Aİ və Ermənistan Rusiyaya qarşı birləşirlər: Brüssel açıq oyuna hazırlaşır – ŞƏRH + FOTO

Siyasət


Avropa İttifaqı (Aİ) Cənubi Qafqazda sülh prosesinə əngəl olan əsas qüvvədir, Azərbaycana qarşı total hücumda öndə gedənlərin sırasında olub, qarayaxma kampaniyasında aktivlik göstərir, ən böyük üzvü Fransanın diktəsi ilə birtərəfli qaydada Ermənistanı dəstəkləyir. Azərbaycanla şərti sərhədə yaxın əraziyə mülki missiya yerləşdirməsi də çirkin kampaniyanın tərkib hissəsidir. Missiya mütəmadi olaraq ziddiyyətli davranır, Ermənistanın törətdiyi təxribatlara reaksiya verməyir, əvəzində Bakını günahlandırır və bu siyasətini dəyişmir. İrəvan da ittifaqın missiyasını özünün təhlükəsizlik çətiri kimi görür. Baş nazir Nikol Paşinyan hökuməti dəfələrlə Brüsselin patronajlığı ilə Azərbaycanla şərti sərhəddə təxribatlar törədib, gərginlik yaradıb. Aİ missiyası isə susqun şəkildə bu təxribatları kənardan izləyib. İrəvan Avropa İttifaqı missiyasının arxasında gizlənərək öz çirkin niyyətlərini reallaşdırmağa çalışır.

Yeri gəlmişkən, fevralın 20-də bədnam missiya Ermənistandakı fəaliyyətinin ildönümü ilə bağlı brifinq keçirib. Missiyanın rəhbəri Markus Ritter 365 gün ərzində 1 720 patrul fəaliyyəti apardıqlarını xüsusi vurğulayıb. Aİ-nin Ermənistandakı missiyasının rəhbəri Vasilis Maraqos isə iddia edib ki, missiya bölgədə sülhün qorunub-saxlanılmasında mühüm rol oynayıb və bu, onun əsas prinsipidir.

Diplomat rəsmi Bakının missiyanın fəaliyyəti ilə bağlı səsləndirdiyi tənqidlərə gəldikdə, bunların əsassız olduğunu iddia etməyə çalışıb. V.Maraqos son gərginliyə, daha dəqiq ifadə etsək, Ermənistan silahlı qüvvələrinin açdığı atəş nəticəsində Azərbaycan əsgərinin yaralanmasına hələ də reaksiya verməyib, bunun üstündən keçib, əvəzində Bakının cavab tədbirlərini özünəməxsus şəkildə şərh etməyə çalışıb. Tədbir Aİ missiyasının birillik fəaliyyəti ilə bağlı olsa da, bu il sülh prosesi üçün konkret hansı addımlar atılmasına toxunulmayıb. Düzdür, yaddaqalan hadisələr olub. Məsələn, mütəmadi olaraq şərti sərhədə yaxınlaşaraq selfi çəkdirib, binoklla qarşı tərəfə baxıblar.

Yeri gəlmişkən, missiyanın brifinqindən ortaya bir çox məsələlər də çıxıb. Məsələn, tədbirdə səslənən fikirlər arasında daha çox diqqəti cəlb edən Rusiyanın sərt formada ittiham olunmasıdır.

Missiya rəhbəri qəzəblə bildirib ki, Rusiya Aİ missiyasının müşahidəçilərini Zəngəzur vilayətinin (Sünik) Nerkin And yaşayış məntəqəsinə buraxmayıb. Məhz həmin ərazidə şərti sərhəddə təxribat törədən dörd erməni silahlısı məhv edilib. Bu narazılığı Aİ missiya rəhbəri ilə yanaşı, brifinqdə iştirak edən Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qruqoryan də səsləndirib: “Yalnız Rusiya həmin əraziyə giriş imkanlarına malikdir. Lakin Rusiya insidentin qarşısını ala bilməyib”. Onun digər ittihamı isə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) ilə bağlı olub. Aİ-nin missiyasının tərifini göylərə qaldırıb, Moskvanın himayəsi ilə yaradılan hərbi qurumu isə regionda sabitləşdirici rol oynaya bilməməkdə günahlandırıb.

TŞ sədri sonda ümidvar olduğunu bildirib ki, yaxın vaxtlarda ittifaqın missiyasının tərkibində quruma daxil olan bütün ölkələrin nümayəndələrini görməyə müvəffəq olacaqlar. Bundan əvvəl Aİ-nin xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Jozep Borrel də bəyan etmişdi ki, təmsil etdiyi təşkilat Ermənistandakı mülki missiyasının sayını artırır. Məlumata görə, Aİ-nin Şurası Ermənistandakı mülki missiyasını gücləndirəcək, oradakı əməkdaşlarının sayını 138 nəfərdən 209-a çatdıracaq.

Qeyd edək ki, Ermənistanın KTMT-dən çıxması məsələsi ölkədə ən çox müzakirə olunan məsələlər sırasındadır. Rəsmi İrəvan bunu Azərbaycanla müharibədə tərəfsiz qalması ilə əlaqələndirir.

Beləliklə, brifinqi Ermənistan və Aİ-nin Rusiyaya qarşı total hücumuna rəsmən start verilməsi də adlandırmaq olar. Bəllidir ki, Qərbin Ermənistan planında Moskvanın bölgədən sıxışdırılıb çıxarılması prioritetdir. Bundan başqa, hər vəchlə İrəvanın KTMT-dən uzaqlaşmasına və yekunda Rusiyaya məxsus 102 saylı hərbi bazanın ölkədən çıxarılmasına cəhd edilir. Əməkdaşlarının sayının artırılmasının sifarişi də Qərbdən gəlir. Bununla da Kremlə qarşı casus şəbəkəsi genişlənmiş olacaq. Bu şəbəkə əhali arasında anti-Rusiya təbliğatını genişləndirməklə yanaşı, hərbi bazalarından və obyektlərindən məlumat toplanışını həyata keçirəcək. Nəzərə alaq ki, bu ölkədə ABŞ səfirliyi də əməkdaşlarının sayına görə lider mövqedədir. Eyni zamanda, bu ölkədə Vaşinqtonun gizli laboratoriyası da fəaliyyət göstərir.

Qərb Aİ vasitəsilə bölgədə hər vəchlə sabitliyə, əmin-amanlığa qarşı çıxır. Brüsselin “missiya oyunu” da bu planın tərkib hissəsidir. Missiya üzvlərinin sayının artırılması təşəbbüsünün, Rusiyaya qarşı ittihamların hədəf bəllidir: bölgəni Ukraynaya, Suriyaya çevirmək. Artıq bu istiqamətdə plan işə düşüb.

“Report” İnformasiya Agentliyi

www.RIA24.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir