Yaxın Şərqdə gərginlik günbəgün artmaqda davam edir. HƏMAS-la İsrail arasında müharibənin ardınca, bölgədə yeni silahlı münaqişənin baş verəcəyi xəbərləri dolaşır və hadisələr də bu ehtimalı gücləndirir.
Tehranın atdığı son addımlar da prosesi bu istiqamətdə aparır. Belə ki, İran təcavüzkar siyasəti ilə yenidən dünyanın diqqət mərkəzinə düşüb. Qonşularının ərazisini raket atəşinə tutmaqla gündəmə gələn rəsmi Tehran yanvarın 15-dən 16-na keçən gecə İraqın şimalına, Suriyaya, yanvarın 17-də isə hətta nüvə dövləti Pakistana dron və raketlərlə zərbələr endirib. Artıq İraq İranın raket zərbələrini kəskin pisləyib, bu hadisəni rəsmi Bağdadla Tehran arasında təhlükəsizlik üzrə razılaşmanın pozulması kimi qiymətləndirib. İraq Xarici İşlər Nazirliyi ölkənin Tehrandakı səfiri Nasir Abdel Mohseni məsləhətləşmə üçün geri çağırıb, İranın Bağdaddakı müvəqqəti işlər vəkili Abu əl-Fadl Əziziyə etiraz notası təqdim olunub. İraq rəsmilərinin açıqlamasına əsasən, raket hücumu nəticəsində dörd nəfər ölüb, altı nəfər yaralanıb. İran bu addımının hədəfi kimi İsrailin Mossad təşkilatının qərargahını göstərib.
İran Pakistana hücumda bu ölkənin Bəlucistan əyalətinin Kühi-Səbz ərazisində “Ceyş əl-Ədl” qruplaşmasını hədəfə aldığını iddia edib. Bu hücum nəticəsində iki uşaq ölüb. Pakistanın Xarici İşlər Nazirliyi sərhəddəki insidentlə əlaqədar İranın müvəqqəti işlər vəkilini çağıraraq ona etirazını bildirib. Göründüyü kimi, HƏMAS-la İsrail arasında gedən müharibənin ardınca bölgə yeni münaqişəyə cəlb olunur. Bu dəfə isə İranın əli ilə.
Lakin İran “unudur” ki, Pakistan nə İraq, nə bir başqasıdır. İslamabad yanvarın 18-də Tehranın bir gün əvvəl endirdiyi raket hücumuna cavab verib. Bu ölkənin Hərbi Hava Qüvvələri İranın Sistan və Bəlucistan əyalətinin Seravan şəhərində terrorçuların mövqeyinə zərbələr endirib. Pakistanın qətiyyətli addım atması İranı geri çəkilməyə məcbur edib. Tehran rejimi gözləyirdi ki, ABŞ-ın Ərbildəki konsulluğuna endirdiyi zərbə kimi, Pakistan da onun hücumlarını cavabsız qoyacaq. Lakin yanıldı. Rəsmi İslamabad ABŞ Prezidenti Cozef Bayden hökumətində olmayan cürəti nümayiş etdirdi və qətiyyət nümunəsi göstərib Tehran rejimini yerində oturtdu. Pakistan nümayiş etdirdi ki, bir dövlət öz qürurunu necə qorumalıdır.
Baş verənlər bir sıra maraqlı məqamları üzə çıxarıb.
Birincisi, indiyədək İran törətdiyi əməllərə görə cavabını almayıb və yalnız hədələr eşidib. Pakistan ilk ölkə oldu ki, bu əməllərə qəti, sərt və real cavab verdi. Bununla da, İran rejimini şoka salmağa müvəffəq oldu.
İkincisi, region dövlətləri, xüsusən də, İran anlamalıdır ki, Pakistan güclü nüvə dövlətidir və özünə qarşı təhdidlərə göz yuman deyil.
Yeri gəlmişkən, baş verən hadisələr təbii ki, haqlı olaraq Azərbaycanda da diqqətlə izlənilir. Bakı problemin dost və qardaş Pakistan dövlətinin, xalqının maraqlarına uyğun həllinə tərəfdardır. Səbəblər də çoxdur. Pakistan otuz il Azərbaycanın haqq işini müdafiə edib, işğalçı Ermənistanla diplomatik münasibətlər belə saxlamayıb. İrana gəldikdə isə bu ölkə İrəvan rəsmilərinin də etiraf etdiyi kimi, onlar üçün “nəfəslik” rolunu oynayıb. İşğal siyasətinə görə, blokada vəziyyətinə salınan Ermənistan Tehranın sayəsində mənfur siyasətini davam etdirirdi. Bununla yanaşı, Azərbaycan torpaqlarının qarət olunmasında, talanmasında əvəzsiz rol oynadı. 44 günlük müharibə və sonrakı proseslərdə də İranın riyakarlığı pik həddə çatdı. Tehran Ermənistanın yanında oldu.
Tehran hökumətinin riyakarlığı tək Ermənistana münasibətdə deyil. Məsələn, bu ölkədəki Azərbaycan səfirliyinə edilən hücumu yada salaq. Xain terror hücumunun üstündən xeyli keçib, hələ də ortada ciddi nəticə yoxdur. Baş verənlər onu deməyə əsas verir ki, bu terror aktının arxasında elə İran dövlətinin xüsusi xidmət orqanları durur.
Sonda diqqəti Yaxın Şərqdə alovlanan HƏMAS-İsrail müharibəsinə yönəldək. İran uzun illər bu qarşıdurmanın həlli ilə bağlı bir dəfə də olsun sülh təşəbbüsü ilə çıxış etməyib. Əksinə, HƏMAS-a dəstək verib İsraillə müharibəyə sövq edib. Birmənalı şəkildə deyə bilərik ki, münaqişənin uzun illərdir ki, davam etməsində onun da payı var. Fələstinlilərə dəstək adı altında onları qırğına verib, özü isə kənara çəkilib. Öz maraqlarından çıxış edib, bölgədəki əsas dayağı hesab etdiyi Hizbullahı qorumaq üçün fələstinlilərin qırğınına göz yumub.
Sonda onu da qeyd etməyi zəruri bildik ki, Azərbaycan bütün problemlər kimi, bu məsələnin də ədalətli həllinin tərəfdarıdır. Azərbaycan qonşuların sülh və əmin-amanlıq şəraitində yaşamasına tərəfdardır. Ümid etmək olar ki, bu problem də ədalətli həllini tapacaq.
“Report” İnformasiya Agentliyi
www.RIA24.az