəksək də, həmin o effekti, reaksiyanı ala bilməyəcəyik. Ümumiyyətlə filmlərin təkrar çəkilməsi və ya davamının çəkilməsi dünya kinosunda da trenddir. Amma o filmlər franşizalardır, hekayələr onlara uyğundur. Lakin Azərbaycan kinosunda o qədər böyük və davamlı çəkilə biləcək franşiza yoxdur. Ümumiyyətlə elə bir yanaşma da yoxdur. Məsələn, biz Üzeyir Hacıbəylinin dünyasını götürüb, onun bütün həyat dövrünü göstərə bilən əsərlərindən istifadə edib maraqlı layihə ərsəyə gətirə bilərik. Amma məncə Azərbaycan kinosu keçmişə baxmaqdan çox, gələcəyə baxmalıdır. Bunu düşünmək lazımdır ki, gələcəkdə klassikaya çevriləcək, illər keçsə də şöhrət qazanacaq filmlər çəkilsin. Odur ki, keçmişdən mədət ummaq lazım deyil.
– Bir izləyiciniz “Məkanın melodiyası” adlı filmi əxlaqsız film adlandırmışdı. Bu barədə sizin fikirləriniz maraqlıdır, həmin film barədə nə deyə bilərsiz?
– Bu film 2004-cü ildə çəkilib. Filmin rejissoru Hüseyn Mehdiyev, ssenari müəllifi isə Ramiz Rövşən olub. Çox da maraqlı filmdir, hər kəsə izləməyi tövsiyə edirəm. Əslində bu filmin xüsusilə də bu səhnənin populyarlaşma səbəbi bir çox səhifələrdə “bu da köhnə filmlərimiz” deyə başlıqla paylaşılması olub. Lakin həqiqət belə deyil. Birincisi, göndərilən kadrdakı aktrisalardan biri Mehriban Zəki, digəri isə Ayan Mirqasımovadır. Hər ikisi çox istedadlı aktrisalarımızdır. Bu filmdə baş rolda Ayan Mirqasımova oynayır. Aralarındakı dialoqun baş tutma səbəbi isə Gülyanın Rənadan şübhələnməsi olub. O elə bilir ki, Rəna onun 80 yaşlı atası Murad ilə münasibət yaşayır. Buna görə də ona məhz bu cür deyir. Əslində isə Rəna xərçəng qorxusu yaşayan və təsadüfən Muradın hesabına həyatda qalan bir qadın obrazını canlandırır. “Məkanın melodiyası” adlı film insan həyatının vacibliyi, keçmiş peşmanlıqlar, yaşamağın gözəlliyi barədə çoxmənalı mesaj verir. Üstəlik sovet dövründə çəkilməyib. Bəzən filmlərin konteksti bilmədən filmi mühakimə edən izləyicilər olur, məncə bu, düzgün deyil. Çox da gözəl filmdir.
– Bəs bakılıların etirazına səbəb olan film barədə nə deyə bilərsiniz. Sizcə etiraz haqlı idi?
– Yəqin ki, söhbət “Bir cənub şəhərində” filmindən gedir. Əslində bu gün Azərbaycan kinosunun ən sevilən filmlərindən biridir. Bu film həm Eldar Quliyevin rejissor kimi, Rüstəm İbrahimbəyovun isə ssenarist kimi ilk işi olub. Düşünürəm ki, çox uğurlu iş olub. Etirazlar isə filmdə Bakını düzgün göstərilməməsi ilə bağlı olub. Bu film ilk nümayişə çıxanda heç də xoş qarşılanmayıb, doğrudur. Amma bunun səbəbi Bakının tamam fərqli – insanları mühafizəkar, adət-ənənələrə bağlı göstərilməsi idi. Bu isə ziyalıların xoşuna gəlmir. Həmin dövrdə Bakıda belə insanların olmadığı deyilərək, etiraz edilib. Etirazlar çox olduğu üçün filmin nümayişi də dayandırılır. Yaradıcıları isə filmin əslində həmin insanları tənqid etdiyi, insanın azadlığı və xoşbəxtliyi uğrunda bu cür ənənələrə fikir verməməli olduğunu deyir. Maraqlıdır ki, bütün bu keçməkeşlərə rəğmən “Bir cənub şəhərində” filmi kinomuzun incilərindən sayılır.
Könül Cəfərli
www.RIA24.az