“Biz BMT-dən haqlarımızın bərpasını tələb edirik”.
Bunu Oxu.Az-a Azərbaycanda yaşayan Əfqanıstan qaçqınlarının adından xanım Rahilə Rezai deyib.
Onun sözlərinə görə, Azərbaycanda yaşayan Əfqanıstan qaçqınları unudulub:
“Biz müxtəlif illərdə Azərbaycana köç etmişik. BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının (BMT QAK) Azərbaycandakı Nümayəndəliyi bizə qaçqın statusunun alınmasında köməklik edib. Azərbaycan bizi müvəqqəti yerləşdirib. Buna görə biz Azərbaycan xalqına və hökumətinə minnətdarıq. Lakin BMT QAK bizim digər ölkələrə köçürüləcəyimizə söz versədə buna əməl etməyib. Biz sanki havada qalmışıq”.
Xanımın bildirdiyinə görə, qaçqınlar Bakının ayrı-ayrı yerlərində çətin məişət şəraitində yaşayırlar:
“Bizə deyirlər ki, gedin evinizdə oturun. Ancaq biz necəsə dolanmalıyıq, övladlarımız təhsil almalıdır. Bizə yalnız “qara iş” təklif olunur, bununla da ailəmizi dolandıra bilmirik.
Azərbaycanın özünün böyük qaçqın problemi mövcuddur və biz bunu anlayıb, hörmətlə yanaşırıq. Bizim tələbimiz BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığınadır: sözlərinə əməl etsinlər və bizi başqa ölkəyə köçürsünlər”.
Digər əfqanıstanlı İlham Şərifi bildirir ki, Azərbaycanda təxminən 2 min Əfqanıstan qaçqını yaşayır:
“Əksəriyyətimiz türkdilli xəzara xalqının nümayəndələriyik. Əfqanıstandan qaçanda Azərbaycana üz tutmağımız elə bununla əlaqədardır. “Taliban” hakimiyyətinin idarəsi altında yaşamaq bizim üçün çətindir, çünki bizi azsaylı xalq kimi qələmə verib hüquqlarımızı pozurlar. Hazırda Əfqanıstanda çoxsaylı qohumlarımız, ailə üzvlərimiz qalıb. Onların halına yanırıq”.
Əfqanıstanlı köçkün bildirir ki, qaçqınların əksəriyyəti üçüncü ölkələrə üz tutmaq istəyir, lakin bu hələ ki mümkün deyil:
“Azərbaycandan başqa biz heç kimə lazım deyilik. Bizə ABŞ-a, Kanadaya, Avropaya getmək üçün viza verilmir. İndi elə alınır ki, biz nə Vətənimizə qayıda bilirik, nədə ki digər ölkələrə getmək imkanımız var”.
Xatırladaq ki, bu gün bir qrup Əfqanıstan qaçqını BMT Qaçqınlar üzrə Ali Komissarlığının (BMT QAK) Azərbaycandakı Nümayəndəliyinin qarşısında aksiya keçirməyə cəhd göstərib. Onlar plakatlar nümayiş etdirərək şüarlar səsləndiriblər. Lakin aksiyanın icazəsiz keçirilməsinə görə tədbirin qarşısı alınıb.
Namiq Həsənov
FOTO: Firudin Səlimov