“Avropa ədaləti saxta diplomatiyasının üzərindəki pərdəni gizlədə bilmir” – RƏY + FOTO

Siyasət


Milli Məclisin deputatı Kamran Bayramov Avropa ədalətinin saxta diplomatiyasının üzərindəki pərdəni gizlədə bilmədiyini bildirib.

O, “Report”a açıqlamasında deyib ki, demokratiya və iqtisadi inkişaf yolu ilə irəliləyən Azərbaycanın dünya birliyində nüfuzunun artdığı bir vaxtda bir sıra qərəzli beynəlxalq təşkilatlar müxtəlif dezinformasiyalar, qeyri-ciddi məlumatlar yaymaqda davam edir:

“Azərbaycanın iqtisadi və siyasi baxımdan güclənməsi, regionda inkişafını məhz daxili imkanları hesabına təmin edən yeganə ölkəyə çevrilməsi, Avropanın enerji təhlükəsizliyində mühüm rol oynaması müəyyən dövlətləri və təşkilatları, xüsusən də ermənipərəst dairələri ciddi narahat edir. Son illər bəzi dövlətlərin və nüfuzlu təşkilatların beynəlxalq hüquq normalarına münasibətdə siyasi avantürizm nümayiş etdirmələri Avropa məkanında demokratik dəyərlərə ikili standartlarla yanaşmaq tendensiyasının getdikcə gücləndiyi qənaəti yaradıb”.

Milli Məclisin üzvü qeyd edib ki, artıq nə Avropa, nə də avropalı siyasətçilər üçün demokratiyanın önəmi qalıb:

“Avropa bütün dünyaya demokratiya carçısı olduğunu söyləyir, amma bütün proseslərə bu prizmadan yanaşdığını iddia edən Avropa nədənsə heç də həmişə bu “and”ına sadiq qalmır. Masa üzərində şəxsi maraqlar gəldikdə əksər hallarda “andlar” nə yazıq ki unudulur. Çox qabarıq və bir çox hallarda çox eybəcər şəkildə önə çıxan iqtisadi maraqlar demokratiya “don”una bürünmüş siyasi mövqeləri bir kənara atır. Təəssüf ki, Azərbaycan bir çox dönəmlərdə bu ikiüzlü yanaşma ilə qarşılaşmalı olur. Bu gün Qərb dövlətləri öz problemlərini həll etmək əvəzinə, digər ölkələrin daxili işlərinə müdaxilə etməklə məşğuldurlar: Qəribədir ki, bu gün bir sıra beynəlxalq qurumlar, xüsusilə Avropa Şurası və Avropa İttifaqı özlərini dünyada insan hüquq və azadlıqlarının müdafiəçisi kimi göstərirlər. Görəsən, bu qurumlar otuz ilə yaxın bir dövrdə bir milyondan artıq azərbaycanlının hüquqlarının kobud şəkildə pozulmasını görmürdülərmi? Axı hər dəfə bu qurumun nümayəndələri ölkəmizə gələndə öz doğma ata-baba ocaqlarından didərgin salınmış məcburi köçkünlərlə görüşür, onların yaşayış tərzləri ilə yaxından tanış olurdular. 2020-ci ildə 44 günlük Vətən müharibəsində əldə edilən tarixi Zəfərdən sonra Azərbaycanın öz torpaqlarını işğaldan azad etməsi, suverenliyini bərpa etməsi Qərbin bəzi ölkələrini ciddi şəkildə narahat edib”.

K.Bayramov vurğulayıb ki, son dövrlər Avropada Azərbaycana qarşı artan hücumların başlıca səbəbi bir sıra qüvvələrin Cənubi Qafqazda yürütmək istədikləri vasitəçilik missiyasının uğursuzluğa düçar olmasıdır: “Bu uğursuzluqların əsas səbəbi həmin qüvvələrin ölkəmizə qarşı apardığı yanlış siyasətlə əlaqədardır. Avropa İttifaqının xarici əlaqələr və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Jozep Borrellin Azərbaycana qarşı böhtan dolu açıqlamaları davam edir. Bu açıqlamalarla Avropa İttifaqı Azərbaycanla Ermənistan arasında normallaşma prosesində bitərəf mövqe nümayiş etdirmədiyini bir daha sübuta yetirir. Ali nümayəndə Azərbaycan Prezidentinin fikirlərini tamamilə təhrif etməklə yanaşı, ölkəmizə qarşı hərbiləşmə və təcavüzkar siyasəti qızışdırır. Aİ nümayəndəsinin diplomatların ölkədən çıxarılması ilə bağlı Fransa ilə həmrəyliyini ifadə etməsi də davam edən hüquqi araşdırma prosesinə açıq müdaxilə olmaqla yanaşı, Azərbaycandan qovulmuş fransız diplomatların qanunsuz hərəkətlərinə haqq qazandırmağa bərabərdir. Belə qərəzli bəyanat Azərbaycanın Fransadakı diplomatlarına qarşı əsassız tədbirlərə məhəl qoymamaqla yanaşı, diplomatik davranışın bütün qayda və təlimatlarına açıq-aşkar etinasız yanaşan, iş üzrə araşdırma aparmaqdan imtina edən bəzi dövlətlərin bu quruma necə mənfi təsir göstərdiyini nümayiş etdirir.

Deputat söyləyib ki, Qərbin Azərbaycana qarşı ikili standartlar siyasəti bütün intensivliyi ilə davam edir: “Avropanın yüksək dairələrinin rəsmiləri hər dəfə verdikləri açıqlamalarda Azərbaycanla daim yüksək səviyyəli və davamlı əməkdaşlıqda maraqlı olduqlarını dilə gətirirlər. Nə yazıq ki, sərgilənən ikiüzlü siyasətin fonunda kölgədə qalan Avropa ədaləti saxta diplomatiyasının üzərindəki pərdəni gizlədə bilmir. Ancaq bu, çox davam edə bilməz. Avropanın ikili standartlar siyasəti sonda bumeranqa çevriləcək”.

www.RIA24.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir