Ermənistan təhlükəsizlik şurasının katibi Armen Qriqoryan deyib ki, Qarabağda 44 günlük müharibədən sonra Rusiya Ermənistanı silahla təmin edib və buna davam edir.
“Ötən ilin noyabrından arsenalımızın modernləşməsi və yenilənməsi üçün silahlar əldə etmişik. Bu proses daim davam edəcək”, – deyə o, Ermənistanın İctimai televiziyasına müsahibəsində bildirib.
Onun sözlərinə görə, Ermənistan hökuməti ordunu tamamilə modernləşdirmək niyyətindədir. O hesab edir ki, ölkəsi bu vəzifəni ən qısa zamanda həll edə biləcək.
Vəziyyətin absurd görünən tərəfi ondan ibarətdir ki, bir tərəfdən Rusiya sülhü təmin etmək üçün Qarabağda sülhməramlı yerləşdirir, digər tərəfdən də revanşist hisslərini cilovlaya bilməyən erməniləri silahla təmin edir.
Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşdırılmasının, sərhədlərin demarkasiyası və delimitasiyasının tərəfdarı olduğunu bəyan edən Rusiya, digər tərəfdən Ermənistana silah verir və Ermənistan ordusunun güclənməsində maraqlı olduğunu bildirir.
Belə çıxır ki, Rusiya Qarabağla bağlı özünün də imzaladığı 10 noyabr tarixli Bəyanatın müddəalarının həyata keçirilməsinə dolayı yolla maneə yaradır.
Yoxsa, Rusiya 30 il müddətində Ermənistana tədarük etdiyi silahların bir qisminin qənimət kimi Azərbaycanda, Hərbi Qənimətlər Parkında olmasını nəzərə almayıb?!
Unutmamalıdırlar ki ermənilər bu silahlanmadan həvəslənib yenidən baş qaldırarsa, Azərbaycana qarşı məkrli planlara əl atarsa, başlarında dəmir yumruğu yenə görəcəklər!
Azərbaycan Prezidenti İlham Əliyev qeyd edib ki, Ermənistan ordusu demək olar ki, yoxdur, məhv edilib. Bundan sonra əgər erməni faşizmi bir daha baş qaldırsa, nəticə eyni olacaq. Yenə Azərbaycanın dərmir yumruğu onlara yerini göstərəcək.