Bərdə rayonunda polis əməkdaşları tərəfindən silah-sursat və narkotik vasitələr aşkar edilərək götürülüb.
Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.
Bildirilib ki, Bərdə Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində qanunsuz olaraq silah-sursat əldə edib saxlamaqda şübhəli bilinən rayon sakini, əvvəllər məhkum olunmuş Azər Hüseynov saxlanılıb. Onun yaşadığı ünvana baxış keçirilən zaman 1 ədəd “Kalaşnikov AK-74” markalı avtomat, həmin silaha məxsus daraq və 28 ədəd patron aşkar edilərək götürülüb.
Bundan əlavə polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən rayon sakinləri Kamil Həsənov və Şamil Həsənov saxlanılıblar. K.Həsənovun üzərindən və evindən 2 kiloqram 350 qramdan artıq marixuana, Ş.Həsənovun üzərindən isə külli miqdarda heroin aşkar edilərək götürülüb.
Faktlarla bağlı Bərdə RPŞ-də cinayət işləri başlanılıb, araşdırmalar davam etdirilir.
www.102info.az