Nizami və Füzuli ərəb dilində: Qətər Milli Kitabxanasında bir sıra tədbirlər keçirildi – FOTO

Mədəniyyət


Fevralın 22-də Azərbaycan Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Qətər Milli Kitabxanasında Azərbaycan Mədəniyyəti Günləri çərçivəsində bir sıra tədbirlər keçirilib.

“Qədim köklərə malik Azərbaycan mədəniyyəti” adlı kitab sərgisi açılıb, Yevgeni Bertelsin ərəb dilinə tərcümə edilmiş “Böyük Azərbaycan şairi Nizami” kitabının təqdimatı olub, həmçinin “Üç dilin şairi – Məhəmməd Füzuli” adlı musiqili-poetik tədbir keçirilib.

Oxu.Az-ın məlumatına görə, tədbirdə çıxış edən Qətər dövlət naziri və Milli Kitabxananın prezidenti Həməd bin Əbdüləziz Əl Kuvari ölkəsi ilə Azərbaycan arasında müxtəlif sahələrdə əməkdaşlığın davamlı şəkildə inkişaf etdiyini vurğulayıb. O, Qətərdə Azərbaycan Mədəniyyəti Günlərinin keçirilməsini mədəni əməkdaşlıq baxımından əlamətdar hadisə kimi dəyərləndirib, ölkəmizin nümayəndə heyətinə uğurlar arzulayıb.  

Azərbaycan Respublikasının mədəniyyət naziri Adil Kərimli də öz növbəsində Qətərdə Azərbaycan Mədəniyyəti Günlərinin təşkilində göstərdiyi dəstəyə görə bu ölkənin mədəniyyət naziri Şeyx Əbdülrəhman bin Həməd Al Taniyə minnətdarlığını bildirib.

“Ölkələrimizin başçıları arasında mövcud olan səmimi dostluq münasibətləri Azərbaycan ilə Qətər arasında müxtəlif sahələrdə əməkdaşlığın yüksək səviyyəyə çatdırılmasında mühüm rol oynayıb. Siyasi və iqtisadi sahədə olduğu kimi, mədəniyyət sahəsində də əməkdaşlığı inkişaf etdirməliyik. Ölkələrimizin zəngin mədəniyyətinin qarşılıqlı şəkildə populyarlaşmasına töhfə verəcək layihələr həyata keçirilməlidir”, – deyə nazir qeyd edib.

Adil Kərimli bildirib ki, Prezident İlham Əliyevin müvafiq sərəncamına əsasən, bu il dünya şöhrətli Azərbaycan şairi və mütəfəkkiri Məhəmməd Füzulinin anadan olmasının 530 illiyi qeyd olunur.

“Orta əsrlər Azərbaycan ədəbiyyatının inkişafında müstəsna rol oynamış Məhəmməd Füzuli öz əsərlərini Azərbaycan, ərəb və fars dillərində yazıb. Onun zəngin yaradıcılığı təkcə Azərbaycanda deyil, bütün dünyada tanınır. Məhəmməd Füzulinin 530 illik yubileyinə həsr olunmuş tədbirin ilk dəfə ölkəmizdən kənarda, Qətər Milli Kitabxanasında keçirilməsi böyük və rəmzi əhəmiyyət daşıyır”, – deyə Adil Kərimli vurğulayıb.   

Tədbirdə Azərbaycan Milli Kitabxanasının direktoru, professor Kərim Tahirov da çıxış edib və iki ölkənin milli kitabxanaları arasında əməkdaşlıq haqqında məlumat verib. O, akademik Yevgeni Bertelsin ərəb dilinə tərcümə edilmiş “Böyük Azərbaycan şairi Nizami” adlı kitabından danışıb.

“XII əsrdə yaşayıb-yaratmış Nizami Gəncəvi Azərbaycan xalqının dünya mədəniyyətinə bəxş etdiyi nadir dahi şəxsiyyətlərdən biridir. “Böyük Azərbaycan şairi Nizami” kitabı bir neçə dilə tərcümə olunub. 1940-cı ildə yazılmış bu fundamental elmi əsərin ərəb dilinə tərcüməsi bütün ərəb dünyasının dahi Azərbaycan şairi və mütəfəkkiri ilə daha yaxından tanış olmasına töhfə verəcək”, – deyə o qeyd edib.

Tədbirdə Məhəmməd Füzulinin həyat və yaradıcılığına həsr olunmuş videoçarx nümayiş olunub. Sonra məclisi-üns baş tutub.

Azərbaycan Yazıçılar Birliyinin katibi, şair, dramaturq İlqar Fəhmi Məhəmməd Füzuli yaradıcılığının ideya-bədii xüsusiyyətlərindən danışıb, onun türk-İslam dünyasında ədəbi fikrə təsirindən bəhs edib.

Məclisi-üns üslubunda keçirilən tədbir ictimaiyyətdə xüsusi marağa səbəb olub. Tanınmış musiqiçilər – xanəndə Babək Niftəliyev və Aytən Məhərrəmova, tarzən İbrahim Babayev, ud ifaçısı İdris Hüseynov və kamança ifaçısı Elnur Mikayılov “Leyli” və “Məcnun” operasından parçalar ifa ediblər. İlqar Fəhminin qiraətində Füzulinin qəzəlləri ərəb dilində səsləndirilib.

Sonda tədbir iştirakçıları “Qədim köklərə malik Azərbaycan mədəniyyəti” sərgisi ilə tanış olublar.

Firəngiz Ağalarova

www.RIA24.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir