Sizi, çoxsaylı jurnalistlər ordusunu Milli Mətbuatımızın 145 illik yübileyi münasibətilə təbrik edir, Azərbaycan mətbuatının inkişafı və gələcək perspektivləri naminə apardığınız məsuliyyətli işdə uğurlar arzulayıram.
Bu gün mətbuat müstəqil dövlət, sivil, demokratik vətəndaş cəmiyyəti quruculuğunda, iqtisadi və sosial islahatların həyata keçirilməsində, cəmiyyətdə sosial ədalət və şəffaflığın təmin edilməsində, insan hüquqlarının müdafiəsində, həmrəylik və tolerantlıq mühitinin yaradılmasında, milli şüurun, siyasi mədəniyyətin və bütövlükdə sağlam və mənəvi dəyərlərin formalaşmasında mühüm rol oynayır. Hazırda ölkəmizdə həyata keçirilən bütün bu proseslərin mətbuatın, kütləvi informasiya vasitələrinin iştirakı olmadan reallaşdırılması təsəvvür edilə bilməz.
Ulu öndər Heydər Əliyevin 1993-cü ildə hakimiyyətə yenidən qayıdışı ilə siyasi həmlələrdən, təzyiqlərdən, buxovlardan qurtulan milli mətbuatımız möhtərəm Prezidentimiz İlham Əliyevin rəhbərliyi ilə müasir demokratik cəmiyyətdə mühüm rol oynamağa başladı. Respublikada mətbu nəşrlərin sərbəst fəaliyyəti, jurnalistlərin öz iradələrini azad şəkildə ifadə etməsi üçün bütün imkanlar yaradıldı. Cənab Prezident Azərbaycan milli mətbuatının yaranmasının dövlət səviyyəsində qeyd edilməsinə, mətbuat işçilərinin sosial məsələlərinin həllinə, habelə kütləvi informasiya vasitələrinə maliyyə yardımının göstərilməsinə böyük önəm verir, jürnalistlərin əməyinə xüsusi həssaslıqla yanaşır.
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası olaraq bizim respublikanın kütləvi informasiya vasitələri ilə sıx əlaqələrimiz mövcuddur. Ümid edirəm ki, bu əlaqələr bundan sonra da davam etdiriləcək, işçilərin əmək və sosial problemlərinin həlli, hqquqlarının qorunması ön plana çəkiləcəkdir.
İnanırıq ki, 145 ili tamam olan milli mətbuatımız bundan sonra da keyfiyyətcə yeni mərhələdə sağlam jurnalistika dəyərləri əsasında fəaliyyət göstərəcək, cəmiyyət qarşısındakı sosial məsuliyyətini unutmayacaq, jurnalist etikasına əməl olunmasını, obyektivlik, peşəkarlıq, qərəzsizlik, aktual problemlərə diqqət yönəldilməsini, milli-mənəvi dəyərləri və dövlətçilik maraqlarına hörmət prinsipini daim əldə rəhbər tutacaqdır.
Sizə möhkəm cansağlığı, mətbuatımızın inkişafı naminə gördüyünüz işlərdə uğurlar arzulayıram.
aia.az