Əməkdar artistdən SƏRT TƏNQİD: “Nə qədər yemək olar? Gözünüz doysun!”

Mədəniyyət


“Bu il 85 yaşım tamam olacaq. Sonuncu dəfə 2019-cu ildə “Qış nağılı” filminə çəkilmişəm. Mən bilirəm ki, xalq məni sevir, hörmət edir. Sevgi azdır, xüsusilə hörmət edirlər. Təvazökarlıqdan uzaq olsa da, bunu deməliyəm. Film təqdimatı idi. İşıqlar sönmüşdü. Mən də gecikmişdim, başqa bir aktrisa da. İçəri daxil olan kimi 7-8 insan ayağa qalxıb mənə yer vermək istədi. Amma bir adam ayağa qalxıb o aktrisaya yer göstərmədi. Bu, hörmətdir”.

Bunu Moderator.az-a açıqlamasında Əməkdar artist Zemfira Sadıqova deyib.

Z.Sadıqova Azərbaycanda kino sahəsini sərt tənqid edib.

“Ölkədə kino yoxdur. Mədəniyyət ölüb. Kinostudiyaya daxil olanda adamın ürəyi ağrıyır. Oraya Adil İsgəndərov kimi adam gəlməlidir ki, kinostudiyanı abad etsin. Rejissorlar aktyorun pulunu kəsirlər. Sponsordan pulu alırlar, amma öz aralarında bölürlər. Aktyora heç nə qalmır. Aktyor ən sonda yada düşür. Pullar yeyilir. Bu sahədə yeyinti çoxdur. Nə qədər yemək olar? Gözünüz doysun! Çəkdikləri filmlərdən heç danışmaq istəmirəm. Film xatirinə film çəkmək olmaz. Kino tamaşaçını özünə nə ilə cəlb edir? İlk növbədə aktyorun xarici görünüşü ilə. Kinoda danışan aktyorun gözləridir. Bizim aktyorlar sözü əzbərləyib ekran qarşısına çıxırlar. Dərk edib danışmaq lazımdır. Məni dəfələrlə verilişlərə dəvət edirlər, amma eyni sualları verirlər. Onlar öz üzərlərində işləmirlər. Məzmunlu bir film olsaydı, böyük məmnuniyyətlə çəkilərdim. Amma elə-belə çay apar, çay gətir və s. səhnələr mənə maraqlı deyil. İşsiz sənətkar heç kimdir. Aktyorun işi olanda o yaşayır, həyatdan stimul alır. Rejissor bilmir ki, tamaşaçını necə cəlb etsin. Burada da açıq-saçıq səhnələrə üstünlük verir. İş orasındadır ki, o əxlaqsızları efirdə o qədər göstəriblər ki, artıq camaat doyub. Mənim evimdə televizor işləmir, heç təmir etmək də istəmirəm. Çünki o danışıqlar məndə o qədər ikrah hissi yaradıb ki… Bəlkə aralarında yaxşı verilişlər olur, amma mənim onlardan xəbərim yoxdur. Mən bütün günü “YouTube”u izləyirəm. “YouTube”da elə filmlər, elə verilişlər var ki, onları izləyəndə insanın günü-gündən dünyagörüşü də artır”, – deyə sənətkar bildirib.

Sənətkar sonda sənətdə yeni addımlayan gənclərə tövsiyələrini də verib.

“Aktyor sənətinə gələn insan fikirləşməməlidir ki, nə qədər pul qazanacaq?! O fikirləşməlidir ki, necə oynayacaq, tamaşaçıları necə ovsunlayacaq?! Əgər bu sənəti sevmirlərsə, gəlməsinlər. Çünki aktyorluq çox ağır sənətdir. Hər kəs bu yükü daşıya bilmir”, – deyə aktrisa bildirib.

www.RIA24.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir