Bakıda körpüdən qopan daş maşının üstünə düşdü, sürücü yaralandı: Məsuliyyət kimdədir? – FOTO/VİDEO

Cəmiyyət


Bir neçə gün əvvəl Moskva prospektində, “Şamaxinka” adlandırılan ərazidə yerləşən körpüdən bir daş qoparaq “Toyota Prius” markalı avtomobilin üstünə düşüb. Hadisə zamanı sürücü xəsarət alıb.

Bakıdakı körpülərin nasaz olub-olmaması ilə bağlı daimi baxış, nəzarət varsa, niyə belə bir hadisə baş verib? Bəs sürücünün sağlamlığına və əmlakına dəymiş ziyan necə ödəniləcək?

Məsələ barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) ilə əlaqə saxladıq. Qurumun Mətbuat Xidmətinin rəhbəri Anar Nəcəfli Oxu.Az-a açıqlamasında bildirdi ki, körpü 2007-ci ildə istifadəyə verilib:

“Hadisə bir neçə gün əvvəl, günorta saatlarında Moskva prospektində yerləşən tuneldə baş verib. Belə ki, körpünün üzlüyündə istifadə olunan daşın bir hissəsi qopub və avtomobilin üstünə düşüb. Əməkdaşlar əraziyə cəlb olunublar. Əlavə təhlükəsizlik tədbirləri görülüb.

Qopan daş ərazidən götürülüb, nəqliyyatın hərəkətinin təhlükəsizliyi təmin olunub. Eyni zamanda, tunelə baxış keçirilib ki, belə hadisələr təkrar yaşanmasın”.

A.Nəcəfli sosial şəbəkələrdə qurumun ərazidəki mühəndis qurğularının qəzalı vəziyyətdə olması ilə bağlı yayılan xəbərlərə də münasibət bildirib:

“Yazırlar ki, mühəndis qurğularımız qəzalıdır, yaxud uçub. Bu, səhv məlumatdır. Mütəmadi olaraq körpülərə baxış keçirilir və yoxlanılır. Hər hansı bir problem yoxdur”.

Qeyd edək ki, bir ildən çoxdur ki, Nəsimi rayonunda, “3-cü mikrorayon” dairəsində yerləşən yol ötürücüsündəki betonlarda çatların əmələ gəlməsi barədə dəfələrlə məlumatlar yayılıb.

Nəqliyyat üzrə ekspert Adil Nəbiyev isə Oxu.Az-a açıqlamasında bildirib ki, körpüdə belə bir hadisənin baş verməsi AAYDA-nın məsuliyyətsizliyidir:

“Hər yağış, qar yağandan sonra yollar, tunellər, körpülər yoxlanmalıdır. Tunelin üst hissəsinin kənarları dəmirlərlə bağlanmalıdır ki, daşlar qopan zaman bu cür hadisələr yaşanmasın. Orada faciə də ola bilərdi”.

Ekspert bildirib ki, yağışlardan sonra yollarda çuxurlar əmələ gəlir:

“Son bir il ərzində ölkə ərazisində dəfələrlə körpülər uçub, yollarda problem yaranıb. Çəkilən asfalt keyfiyyətsizdir. Agentlik ciddi nəzarət həyata keçirməlidir ki, məsələ həllini tapsın”.

Hüquqşünas Cavid Babayev isə deyir ki, sözügedən olay sığorta hadisəsidir:

“Bu məsələdə vətəndaşın kaskosu yoxdursa, dəyən ziyanı sığorta qarşılamır. Bu cür halların baş verdiyi təqdirdə dəymiş zərərin bərpası üçün vətəndaşlara qabaqcadan kasko sığortası müqaviləsi bağlamaları tövsiyə olunur. Qeyd etmək lazımdır ki, sığorta münasibətlərində sığorta edən öz iradə ifadəsinə uyğun olaraq, ona məxsus əmlakının dəyərinə və digər xüsusiyyətlərinə uyğun, azad şəkildə sığortanın hər hansı növünü seçmək ixtiyarı ilə sığortaçı ilə müqavilə bağlaya bilər.

İcbari sığorta isə avtomobil sahibinin və ya sürücüsünün başqa üçüncü şəxslərin əmlakına, o cümlədən həyat və sağlamlığına vurduğu ziyanın əvəzinin ödənilməsini təmin edir. Yəni icbari sığorta yalnız siz günahkar olduqda, zərər verdiyiniz nəqliyyat vasitəsinin təmirini təmin edir. Siz isə öz maşınınızı özünüz xərc çəkərək təmir etdirirsiniz.

Kasko sığorta isə sizi və avtomobilinizi təminata aldığı üçün istəyə bağlıdır. Kasko sığortası avtomobilə dəyən ziyanı qarşılayan sığorta növüdür. Qəza halında avtomobilinizə və sizin (təminata görə sürücülərin) sağlamlığınızla bağlı əmələ gələn bütün xərcləri ödəyir. Bundan başqa, oğurluq, yanğın, partlayış, yol-nəqliyyat hadisəsi və s. hallarda yaranacaq zərərləri də şəhadətnamədə göstərilən təminatlar ölçüsündə qarşılayır. Nəticə olaraq kasko, nəqliyyat sığortası kimi məcburi olmasa da, sizi və avtomobilinizi yarana biləcək hər cür mənfi hala qarşı qoruyan bir qalxandır.

İki sığorta növü bir-birinin alternativi deyil, tamamlayıcısıdır. Buna görə sürücülərə nəqliyyat sığortası ilə yanaşı, mütləq kaskonu da tövsiyə edirəm”.

İlhamə Əbülfət

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir