Xocalıdakı qırğın məhz soyqırımıdır – İZAH

Siyasət


1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalıda törədilən qırğının hüquqi təsnifi ilə bağlı müzakirələr bu günə qədər davam edir.

Bəziləri nədənsə Ermənistan ordusunun, SSRİ-dən o zaman Qarabağda miras qalmış 366-cı alayın, Yaxın Şərqdəki vətəndaş müharibələrində təcrübə toplamış “Arabo” batalyonunun iştirakı ilə törədilmiş qırğını soyqırımı kimi qiymətləndirməkdən qaçırlar.

İlk olaraq, Birinci Qarabağ müharibəsi zamanı Ermənistanın keçirdiyi hərbi əməliyyatlar müharibə cinayətləri ilə tam uyğunluq təşkil edir. Xocalıdakı mülki insanların qanına susama aktı isə Ermənistanın azərbaycanlılara qarşı etnik təmizləmə siyasətinin dəhşətli səhnəsi idi.

Hadisənin soyqırımı olub-olmadığını yazının sonrakı mərhələsində izah etməyə çalışacağıq. Hələlik Ermənistanın Xocalıdakı hadisələrə görə ən azından müharibə cinayətləri yurisdiksiyası altında məsuliyyətə cəlb edilməməsi özü beynəlxalq hüququn işləkliyini şübhə altına alır.

Beynəlxalq Cinayət Məhkəməsinin Roma Statutuna əsasən, “müharibə cinayətləri” dedikdə:

– İşgəncə və ya qeyri-insani rəftar, o cümlədən bioloji təcrübələr;

– Qəsdən böyük iztirablara, bədənə və ya sağlamlığa ciddi xəsarət yetirmə;

– Hərbi zərurətlə əsaslandırılmayan və qanunsuz və məqsədyönlü şəkildə həyata keçirilən əmlakın geniş şəkildə məhv edilməsi və mənimsənilməsi;

– Müharibə əsirini və ya digər müdafiə olunan şəxsi düşmən dövlətin qüvvələrində xidmət etməyə məcbur etmək;

– Hərbi əsir və ya müdafiə olunan digər şəxsi qəsdən ədalətli və müntəzəm məhkəmə araşdırması hüququndan məhrum etmə;

– Qeyri-qanuni deportasiya və ya köçürmə və ya qeyri-qanuni həbs;

– Mülki şəxslərin girov götürülməsi,

– Qəsdən hücumların mülki əhaliyə və ya hərbi əməliyyatlarda birbaşa iştirak etməyən ayrı-ayrı mülki şəxslərə qarşı yönəldilməsi;

– Mülki obyektlərə, yəni hərbi təyinatlı olmayan obyektlərə qəsdən hücumların istiqamətləndirilməsi və sair bu kimi hallar təşkil edir.

Yaxşı, Xocalıdakı qətliamın soyqırımı olub-olmaması bir yana, bəs Ermənistan və azərbaycanlılara qarşı aktların ideoloqları və icraçıları qeyri-qanuni hərəkətlərə görə məsuliyyət kürsüsünə çıxarılıblarmı?! Xeyr.

Elə bu faktın özü hadisəyə niyə soyqırımı kimi beynəlxalq qiymət verilməməsinə aydınlıq gətirir. Ortada Ermənistanı mühakimə etməkdən çəkinən və ya onun əməllərinə müxtəlif epitetlərlə don geyindirməyə çalışan qlobal şəbəkə dayanır.

Xocalıdakı hadisələrin hüquqi adlandırılmasına gəlincə, onu məhz soyqırımı kimi qiymətləndirmək lazımdır.

Nəzər yetirək, soyqırımının beynəlxalq hüquqdakı tərifi belədir:

Soyqırımı – milli, etnik, irqi və ya dini qrupu tamamilə məhv etmək niyyəti ilə törədilən cinayətdir.

Yəni burada qurbanların hansı niyyətlə qətlə yetirilməsinin təfərrüatı ön plana çıxır. Ermənistanın bu niyyətini müəyyən etmək o qədər də çətin deyil, çünki bir gecədə törədilən kütləvi qırğın nəticəsində: 

– 613 nəfər, o cümlədən 106 qadın, 63 uşaq, 70 qocanın həyatına son qoyulub,

– 1 275 dinc sakin əsir götürülüb, onlardan 150 nəfərin taleyi hələ də məlum deyil,

– 475 nəfər şikəst olub. Səkkiz ailə bütünlüklə məhv edilib. 25 uşaq hər iki valideynini, 130 uşaq isə valideynlərindən birini itirib.

Bu rəqəmlər özü Ermənistanın milli, etnik, irqi və ya dini qrupu fiziki cəhətdən məhv etmək niyyətinin sübutu hesab oluna bilər. Bu qədər mülki şəxsin müxtəlif üsullarla öldürülməsi erməni təbliğatının “biz Xocalı sakinlərinə dəhliz vermişdik” mifini də dağıdır.

Xocalıdakı bir gecəlik qətliamın adını soyqırımı qoymaq üçün Ermənistanın keçmiş prezidentləri Robert Koçaryan, Serj Sarqsyanın da hadisədən öyünən mövqelərinə diqqət yetirmək lazımdır.

Koçaryandan sitat: “Xocalı faciəsini üstələyəcək faciələr var. Bunlar Sumqayıt və Bakı qırğınlarıdır”.

Deməli, Koçaryan Xocalıdakı hadisələri 1988-ci ilin fevralın 28-də baş vermiş Sumqayıt və 1990-cı ilin 13 yanvarında Bakıda baş vermiş hadisələrlə eyniləşdirərək qisasçılığa bəhanələrlə haqq qazandırır.

Halbuki, Sumqayıt və Bakıdakı hadisələrin motiv və xarakteri tamamilə SSRİ Dövlət Təhlükəsizlik Komitəsinin (DTK) qurduğu oyun idi və ermənilərin etnik cəhətdən məhvini nəzərdə tutmurdu. Üstəgəl, bu hadisələr təhrik edilmiş şəxslərin, o cümlədən elə erməni millətçilərin özlərinin ərsəyə gətirdikləri səhnə idi ki, bu da sübuta yetirilib.

Serj Sarqsyan isə daha həyasız mövqe səsləndirərək: “Xocalıdan əvvəl azərbaycanlılar bizimlə zarafat etdiklərini, ermənilərin dinc əhaliyə əl qaldıra bilməyən adamlar olduğunu düşünürdülər. Biz bu stereotipi qıra bildik”, – deyib.

Təkcə bu ifadəsinə görə Sarqsyan çoxdan beynəlxalq tribunala çıxarılmalı və dəmir barmaqlıqlar arasına göndərilməli idi. 

Hadisələrin mərkəzində olan digər keçmiş hərbçi Samvel Babayan isə yalandan Xocalıda sakinlərə dəhliz verildiyini deyib və o, hadisənin nəticələrindən diqqəti yayındırmaq üçün manevrlər edib.

Hər halda, gəlinən nəticə budur ki, Ermənistanın Xocalıda törətdikləri məhz soyqırımıdır. “Arabo” cəlladlarından ibarət qrupun (sonradan bu təşkilat Azərbaycan Ordusu tərəfindən məhv edildi) hadisələrdəki iştirakı da məhz mülki insanların qətlini nəzərdə tutan fakt kimi qabardıla bilər.

Xocalıdakı qırğın fonunda Ermənistanın müharibədə qadağan edilmiş hərəkətlərinə dair nümunələr göstərir ki, o:

– Sülh və insanlıq əleyhinə cinayətlərin,

– Müharibə cinayətlərinin təsir qüvvəsinə salınmalıdır.

Aqşin Kərimov

www.RIA24.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir