Avropa İttifaqının Bakıdakı nümayəndəsi əndazəni aşır – ŞƏRH

Siyasət


Avropa İttifaqı Azərbaycana qarşı ikiüzlü deyil, artıq çoxüzlü münasibət göstərir. Bu dəfə Avropa İttifaqının Azərbaycandakı nümayəndəsi Peter Mixalko, belə demək mümkündürsə, əndazəni aşıb.

O, Azərbaycanda istintaq altında olan bəzi şəxslərin müdafiəsinə qalxıb. Ancaq o, nəzərə almayıb ki, həmin şəxslərin saxlanılması jurnalistika fəaliyyəti ilə deyil, qanun pozuntuları ilə bağlı olub.

Üstəgəl, o, hər kəsin ləyaqət və hörmətlə rəftar olunmaq hüququnun olduğunu bildirib. Bu, Azərbaycana qarşı diplomatik-siyasi və mənəvi sərhədləri keçmək nümunəsidir. 

Cənab Mixalko unudur ki, Azərbaycan hüquqi dövlətdir və istintaq da qanun çərçivəsində aparılır. Qanun çərçivəsindədirsə, deməli ittiham olunan şəxslərin də ləyaqətlərinə, hüquqlarına hörmətlə yanaşılır.

Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) sözçüsü Ayxan Hacızadə ölkənin məhkəmə sisteminin ən yaxşı beynəlxalq təcrübələr əsasında qurulduğunu və ona müdaxilənin qəbuledilməz olduğunu bildirib.

Bu barədə Ayxan Hacızadə “X” hesabında yazıb.

“Bu iddia həm əsassız, həm də məsuliyyətsizdir! Yaxşı olardı ki, səfir Avropa İttifaqının bəzi ölkələrinin məhkəmə sistemlərində ədalətin olmaması və pis rəftara diqqət yetirsin”, – deyə o bildirib.

Həqiqətən də, Mixalko yaxşı olar ki, Avropa İttifaqının öz daxilindəki problemlərə baxsın və onların həlli üçün təkliflər versin. Bilirik, gözünü yumub, ağzını açmaq Avropa İttifaqı diplomatlarının adətidir. Xüsusilə də Azərbaycana qarşı. Lakin unutmaq olmaz ki, Azərbaycan regionda öz şərtlərini diktə edən ədalətli gücdür. Bu gücü hansısa böhtan, şər aparatı ilə yıxmaq təbii ki, qeyri-mümkündür.

Avropa İttifaqının daxilinə gəlincə, o, polis zorakılığı, islamofobiya və insan hüquqlarının pozulması halları ilə qaynayır.

Nümayişlər vəhşicəsinə dağıdılır və insanların ləyaqəti alçaldılır.

Mixalko nədənsə bu barədə susmağa üstünlük verir. Amma yaddan çıxarır ki, şərə ədalətlə cavab vermək Azərbaycanın prinsipidir. Bu dəfə cənab Mixalko bu prinsipin altında əzildi.

Aqil Vəlili

www.RIA24.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir