Ali Məhkəmədə rüşvətə təhrik etmə və dələduzluqda təqsirləndirilən Quba Rayon İcra Hakimiyyəti başçısının sabiq müavini Xanlar Heybətovun barəsindəki məhkəmə qərarından verilən kassasiya şikayətinə baxılıb.
Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Hafiz Nəsibovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub. Qərara əsasən, Sumqayıt Apellyasiya Məhkəməsinin təqsirləndirilən şəxs barəsində olan 14 iyun 2023-cü il tarixli qərarı və Quba Rayon Məhkəməsinin 2 noyabr 2021-ci il tarixli hökmü məhkuma aid hissədə dəyişdirilib, Binəqədi Rayon Məhkəməsinin 23 noyabr 2020-ci il tarixli qərarı ilə Xanlar Heybətovun mülkiyyətində olan 0,12 hektar həyətyanı torpaq sahəsinin üzərinə qoyulmuş həbs ləğv edilib və həmin torpaq sahəsi həbsdən azad olunub.
İttihama görə, X.Heybətov 11.02.2019-cu il tarixdən 11.03.2020-ci il tarixədək Quba Rayon İcra Hakimiyyəti başçısının müavini, Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri vəzifəsində çalışıb. O, işlədiyi müddət zamanı qulluq mövqeyindən istifadə edərək sakinlər arasında yaranan nüfuz və etibarından sui-istifadə edib.
Belə ki, X.Heybətov tanışı Arif Mustafayevlə birgə aldatma yolu ilə özgə əmlakını ələ keçirmək məqsədilə dələduzluq edib. Hər iki şəxs barəsində Cinayət Məcəlləsinin 34, 312-ci (rüşvətə təhrik etmə), 178.2.3-cü (dələduzluq, şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə) və 178.2.4-cü (dələduzluq, xeyli miqdarda ziyan vurmaqla törədildikdə) maddələri ilə ittiham irəli sürülüb. Quba Rayon Məhkəməsinin hökmünə əsasən, X.Heybətova 9 min manat məbləğində cərimə cəzası tətbiq olunub. Bundan başqa, A.Mustafayev 6 ay 22 gün müddətinə azadlığın məhdudlaşdırılması (elektron qolbaq) cəzasına məhkum edilib. Həmçinin məhkəmə onun barəsində 6 min manat məbləğində cərimə cəzası tətbiq edib. Hər iki şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılıb.
www.102info.az