Mübariz Tağıyev: “Yalanlarını üzlərinə çırpırdım, abırsızcasına gülürdülər” – MÜSAHİBƏ + FOTO

Mədəniyyət


“Yalanlarını üzlərinə çırpırdım, abırsızcasına gülürdülər”.

Bunu Xalq artisti Mübariz Tağıyev AzVision.az a müsahibəsində deyib.

Onunla müsahibəni təqdim edirik:

– Mübariz müəllim, 2024-cü il incəsənətimiz üçün itkilərlə başladı. Məsələn, Gülbahar Şükürlünü, Aygün Bəyləri itirdik. Bir sıra sənət adamlarımız xəstələndi. Bəs sizin üçün il necə başladı?

– Keçən ilin uğurları o qədər böyük idi ki. Uzun illər boyu gözlədiyimiz qələbə əldə edildi. Bundan böyük nə xoşbəxtlik ola bilər ki?!. Ancaq yaddan çıxarmayaq ki, bu, oğullarımızın canı bahasına başa gəldi, şəhid verdik, qazilərimiz var.

Doğrudur, il incəsənətimiz üçün ağrılı başladı. Həyatdır da. Bilirsiniz, Allahın yazdığını heç kim poza bilməz. Heç kim bilmir ki, sabah nə olacaq. Əsas odur ki, onları yaddan çıxarmayaq. Basdırdıq, ağladıq, şüvənlik etdik, sonra da yaddan çıxıb getdilər. Bax, bu olmamalıdır. Əgər insan bir iz qoyub gedirsə, deməli, bu, Allah vergisidir. Hər adama xas olan bir şey deyil.

– Dediniz ki, bu gündən sabaha hay yoxdur. Bəs siz başınızı yastığa qoyanda sabaha nələri planlayırsınız?

– (Gülür) Mən heç vaxt başımı yastığa qoyanda plan qurmuram. Bütün vaxtı beynim nəyləsə bağlı işləyir. Məsələn, düşünürəm ki, bildiklərimi tələbələrə daha hansı formada çatdırım. Bir neçə mahnı yığılıb qalıb, onların üzərində işləyirəm.

Digər tərəfdən də gizlətmirəm, səhhətimdə müəyyən problemlər baş verib. Yaş öz işini görür. Virusa yoluxmuşdum. Xəstəxanaya düşdüm, müalicə aldım. Həkimlər əllərindən nə gəlirdisə, etdilər.

– Vaxtilə Xankəndidə konsertlər vermisiniz. Bir müddət əvvəl futbolçularımız Xankəndi stadionunda oynadı, Prezident də izlədi. Həmin vaxt nə hisslər keçirdiniz, keçmiş günləri yada saldınızmı?

– Əlbəttə, izlədim. Rəşid Behbudov adına Mahnı Teatrı ilə dəfələrlə o zonada olmuşam. Xankəndidə konsertlər vermişik.

Həmişə Qarabağa gedəndə fikirləşirdim ki, necə olur ki, ermənilər belə yerləri seçib uydurma adlar qoyurlar. İrənvanda aprelin 24-də baş verən hadisələr hamısı gözümüzün qabağında olurdu. İllər boyu bunlar fırıldaqla, yalanla özlərinə tarix düzəldiblər. Dayandırmasaydıq, çox oyunlardan çıxardılar.

Ermənistan Dövlət Orkestrində oxuyanda ermənilər var idi ki, gözümün içinə baxa-baxa yalan danışırdılar. Deyirdim, bəsdirin də. Yalanlarını üzlərinə çırpırdım, abırsızcasına gülürdülər. Bəzi ermənilər deyirdilər ki, “bu millət 100 ildən bir qrılmalıdır. Bizim ayrı variantımız yoxdur”.

Dediniz tələbələriniz var, onlarla dil tapa bilirsinizmi? Sizdən razıdırlarmı?

-Tələbələrimin məndən razı qalıb qalmadığını deyə bilmərəm. Onların işidir. Mənim təbiətim elədir ki, heç nəyi gizlətmirəm. İllərlə nə yığmışamsa, öyrədirəm. Onların özündən də çox şey asılıdır. Tələbələrlə yaxşı dostam. Nəvəm yaşındadırlar. Əla münasibətimiz var.

– Yeri gəlmişkən, nəvələriniz varmı? Necə babasınız?

– 6 nəvəm var. Nəsil böyüyür. Çox yumşaq babayam. Qışqırmıram, irad tutmuram. Yaşlarını nəzərə alıram. Düz etməyəndə sadəcə başa salıram.

– Yanvarın 31-i doğum gününüzdür. 76 yaşa necə hazırlaşırsınız?

– Gəncədə solo konsert verdim. Köklərim haradasa ora ilə bağlıdır. Fevralın əvəllində isə Rəşid Behbudov adına Mahnı Teatrında konsert verəcəyəm. O yer mənim üçün Rəşidi xatırladır. 20 ilim o teatrla bağlı olub. Böyük bir akademiya idi. Bir sözlə, yeni yaşıma fəal yardıcılıqla girəcəyəm.

– Gəncliyinizdə üzgüçülüklə məşğul olmusunuz. İndi də bu ənənəni davam etdirirsiniz? Çünki çox yaraşıqlısınız və formada qalmısınız.

– Ay qızım, heç bilmirəm nə deyim. Evdən çıxanda istəyirəm ki, ev paltarımı dəyişməyim, bir az rahat olum. Ancaq mümkün deyil. Səhnə adamısan. Həmişə gərək qaydasında olasan. Biri yaxınlaşıb şəkil çəkdirir, digəri xoş söz deyir. Buna hazır olmalısan. Bütün vaxtı gərginlik içindəsən. Ancaq bu, o qədər xoşdur ki. Bilirsən ki, varsan. Pərəstişkarların var. Səhnə adamına bundan o yana dünya yoxdur. Biz bununla yaşayırıq.

– Xanımlardan gəncliyinizdəki kimi sevgi məktubları, mesajları alırsınızmı?

– İndi desəm ki, yox, inanarsınız? Hər bir şey olur. (Gülür) Şəbəkələrdə mahnı paylaşanda xanımlar yazır, fikirlərini söyləyirlər. Ancaq artıq babayam mən. Xoş sözlərin, istiliyin məzmunu dəyişib. Sevgi hisslərini hörmət əvəz edir. Həyatdır da. Yaş ötür, müəyyən çərçivələr var ki, onu atlayıb gedə bilmərsən.

www.RIA24.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir