Dünya mediası fevralın 7-də Azərbaycanda keçirilən növbədənkənar prezident seçkilərini diqqət mərkəzində saxlayıb və dövlətimizin başçısı İlham Əliyevin inamlı qələbəsindən yazıb.
AZƏRTAC xəbər verir ki, Prezident İlham Əliyevin seçkilərdə inamlı qələbəsi haqqında operativ xəbərlər Türkiyənin Anadolu İnformasiya Agentliyində, Macarıstanın ingilisdilli xəbər portalı “Daily News Hungary”, “Origo”, “Magyar Nemzet”, “Demokrata” və digər mətbuat orqanlarında yayılıb. Beynəlxalq internet nəşri olan “Breaking News Network Worldwide” isə “Azərbaycanda seçkilərdə yüksək seçici fəallığı: xalq üçün qələbə” sərlövhəsi ilə məqalə dərc edib.
Avropa, ABŞ, həmçinin Yaxın Şərq və Asiyanın, o cümlədən Çin və Pakistanın media orqanları qeyd edirlər ki, seçkilər ilk dəfə Azərbaycanın müasir tarixində ölkənin öz ərazisi üzərində tam nəzarəti əldə etməsi şəraitində keçirilib. Ölkə ərazisinin təxminən 20 faizi 30 il ərzində işğal altında olub.
“Associated Press”, “The Washington Post”, “Euronews” kimi nüfuzlu media orqanları səsvermə günü seçicilərin yüksək fəallığını və əhvali-ruhiyyəsini qeyd edirlər. Jurnalistlərin seçkilərə qədər söhbət etdikləri ölkə vətəndaşları bildirirdilər ki, onlar müzəffər Prezidentə səs verəcəklər, çünki məhz o, uzun illər işğal altında olmuş torpaqları geri qaytarıb. “Euronews” yazır ki, Prezident İlham Əliyevin azərbaycanlılar arasında nüfuzu ölkənin Qarabağ üzərində tam nəzarəti bərpa etməsindən sonra daha da artıb. Bu nəşr öz övladlarının xoşbəxt gələcəyini indiki seçkilərlə əlaqələndirən sadə Azərbaycan vətəndaşlarının sözlərini təqdim edib.
Məqalələrdə Azərbaycan Prezidentinin dediyi “çünki seçkilər bir dövrə yekun vurur. Sentyabr ayında biz elə bir dövrə yekun vurmuşuq ki, bu, epoxal bir hadisədir” fikirləri vurğulanır. Xarici media dövlətimizin başçısının sözlərini sitat gətirərək yazır ki, məhz “işğal olunmuş ərazilərin otuz ildən sonra azad edilməsi və suverenliyimizin bərpası yeni eranın başlanğıcı oldu”.
İtaliyanın nüfuzlu “La Repubblica” nəşrinin müxbirinin azərbaycanlı seçicilərlə söhbətindən sitatlar gətirir: “Mən heç kimə deyil, yalnız İlham Əliyevə səs verəcəyəm”, – deyə Bakıda suvenir satıcısı Şahin Həmidov bildirir. O, daha sonra əlavə edir: “Mənim oğlum da işğal olunmuş ərazilərin azad edilməsi uğrunda döyüşüb. Əliyev bizim torpaqlarımızı qaytardı. O, 30 illik münaqişədən sonra ədaləti bərpa etdi”. “La Repubblica” daha sonra ilk dəfə səsvermədə iştirak edən 20 yaşlı Elmira Cəfərova və Tenzar Əmirovanın Fəvvarələr meydanındakı kafedə, bulvarda uşaq arabası ilə gəzən 30 yaşlı Aydan Abdullayevanın söylədikləri fikirləri təqdim edir: “Biz Əliyevə səs verəcəyik. O, sülh gətirib”.
Digər materiallarda bildirilir ki, fevralın 7-də Azərbaycan Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və ailə üzvləri Xankəndi şəhərində 122 saylı seçki dairəsinin 14 saylı məntəqəsində səs veriblər. Bu şəhərdə ötən ilin noyabrında Vətən müharibəsinin üçüncü ildönümünə həsr olunmuş hərbi parad keçirilib. “Associated Press” yazır ki, bu paradda çıxış edən Prezident deyib: “Biz Azərbaycan xalqının gücünü, iradəsini və əyilməz ruhunu bütün dünyaya göstərdik”.
Nəşrin müxbirləri işğaldan azad olunmuş Füzuli şəhərində seçkiləri izləyərkən seçicilərin səsvermədə necə həvəslə iştirak etdiklərinin şahidi olublar. Onlar yazırlar ki, bu şəhərdə dağıntıların izləri görünür, amma dövlət Füzulini sürətlə bərpa edir, burada artıq sakinlərin qayıdışını göstərən 25 yaşayış binası tikilib.
Bəhreynin “The Daily Tribune” qəzeti Azərbaycandakı seçkiləri sabitliyə və inkişafa sədaqətin nümunəsi olan mühüm hadisə adlandırır, Pakistanın “The Express Tribune” nəşri isə seçkiləri ölkə tarixində dönüş nöqtəsi, hər bir vətəndaşın respublikanın taleyinin müəyyən edilməsinə cəlb olunmasının rəmzi kimi xarakterizə edir.
“The Express Tribune” Azərbaycanın öz ərazilərində suverenliyini tam bərpa etməsini tarixi Zəfər adlandırır. Qəzet yazır ki, bu Qələbə bütün regionun geosiyasi mənzərəsini dəyişib.
Qəzet, həmçinin oxuculara son illərdə Azərbaycanın uğurları və nailiyyətləri haqqında geniş icmal təqdim edir. “Azərbaycan xalqının sosial və iqtisadi rifahı hökumətin təşəbbüsləri sayəsində xeyli yaxşılaşıb”, – deyə nəşrin məqaləsində qeyd edilir. Diqqətə çatdırılır ki, ümumi daxili məhsulun sürətli artımı 2003-cü ildəki 7,3 milyard dollardan 2022-ci ildə 78,7 milyard dollara qalxıb, habelə yoxsulluğun səviyyəsi 44,7 faizdən 5,5 faizə qədər azalıb.
Məqalədə vurğulanır ki, keçmiş məcburi köçkünlər tədricən öz doğma yurdlarına qayıdır, Azərbaycanın beynəlxalq arenada dünya mərkəzi kimi nüfuzu isə ölkənin inkişafı sayəsində yüksəlib. Azərbaycan son illərdə Birinci İslam Həmrəyliyi Oyunları, Formula-1 kimi mötəbər tədbirləri keçirib, yaxın gələcəkdə isə COP29-a ev sahibliyi edəcək. Ölkənin dünyada nüfuzunun artmasının daha bir sübutu onun BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilməsi və Qoşulmama Hərəkatına uğurlu sədrliyidir.
Rusiyanın TASS, “İzvestiya”, RBK, “Vedomosti”, “İnterfaks”, “Nezavisimaya qazeta”, “Komsomolskaya Pravda”, “Arqumentı i faktı”, “Rossiyskaya qazeta”, “Qazeta.ru” media orqanlarında “exit-poll” məlumatlarına əsasən qeyd olunur ki, Prezident İlham Əliyev seçkilərdə 93,9 faiz səslə liderdir. Eyni zamanda bildirilir ki, prezident seçkiləri ölkənin bütün ərazisini, o cümlədən 26 seçki məntəqəsinin açıldığı Qarabağı da əhatə edir. Ölkə böyük dəyişikliklərdən sonra yaranmış şəraitdə növbədənkənar seçkilər keçirir. Prezident İlham Əliyev özü və ailə üzvləri Xankəndidə səs verib.
“Euronews” kanalı “exit-poll” məlumatlarına əsasən yayımlanan təcili xəbərində qeyd edib ki, İlham Əliyev təxminən 94 faiz səs toplayaraq seçkilərdə qalib gəlir, onun Qarabağda nüfuzu isə 100 faizə yaxındır.
Bir çox materiallarda vurğulanır ki, beynəlxalq müşahidəçilər yüksək seçici fəallığı şəraitində keçirilən seçkilərdə hər hansı pozuntu aşkar etməyib. “Vestnik Kafkaza” Federasiya Şurasının Elm, təhsil və mədəniyyət komitəsinin sədrinin birinci müavini İlyas Umaxanovun sözlərini təqdim edib. O bildirib ki, Azərbaycandakı seçkilər Avropa seçkilərindən də yüksək səviyyədə təşkil olunub.
“TASS” Agentliyinin baş direktorunun birinci müavini və MDB-dən olan müşahidəçi Mixail Qusman “NEWS.ru” saytına bildirib ki, Azərbaycanda keçirilən növbədənkənar prezident seçkiləri əvvəlkilərdən yüksək seçici fəallığı ilə fərqlənir. O əlavə edib ki, respublika üçün Qələbə ilə başa çatan müharibə nəticəsində Azərbaycan bu gün ərazisi işğal altında olmayan bir ölkədir. Bu fakt insanların seçkilərdə ruh yüksəkliyinə ciddi təsir edib.
Bakıdakı “Jen Mironosits” pravoslav kafedral kilsəsinin keşişi, Bakı və Azərbaycan Yeparxiyasının katibi Arximandrit Aleksi (Nikonorov) “Moskva-Bakı” portalına müsahibəsində Azərbaycanda hazırkı prezident seçkilərini xüsusi və nadir adlandırıb. Onun sözlərinə görə, bu seçkilər müharibə və sülh epoxaları arasında özünəməxsus keçid xəttidir. O qeyd edib ki, bu gün təkcə 7 illik gələcəyin deyil, həmçinin Azərbaycanın qədəm qoyduğu yeni epoxanın taleyi həll olunur.
Rusiyanın “Birinci” telekanalı Azərbaycandakı prezident seçkilərində yüksək seçici fəallığı haqqında bir neçə reportaj yayımlayıb, “NTV” telekanalı isə Prezident İlham Əliyevin ailəsi ilə birlikdə Xankəndidə səsverməsini əlamətdar hadisə kimi xarakterizə edib.
“Belarus seqodnya” nəşri MDB PA-nın müşahidəçisi, politoloq Oleq Leşenyukun prezident seçkilərinin Azərbaycanın beynəlxalq arenada mövqelərini möhkəmləndirməsi barədə sözlərini təqdim edib. O vurğulayıb ki, seçicilərin yüksək fəallığı xalqın siyasi, iqtisadi və sosial rifahını təmin edəcək səmərəli dövlət idarəçiliyinə marağı ilə əlaqədardır.
Türkiyənin Anadolu Agentliyi işğaldan azad olunmuş ərazilərdə, xüsusən Füzuli şəhərində səsvermənin gedişi, öz evlərinə qayıtmış keçmiş məcburi köçkünlərin seçkilərdə iştirakı barədə yazıb.
“Haber Global” isə yazır ki, 30 il işğal altında olmuş Qarabağda ilk dəfə seçki məntəqələri yaradılıb, bu fakt demokratiyanın təntənəsidir. Həmin ərazilərdə 20 min seçici bu gün həqiqətən də 300 milyon nəfərdən ibarət Türk dünyasının döyünən ürəyidir.
Türkiyənin İHA, “Hürriyet”, “Son dakika”, “Haberler.com”, “Beyaz Gazete”, “TRT-Haber” kimi media orqanları da növbədənkənar prezident seçkilərinin ölkənin bütün ərazisində keçirildiyini vurğulayıblar. Bildiriblər ki, dövlət başçısı bir vaxtlar separatçı ermənilərin əsas şəhəri olan, ötən ilin sentyabrında lokal xarakterli antiterror tədbirləri nəticəsində azad edilən Xankəndidə səs verib. Məqalələrdə, həmçinin seçkilərdə həvəslə iştirak edən azad olunmuş ərazilərdəki insanların – qalib ölkə vətəndaşlarının fikirləri yer alıb.
Xarici mediada, həmçinin İlham Əliyevin qələbəsinin bayram edilməsi də yer alıb. Qeyd olunub ki, respublikanın paytaxtında insanlar Dövlət Bayrağı və Yeni Azərbaycan Partiyasının bayrağı ilə küçələrə çıxıblar, musiqilər səslənir, vətəndaşlar rəqs edirlər. Bu insanlar müxtəlif yaş qruplarına aiddirlər, onların çoxu uşaqları ilə gəlib. Tanınmış türkiyəli jurnalist Fulya Öztürk Heydər Əliyev Mərkəzində canlı yayıma çıxaraq, telekanalın efirində Azərbaycan vətəndaşları ilə söhbət edib.
Azərbaycandakı prezident seçkiləri Qazaxıstan və Qırğızıstanın “Kazinform”, “Zakon.kz”, “Veçerniy Bişkek” və digər media orqanlarında da operativ işıqlandırılıb.
www.RIA24.az