“Hər il 300 quyu qazılırdısa, bu il artıq 400 quyu qazılacaq. Goranboy rayonu üçün də 43 quyu ayrıca nəzərdə tutulub – birlikdə 443 quyu. Onların qazılması üçün bayaq ortaya çıxan suallar var idi ki, bunun üçün Ekologiya və Təbii Sərvətlər Nazirliyinin verdiyi rəqəmlərlə, ölçülərlə quyuların yeri yerli icra hakimiyyətləri ilə birlikdə müəyyənləşdirilib”.
Bunu “Meliorasiya və Su Təsərrüfatı” Açıq Səhmdar Cəmiyyətinin sədri Əhməd Əhmədzadə Prezident İlham Əliyevin yanında su təsərrüfatının vəziyyətinə həsr olunmuş videoformatda keçirilən müşavirədə deyib.
Onun sözlərinə görə, tender sənədləri hazırlanaraq bu işlərə başlanılıb. Belə ki, artıq 200-ə yaxın quyuda işlər tamamlanıb, elektrik enerjisinə qoşulması məsələsi qalıb:
“Biz “Azərişıq”dan xahiş etmişik ki, bunları qoşsunlar, istifadəyə verək. Biz ilin axırınadək 443 quyunun hamısını qazıb istismara təhvil verəcəyik. Yəni, bu quyular çox vacibdir. Cənab Prezident, amma respublikada yeraltı suların səviyyəsinin aşağı düşməsi prosesi də gedir. Əvvəllər quyu saniyədə 40 litr su verirdi, indi 25 litr su verir.
Köhnə quyuların suyu azalıb və eyni zamanda, enerji sərfiyyatı artıb. Bu il biz quraqlığa görə harada ki, su mənbəyi məlumdur, artezianlar və nasos stansiyaları var, orada tam sutka ərzində əhalini su ilə təmin edirik. Bizim artezian quyular içməli suyu, suvarma suyunu seçmir. Harada nə imkan var, eyni zamanda, mal-qara baxılması üçün su verilib. Sizin su təsərrüfatı ilə bağlı gördüyünüz işlərdən kəndlərdəki camaat da çox razıdır”.