“Anarı təqdim etməyə ehtiyac yoxdur. Azərbaycanda hər bir ailədə onu tanıyırlar. Onun “Keçən ilin son gecəsi” əsəri dərsliyə daxil edilib…”
Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar Binəqədi rayonundakı 276 nömrəli tam orta məktəbdə auditoriyaya belə təqdim olundu. “Kaspi” qəzeti ilə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin birgə layihəsi olan “Məktəbdə”nin qonağı olan Xalq yazıçısı “Mənə xoşdur ki, yeni nəsil yaşlı nəsil yazıçıların əsərlərini oxuyur”, – deyə auditoriya ilə birbaşa ünsiyyətə keçdi.
“Ədəbiyyatımızın möhkəm əllərdə olduğuna əminəm”
“Hazırda Azərbaycanda ədəbi mühit sizi qane edirmi? Hansı şair və yazıçıları perspektivli hesab edirsiniz?” – deyə səslənən ilk sualı yazıçı belə cavablandırdı: “Ədəbi mühit həmişə olduğu kimi var. Yazıçı və şairlər, o cümlədən gənclərimiz müxtəlif janrlarda əsərlər yazırlar. Yazıçılar Birliyinin təşəbbüsü ilə Qarabağ qələbəsinə həsr olunmuş “Qarabağ dastanı: 30 ilin həsrəti, 44 günün zəfəri” adlı kitab çap olundu. Nəşrə yazıçı və şairlərimizin poemaları, hekayələri, məqalə və şeirləri daxil edildi. Bu kitab mənim üçün çox dəyərlidir. Ədəbi mühitin təmsilçilərinə gəlincə, ad çəkmək istəmirəm. Amma mən gənc nəslə çox inanıram. Ədəbiyyatımızın möhkəm əllərdə olduğuna əminəm”.
Məsuliyyət “senzurası” olsun
“Belə bir fikir var ki, bu gün elektron resurslar, sosial şəbəkələr gəncləri mütaliədən uzaqlaşdırır. Həqiqətən narahat olmağa dəyərmi?” sualını cavablandıran Anar bu tendensiyaya görə narahat olduğunu bildirdi: “Sosial şəbəkələr bəşəriyyətin çox böyük texniki ixtirasıdır. Sosial platformalar təzə yaranan vaxtlarda Kanadanın tanınmış alimlərindən biri “dünya böyük bir kəndə dönəcək”, – deyə bildirdi. Yəni kəndin bu başında baş verən hadisəni o biri başında hər kəs biləcək. Həqiqətən də texniki vasitələrin icad olunması və məişətimizə daxil olması dünyanı böyük bir kəndə döndərdi. Mən sosial şəbəkələrdən istifadə etmirəm. Mənə möcüzə kimi görünən platforma “Vikipediya”dır. Evimdə zəngin bir kitabxana toplamışam. Hərdən deyirəm ki, bilsəydim nə vaxtsa belə bir platforma yaranacaq, heç bu kitabxananı toplamazdım. Texniki inkişaf bəşəriyyət üçün mütərəqqi bir addımdır. Amma bəşəriyyətin və insanlığın mənəvi inkişafı texniki inkişafla üst-üstə düşmür. Ona görə də bu şəbəkələrdən sui-istifadə edərək hər cür böhtana-təhqirə yol verirlər. Və bunu edən adamlar məsuliyyət daşımırlar. Kimi istəyirlər təhqir edirlər. Mən senzuranın əleyhinəyəm. Sovet vaxtı başım senzuradan çox çəkib. Ona görə heç vaxt istəmirəm senzura olsun. Amma məsuliyyət “senzurası” kimi bir təşkilat olsun ki, belə halları tənzimləsin. Böyük bir ixtiranı müsbət şeylərə sərf etmək lazımdır, mərdimazarlığa, düşmənliyə, cəmiyyətə nifaq salmağa yox!”
“İlk müəllimim valideynlərim olub”
“Həyatda ən böyük müəlliminiz kim olub?” – sualına Anar “Yəqin ki, ilk müəllimlərim valideynlərim olub. Çünki birinci tərbiyəni onlardan almışam”, – deyə cavab verdi: “Sonra məktəb müəllimlərimin həyatımda böyük rolu olub. Ədəbiyyata gəldikdə, çox yazıçılardan təsirlənmişəm, çox yazıçıları özümə müəllim saymışam. Amma ədəbiyyatda ən böyük müəllimim Cəlil Məmmədquluzadəni sayıram. Çünki mənəvi, ruh və ağıl cəhətdən onu özümə ən yaxın hesab edirəm”.
“Ortaq” sözünün əleyhinəyəm
“Ortaq Türk dili haqqında nə düşünürsünüz?” – deyə müəllimlərdən birinin sualını Xalq yazıçısı belə cavablandırdı: “Mən “ortaq” sözünün əleyhinəyəm. Çünki “ortaq” deyəndə belə çıxır ki, bütün türk xalqları bir dildə danışmalıdır. Yəni azərbaycanlı Azərbaycan dilində yox, türk dilində danışmalıdır. Eləcə də, özbək də, Türkiyə türkü də elə… Mən onun tərəfdarıyam ki, bir azərbaycanlı öz dilində danışsın, yazsın və ömrü boyu bu dilə sadiq qalsın. Eləcə də, özbək, tatar, qazax, qırğız. Amma bir-biriləri ilə Türkiyə türkcəsində danışa bilərlər. Deyə bilərlər ki, ünsiyyət dili kimi rus dili var. Mən rus dilinin əleyhinə deyiləm. Amma biz ilk növbədə öz dilimizi bilməliyik. Eyni zamanda, rus dilini də bilməliyik. Rusiya ilə bizim 200 illik əlaqələrimiz var. Bu dil vasitəsilə dünyanın çox mədəni sərvətlərinə çıxış əldə edə bilərik. Amma türk dünyasının böyük bir qismi rus dilini bilmir. Bu xalqlar bir-biriləri ilə daha çox Türkiyə türkcəsində danışa bilərlər”.
Həm vətənpərvər, həm yaxşı mütəxəssis
Məktəblilərdən biri Anarın gənclərə tövsiyələrini eşitmək istədi: “Həmişə cavanlara deyirəm ki, kitab oxusunlar. İlk növbədə dünyanın təməl kitablarından başlamaq lazımdır. Homerdən, Dantedən, Şekspirdən, Servantesdən… Bunlar əbədi əsərlərdir. Rus ədəbiyyatından Dosytoyevskinin, Puşkinin, Çexovun, Tolstoyun əsərlərini oxumaq lazımdır. Təbii ki, müasir ədəbiyyatı da izləməyə ehtiyac var. Amma bünövrə olmadan müasir kitablar oxusanız, yanlış bir təsəvvür formalaşar ki, ədəbiyyat elə budur. Bizim cavanların bir bəlası da budur ki, təməl kitablardan xəbərsizdirlər, dəbdə olan kitabları oxuyurlar. Bu, təməli olmayan evin damına bənzəyir. Mən istərdim ki, bizim cavanlar kitabla yaşasınlar. Gənclərə arzu edərdim ki, hərə öz sahəsində savadlı mütəxəssis olsun. Məsələn, deyirlər ki, insan vətənpərvər olmalıdır. Mən sabah bir həkimə getməli olsam, fikirləşərəm, o həkim mütəxəssisdir, yoxsa vətənpərvər? Desələr ki, o yaxşı mütəxəssis deyil, amma çox böyük vətənpərvərdir, o həkimin yanına getmərəm. O həkimin yanına gedərəm ki, əlbəttə, vətənpərvər olsun, amma ilk növbədə mütəxəssis olsun. Ona görə, arzu edirəm ki, hansı ixtisası seçsəniz, kamil mütəxəssis olun və peşənizi sevin”.
Anar vətənpərvərlik hissini aşılamaq üçün təkcə kitabların yetərli olmadığını bildirdi: “Üzeyir Hacıbəyovun “Koroğlu” operasını, onun uvertürasını dinləyən insanda yaranan vətənpərvərlik hissi kitablardan alınan qədərdir. Və ya muğamlarımızı, bəstəkarlarımızın əsərlərini dinləyəndə, rəssamlarımızın əsərləri ilə tanış olanda, sanballı məqalələri, publisistik yazıları oxuyanda da vətənpərvərlik hissləri tərbiyə olunur”.
“Böyük əsərlər gələcəyin işidir”
“Böyük qələbəmizlə bağlı hansısa əsər yazmağı düşünürsünüzmü?” – deyə auditoriyadan səslənən suala yazıçı qələbəmizlə bağlı yazılar yazdığını bildirməklə cavab verdi: “Hadisələrə ilkin münasibət adətən ya şeir, ya da publisistik məqalələr vasitəsilə olur. Böyük əsərlər gələcəyin işidir. Gərək vaxt keçsin ki, biz bu qələbəni həzm edək. Bu, həqiqətən möcüzəvi qələbə idi. Mən həmişə qəti əmin idim ki, biz Qarabağı qaytaracağıq, Şuşanı alacağıq. Amma yaşım elə idi ki, “yəqin mən bunu görməyəcəyəm” deyirdim. Xoşbəxtəm ki, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə müzəffər ordumuzun 44 günlük müharibə ilə Qarabağı azad etməsinin, 200 illik problemi birdəfəlik həll etməsinin şahidi oldum”.
“İtirdiklərim illərimdir”
“Həyatda çox şey qazanmısınız. İtirdikləriniz nədir?” – deyə sual ünvanlayan məktəbliyə yazıçı “itirdiklərim illərimdir” cavabını verdi: “Adam istəyir həmişə müəyyən bir yaşda qalsın. Təəssüf ki, bu, mümkün deyil…”
Şagirdlərdən birinin “Təhminə və Zaur real həyatda vardımı?” sualına “yox…” cavabı verən yazıçı gülümsədi.
“Siz dünyanın dörd yanını gəzmisiniz. Olduğunuz ölkələrdən ən çox xoşunuza gələn hansıdır?” – deyə şagirdlərdən biri maraqlandı: “Doğrudan da dünyanın çox ölkəsində olmuşam”, – deyə yazıçı həvəslə cavab verdi: “Makronun siyasətinə nifrət etməyimə baxmayaraq, Fransanı çox sevirəm. Çünki makronlar gəlib gedirlər, amma Fransa dünyanın ən gözəl ölkələrindən biridir. Paris əbədi bir şəhərdir. Böyük ölkələrin, demək olar ki, hamısında olmuşam. Təkcə Yaponiyada olmamışdım. Fikirləşirdim ki, 85 yaşım var, indi də getməsəm nə vaxt gedəcəyəm? Keçən il qızımla Yaponiyaya da səfər etdik. Çox maraqlı ölkədir. Həmçinin Hindistan maraqlıdır, İtaliya səma altında muzeydir, ABŞ-də dəfələrlə olmuşam. Ömür vəfa etsə, “Gündoğar diyardan günbatan bulvaradək” adlı kitab yazacağam”.
www.RIA24.az