Erməni alimi: “İrəvanın əsl tarixi yer altındadır” – VİDEO

Siyasət


Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində sənətşünaslıq üzrə fəlsəfə doktoru Elçin Əlibəylinin təqdimatında “İrəvan şəhərinin yer altında gizlədilən tarixi üzə çıxır” adlı süjet hazırlanıb.

Oxu.Az xəbər verir ki, verilişdə Ermənistan Milli Elmlər Akademiyası əməkdaşlarının təşəbbüsü ilə yer altında olan İrəvanı “Batmış şəhəri bərpa etmək” adı ilə erməniləşdirmək niyyətindən bəhs olunur.

Bildirilib ki, 1827-ci ildə ruslar İrəvanı işğal etdikdən sonra coğrafi mövqeyinə və yaşayış üçün şərait imkanlarını buranı for-postda çevirmək istiqamətində işlədilər: “Osmanlı və İrandan gətirdikləri erməniləri bu ərazidə yerləşdirib, onlara tarix uydurdular və paytaxt qurmağa başladılar. Ermənilər də bu işdə fəallıq edib gerçək tarixi silmək üçün mədəni, tarixi abidələri, bütöv məhəllə və yaşayış yerlərini yerlə yeksan etdilər. Abadlaşmaq adı ilə məscidlər, zadəgan evləri, karvansara və digər memarlıq incilərini dağıtdılar. İndi İrəvanın şəhər mərkəzinin altında Azərbaycan türklərinin yaratdığı böyük şəhər mədəniyyətinin inciləri yatır. Qazıntılar zamanı çıxan izləri tarixi və mədəni cinayətləri üzə çıxmasın deyə, tez ört-basdır edirlər”.

Süjetdə Arxeologiya və Etnoqrafiya İnstitutunun baş elmi işçisi Frina Babayanın, Təhsil, elm, mədəniyyət və idman naziri Arayik Harutyunyanın fikirlərinə yer verilir: “2003-cü ildə Respublika meydanında İrəvanın orta əsrlərə aid tikililərin aşkar edilməsi gözlənilməz olub. İndi yeni hökumət İrəvanın orta əsrlər memarlıq keçmişini təkcə gələcək nəsillərə deyil, həm də indiki nəslə və turistlərə təqdim etmək istəyir. Layihə reallaşarsa, bu, həm də şəhərdə turizmin inkişafına töhfə verəcək. Hələlik yeraltı məhəlləni bərpa etmək üçün nə qədər vəsait tələb olunacağı ilə bağlı heç bir hesablama yoxdur”.

Sonda vurğulanıb ki, hökümətin bu layihədən imtina etməsi daha real görünür: “Çünki qazıntılar altında ermənilərin 200 il ərzində dağıdıb, gizlədikləri Azərbaycan izləri aşkarlanacaq. Onların yeganə ümidi gerçəyin torpaq altında qalmasınadır. Əks halda tarixi cinayətləri, vandalizm əməlləri üzə çıxacaq”.

Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri – qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, xaçdaşlar, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.

Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi “XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin”, – fikrini əsas tutaraq, Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasından irəli gələn vəzifələrin təbliğidir.

Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.

Ətraflı Baku TV-nin süjetində:

www.RIA24.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir