Ötən ilin iyun ayında Biləsuvar rayonunun Nəsimi kəndi ərazisində qayınatasını amansızlıqla qətlə yetirən 1991-ci il təvəllüdlü Elşən Şəbiyevə hökm oxunub.
“Qafqazinfo” xəbər verir ki, 1969-cu il təvəllüdlü Azad Almasovu qətlə yetirmiş şəxs – Elşən Şəbiyev Cinayət Məcəlləsinin 120.2.2, 120.2.4, 133.1, 134 və 221.2.2-ci (xuliqanlıq niyyəti və xüsusi amansızlıqla adam öldürmə, əzab vermə, xuliqanlıq) maddələri ilə ittiham edilib.
Araşdırmalar zamanı məlum olub ki, E.Şəbiyev 2016-cı ildə A.Almasovun qızı ilə ailə həyatı qurub. O, 2017-ci ildən mütəmadi olaraq yaşadığı evdə həyat yoldaşına müxtəlif bəhanələrlə dəhşətli işgəncələr verib. Elşən həyat yoldaşının bədəninə dəfələrlə kəsici alət batırıb, onun başını betona çırpıb, əllərini arxadan ayaqqabı ipi ilə bağlayaraq ağlasığmaz formada əzab verib.
Nəhayət, 2023-cü ildə E.Şəbiyevin həyat yoldaşı növbəti belə hadisələrin birindən sonra evdən gedib və polisə müraciət edib. Biləsuvar Rayon Məhkəməsi E.Şəbiyevi Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa yüngül zərər vurma) maddəsi ilə təqsirli bilib və onun azadlığını məhdudlaşdıraraq üzərinə elektron nəzarət cihazı yerləşdirib. Bundan əsəbiləşən E.Şəbiyev qayınatası A.Almasovu ailə işlərinə qarışmaqda günahlandırıb.
Taksi sürücüsü kimi çalışan A.Almasov 8 iyun saat 16:35 radələrində Elşənin istəyi ilə Biləsuvar-Bəhrəmtəpə yolunun 12-ci kilometrində, yol kənarında onunla görüşüb. Bu zaman Elşən hücum edərək özü ilə gətirdiyi bıçaqla qayınatasına çoxsaylı xəsarətlər yetirib. Ağır vəziyyətdə xəstəxanaya yerləşdirilən kişi 3 gün sonra ölüb.
Məhkəmədə A.Almasovun ailə üzvləri Elşənə ən ağır cəza olan ömürlük həbs cəzası tələb ediblər.
Lənkəran Ağır Cinayətlər Məhkəməsinin çıxardığı hökmlə təqsirləndirilən şəxsə 18 il 9 ay həbs cəzası verilib.
www.102info.az