Sözü ilə əməli düz gəlməyən Şvabe: AŞPA-nın ikiüzlülüyü və qərəzi bitmir – ŞƏRH + FOTO

Siyasət


Heç kimə sirr deyil ki, Avropa Şurası Parlament Assambleyası (AŞPA) daxil olmaqla Qərbin əksər təşkilatlarında müxtəlif siyasi-iqtisadi lobbi qrupları kök atıb və uzun illər məhz bu qrupların maraqlarının xidmətçisi funksiyasını yerinə yetiriblər. Təşkilatlarda təmsil olunan deputatlar həmin qrupların cızdığı çərçivələrdən kənara çıxa bilməyiblər. AŞPA-da anti-Azərbaycan qüvvələrin sözçüsü funksiyasını yerinə yetirən almaniyalı deputat Frank Şvabe də bu siyahıdadır. O, bütün fəaliyyətini anti-Azərbaycan, erməni lobbisinin maraqlarının müdafiəsi istiqamətində qurub. Bakıya qarşı aparılan təbliğatda xüsusi fəallıq nümayiş etdirən bu şəxs “BBC Azərbaycanca”ya verdiyi müsahibədə barəsindəki bütün fikirləri təsdiq etmiş olub. Bir daha aydın olub ki, o, insan haqları, ölkələrin ərazi bütövlüyü, işğalçı ilə işğala məruz qalan arasında heç bir fərq qoymur. Deputatın müsahibəsində səsləndirdiyi bəzi məqamlara diqqət yetirək.

Birincisi, F.Şvabe iddia edib ki, Avropa Şurası demokratiya, insan haqları və qanunun aliliyi ilə bağlı təşkilatdır. Belə olan halda işğalçı dövlət Ermənistanla işğala məruz qalan Azərbaycan arasında niyə fərq qoymur? Onda niyə, işğalçı bir dəfə də olsun ittiham edilməyib? Yaxın keçmişdə Avropanın ən böyük deportasiya və köçkün probleminə baiskar olan İrəvana nəinki sərt təpki göstərilməyib, hətta indi də, işğalçı dövlət müdafiə olunur, Azərbaycan öz ərazilərini bərpa etdiyinə görə sanksiyalara məruz qalır.

İkincisi, Azərbaycan postsovet məkanında separatizmə son qoyan ilk ölkə olsa da, AŞPA üzvü Bakını təbrik etməyə tələsmir. Əvəzində, Azərbaycanda vəziyyətin müsbətə doğru dəyişməsinə çalışdıqlarını iddia edir. Cənab Şvabenin diqqətinə çatdıraq ki, AŞPA-dan fərqli olaraq, digər beynəlxalq təşkilatlar dəfələrlə ölkədə hər sahədə müsbət dəyişikliklərin olduğunu vurğulayıblar. Fevralın 7-də keçiriləcək növbədənkənar prezident seçkisində əldə olunacaq nəticə də deyilənlərin təsdiqi olacaq.

Üçüncüsü, təmsil etdiyi qurum adından danışan F.Şvabeyə təsir edən odur ki, Azərbaycan fevralda keçiriləcək seçkiyə AŞPA missiyasını çağırmayıb. Axı, rəsmi Bakı onun ərazi bütövlüyünün bərpasını qəbul etməyən, ona qarşı çıxan bir təşkilatı necə ciddi təsisat saya bilər? Məsələn, 2023-cü il aprelin 23-də Azərbaycan Respublikası tərəfindən ölkəmizin suveren ərazilərində, Ermənistan ilə sərhəddə, Laçın-Xankəndi yolunun başlanğıcında sərhəd-buraxılış məntəqəsi qurulandan sonra Qərb təşkilatları, habelə AŞPA dəfələrlə qərəzli mövqe nümayiş etdirib. Azərbaycandan həmin sərhəd-buraxılış məntəqəsinin ləğvini, dolayısı ilə Ermənistandan Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələri üçün canlı qüvvə, silah-sursat, mina, eləcə də digər hərbi təyinatlı vasitələrin daşınmasının qarşısının alınmamasını tələb edib.

Eləcə də, Parlament Assambleyası 2023-cü il oktyabrın 23-də “Dağlıq Qarabağda humanitar vəziyyət” adlı qətnamə çıxarıb. Həmin “sənəd”in 23-cü bəndində Azərbaycan açıq-aşkar təhdid olunub, 19 sentyabrda həyata keçirilən lokal xarakterli antiterror tədbirləri hərbi əməliyyatlar kimi qiymətləndirilib, hətta 2024-cü ilin ilk sessiyasında Azərbaycan nümayəndə heyətinin etimadnaməsini tanımamaqla hədələmişdi.

Dördüncüsü, F.Şvabenin iddiasına görə, AŞPA addımlarında BMT-nin qətnamələrinə əsaslanırlar. O boynuna alır ki, “Qarabağ münaqişəsinin başladığı ilkin dövrlərdə artıq bəlli idi ki, Qarabağ Azərbaycanın bir hissəsidir. Bu hər kəsə aydın idi. Lakin biz ərazi münaqişələri ilə məşğul olan təşkilat deyilik. Bu tip məsələlərlə məşğul olan digər təşkilatlar və digər formatlar mövcuddur. Belə olan halda, Avropa Şurası bu münaqişəni həll edə bilməzdi. Biz hər hansı ərazinin hansısa ölkəyə məxsus olub-olmadığı barədə müzakirə aparmırıq. Biz insan haqları üzrə monitorinqlər aparırıq. Əlbəttə ki, biz Ermənistanda insan haqlarının vəziyyəti barədə də danışırıq, və hesabatlar hazırlayırıq”.

Sual olunur, əgər belədirsə, onda nədən üzv olduğu qurum Azərbaycanın daxili işlərinə qarışır, ərazi bütövlüyünü, suverenliyini bərpa edən ölkəni hədəfə alır? O, daha sonra bildirir ki, azərbaycanlı qaçqınların çox çətin şəraitdə yaşadıqlarından xəbərdardır. Hətta onlarla görüşdüyünü söyləyir. Dərhal da keçir Qarabağın erməni sakinlərinin müdafiəsinə. Cənab Şvabe, “qaçqın” saydığınız həmin erməniləri Qarabağdan çıxmağa Azərbaycan məcbur etməyib. Rəsmi Bakı dəfələrlə açıqlayıb ki, erməni sakinlər Azərbaycan vətəndaşlarıdırlar, bütün hüquqlardan istifadə edə bilərlər.

Beləliklə, F.Şvabe müsahibəsi ilə bir daha təsdiqlədi ki, təmsil etdiyi qurumun insan hüquqları ilə heç bir əlaqəsi yoxdur. Tələm-tələsik verdiyi müsahibədən də görünür ki, Azərbaycana qarşı qəbul etdikləri qərarın arxasında qərəz və ikili yanaşma gizlənir. Ərazi bütövlüyünü və suverenliyini bərpa edən Azərbaycana qarşı çıxardıqları qərar isə birmənalı şəkildə qərəz və ədalətsizliyin pik həddidir. Lakin atdıqları addımların, arxasında gizləndikləri qərar və qətnamələrini Bakı üçün heç bir önəmi olmayıb və olmayacaq da.

Haşiyə: Azərbaycan 2001-ci ildə Avropa Şurasının və AŞPA-nın tamhüquqlu üzvü olub. Bəzi avropalı parlamentarilər ötən gün AŞPA-dakı Azərbaycan nümayəndə heyətinin səlahiyyətlərini sual altına alaraq, nümayəndə heyətinə qarşı ağlasığmaz ittihamlarla çıxış ediblər. Bunu nəzərə alaraq Azərbaycan nümayəndə heyəti AŞPA-da geniş, ətraflı bəyanat yayıb. AŞPA-da mövcud olan dözülməz irqçilik, Azərbaycanofobiya və İslamofobiya mühiti fonunda Azərbaycan nümayəndə heyəti AŞPA ilə əməkdaşlığı və təşkilatda iştirakını qeyri-müəyyən müddətə dayandırmaq qərarına gəlib.

Nümayəndə heyəti bəyanatı səsləndirəndən sonra məkanı tərk edib.

“Report” İnformasiya Agentliyi

www.RIA24.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir